Yazıçı Elçin Hüseynbəyli “Əgər hamı…” erməni filminin ssenarisini plagiat adlandırıb. O, filmin özünə məxsus “Gözünə gün düşür” hekayəsi əsasında çəkildiyini iddia etdikdən sonra Müəllif Hüquqları Agentliyindən (MHA) kömək istəyib. Ədəbi mühitdə daha kimlər MHA-ya müraciət edib və vaxtlı-vaxtında öz əsərlərinə müəllifliklərini isbatlayan şəhadətnamə alıb?
Xalq yazıçısı Əkrəm Əylisli Modern.az-a açıqlamasında bildirdi ki, o heç bir əsərini qeydiyyatdan keçirməyib. “Mən öz əsərlərimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirməmişəm. Çünki əsərlərimin oğurlanmasını güman etmirəm və bundan ehtiyatlanmıram”.
Yazıçı-tərcüməçi Yaşar da MHA-ya müraciət etməyə ehtiyac olmadığını vurğuladı. Onun fikrincə, hər hansı yazıçının, şairin əsəri oğurlanırsa, həmin şəxslər qürur hissi duymalıdırlar. Müqayisəli təhlillərlə öz fikirlərini bildirən yazıçı dünya praktikasından nümunələr də gətirdi. “Çox gözəl olar ki, kimsə mənim əsərimi oğurlasın, onun əsasında nəsə yazsın. Əslində, belə bir halın olması əsərə verilən ən böyük qiymətlərdən biridir. Məşhur yazıçıların əksəriyyətinin əsərləri başqaları tərəfindən süjet və struktur götürülməklə dəfələrlə işlənir. Kiminsə yazarın əsərini yenidən işləyərək yeni bədii sənət nümunəsi ortaya qoyması elə həmin yazıçının böyüklüyündən xəbər verir. Əsərlərimin plagiatlıqla işlənməsini dəqiq bilmirəm, bununla bağlı heç araşdırma da aparmamışam. Amma çox sevinərdim ki, kimsə mənim əsərlərimi oğurlasın, onun əsasında nəsə yaratsın. Bir neçə dildə mənim hekayəm çap olunub, bir neçə il bundan qabaq ermənicə də çap olunmuşdu. Əgər hansısa erməni əsərimdən təsirlənib, yeni bir şey ərsəyə gətirsə, onu müsbət qarşılayaram, çünki qiymətli əsərdən yararlanarlar və bu çox normal bir haldır. Təki mənim yazdıqlarıma oxşarları yaransın. Məsələn, Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı Mixail Bulqakovun “Master və Marqarita”sının eynilə təkrarıdır. Düzdür, Markesin yazdıqlarının Moskvaya dəxli yoxdur, lakin struktur eynilik təşkil edir. Ancaq bu hər iki əsərin dəyərini qiymətdən salmır. Nə oldu? Heç bir şey. Hətta ona Nobel mükafatı da verdilər. Burada söhbət bədii əsərin təbiətindən və keyfiyyətindən gedir. Başqa bir misal çəkim. Dünya romanının başlanğıcı sayılan “Qırmızı və Qara” romanı qəzetdə çapa gedən bir informasiyadan əxz olunub. Yəni bu əsərin təsir mənbəyi həmin qəzetdə gedən bir xəbər olub və həmin məlumat tələbənin öz məşuqəsini öldürməsi haqqındadır. Necə olmalıdır? Durub həmin informasiya mənbəyi bu romanı yazanı məhkəməyə versin?! Füzulinin “Leyli və Məcnun”u bütün dünyada qəbul olunur ki, mükəmməldir. Şərqdə çox dahi “Leyli və Məcnun” haqda yazıb. Amma Füzuli təsirlənib şedevr yaradıb. Burada qeyri-adi nəsə yoxdur. Kinoda, musiqidə və digər sənət nümunələrində bir-birindən “oğurluqlar” olur. Yenə deyirəm, mənim əsərlərimi kimsə plagiatlıqla öz adına çıxarsa mən bununla fəxr edərəm”.
Şair Vaqif Bayatlı isə ümumiyyətlə belə bir şeydən xəbərsiz olduğunu dedi. “Mən heç əsərləri qeydiyyatdan keçirməyi bilmirəm. Birinci dəfədir belə bir şey eşidirəm. Amma mənim öz əsərlərim neçə dəfə oğurlanıb. Azərbaycan daxilində də bunun şahidi olmuşam. Sizin soğrunuzdan sonra Müəllif Hüquqları Agentliyinə müraciət etməyi lazım bilirəm”.
Xalq şairi Fikrət Qoca isə MHA-nın öz işini lazımınca yerinə yetirə bilməməsindən şikayətləndi. “Əsərlərimi qeydiyyatdan keçirməmişəm, çünki onlar bir iş görmürlər. Müəllif Hüquqları Agentliyi müəyyən istiqamətdə müsbət addımlar atsa da, ümumilikdə fəaliyyəti qənaətbəxş deyil. Durub qapı-qapı gəzib, bu işləri həll etmək mənim işim deyil”.
Şair Vahid Əziz bir neçə il bundan qabaq əsərlərini qeydiyyatdan keçirdiyini bildirdi. “Qeydiyyatdan keçirmişəm və bizə bununla bağlı vəsiqə də veriblər. Ədəbi oğurluğa gəlincə, bu artıq adi hal alıb”.