Məşhur teleaparıcı, Rusiyada bir çox televiziya mükafatlarının laureatı Tina Kandelaki Rusiyanın “Vzqlyad” qəzetinə müsahibə verib. Onun bir çox internet-layihələrində (PostTV, Apostol Media Qrup) iştirak etdiyi bildirilir. Televiziya sahəsində uğurlu karyerasına rəğmən, nəyə görə internet-layihələrdə iştirak etməsi barədə suala cavab verərkən Tina Kandelaki “mən öz yaxınlarımla teleqram, ən pis halda peycerin köməyi ilə əlaqə saxlaya bilərdim. Ancaq mən e-mailə üstünlük verirəm. Mən interneti seçirəm, onunla bərabər gələcəyi seçirəm” deyib.
Jurnalistin “Bu gün media ictimaiyyəti arasında ən çox bu mübahisə gedir: İnternet kağız Kütləvi İnformasiya Vasitələrinə, televiziyaya qalib gələ biləcək ya yox? Sizcə, İnternetdə deyilən üstünlüklər varmı” sualına məşhur teleaprıcı belə cavab verib:
Mən hesab edirəm ki, İnternet qalib gələcək. Düzdü, bir çoxları deyir ki, nə qədər qəzet oxuyanlar var, İnternetin qələbəsi birmənalı olaraq mümkün deyil. Amma unutmayaq ki, İnternetsiz bir gününü belə təsəvvür edə bilməyən gənc nəsil yetişir. Bəzi anlarda özündə bir çox üstünlükləri olan telefon da əhəmiyyətli rol oynayacaq və bu istər şəxsi, istərsə də ümumi informasiyaların alınmasına kifayət edəcək.