Televiziyanın imkanlarından nə zaman istifadə edəcəyik?

“O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq yalnız o halda ki insanlar ondan müvafiq şəkildə istifadə edə bilsinlər. Əks təqdirdə o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur”.
Televiziyanın həyatımızdakı rolundan bəhs edən bu fikirlər məşhur amerikalı jurnalistlərdən biri tərəfindən hələ neçə illər bundan əvvəl deyilib. Mən isə neçə vaxtdır ki, televiziyalarımız barədə yazmamaq üçün özümlə mübarizə aparırdım. Bu mövzudan qaçırdım, ancaq bacarmadım. Görünür, vətəndaşlıq hissim qalib gəldi; laqeyd qala bilmədim…

Etiraf edək ki, Azərbaycan televiziyalarında istər aparıcıların, istərsə proqramların səviyyəsi günbəgün aşağı düşür. Bəzi televiziyalarımız Azərbaycan ədəbi dilinin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği barədə qətiyyən düşünmürlər. İnsanları narahat edən məsələləri işıqlandırmaq, aktual problemləri müzakirə etmək əvəzinə qeyri-ciddi proqramlar təqdim edir, və bir çox hallarda tamaşaçı üçün maraq kəsb edən məsələlərə dırnaqarası ekspertlər vasitəsilə aydınlıq gətirməyə çalışırlar.

Əksər hallarda nitq mədəniyyəti zəif olanlar, jurnalistika fakültəsi ilə yaxından və ya uzaqdan əlaqəsi olmayan insanlar aparıcılıq edirlər. Və çox vaxt danışıqları, efirdə davranışları onların jurnalistikadan bixəbər olduqlarını açıq-aydın büruzə verir. Doğrudan da, qeyri-ixtisas sahiblərinin jurnalistlik eşqinə düşmələri onları tez-tez gülünc vəziyyətə salır. Televiziya rəhbərləri isə sanki bunu görmürlər.
Təqdirəlayiq haldır ki, bu kimi halların qarşısını almaq üçün yollar düşünənlər də var. Bakı Dövlət Universiteti və Təhsil Nazirliyi ayrı-ayrı ixtisas sahələri üzrə peşəkar jurnalist kadrlarının hazırlanması məqsədilə dəqiq, təbiət və humanitar elmlər sahəsində bakalavr və magistratura pillələrini bitirən, jurnalistikaya meyilli insanların elə bu ixtisas üzrə əlavə təhsil almaları üçün müsabiqə elan edib. Ümid edək ki, bu, problemin həllinə bir xeyli kömək edəcək.

Ancaq televiziyadakı problemlər təkcə aparıcılarla bitmir. Verilişlərdə qonaq qismində iştirak edənlərin özləri də neqativ halların yaranmasına səbəb olurlar. Onların bir çoxu gündəlik qayğılarını həll edə bilməyən insanlardır ki, cəmiyyətə ekspert qismində təqdim edilirlər. Əslində, televiziya da kitab qədər müqəddəsdir. İnsanlar televiziyadan bir çox şeylər mənimsəyirlər. Amma gəlin düşünək: efirdə bayağı ifadələr səsləndirən, şit hərəkət edənlərdən azyaşlılar nə öyrənəcək, nə mənimsəyəcək?!
Halbuki televiziya bizə asan və ucuz yolla ən yaxşıları təqdim edə bilər. Əhaliyə müsbət istiqamətdə təsirgöstərmə baxımından böyük imkanlara malikdir. Televiziyanın borcudur ki, ən yaxşı insanları, ən yaxşı proqramları, ən yaxşı filmləri, musiqiləri və s. yaxşıların yaxşısını təqdim etsin. Yox ki, efirə çıxmaq şanslarından istifadə edərək kim nə istəyir, necə istəyir, ölçüb-biçmədən, düşünmədən danışmaqla gündəmi məşğul etsin. Bəli, əksər televiziyalar gündəlik reytinqi düşünür. Vətənpərvərlik hissləri aşılayan, intellektual, insanların maariflənməsinə, savadlanmasına, əylənərək öyrənməsinə yardımçı olan verilişlər hazırlamaq barədə isə düşünən nədənsə gözə dəymir. Ölkəmizin keçmişi və bu günü haqqında, mədəniyyət, ədəbiyyat, elm xadimlərinin, ekspertlərin fikirlərinin yer aldığı proqramlar, əlillərin, veteranların, şəhid ailələrinin problemlərini işıqlandıran mövzularda hazırlanan verilişlər də barmaqla sayılacaq dərəcədə çox azdır.

Yəqin ki, bir çoxunuz artıq mənim kimi Azərbaycan kanallarına baxmaqdan imtina etmisiniz. Bu imtina nə işlərimizin çoxluğu, nə də digər qayğılarımızla əlaqədardır. Bizi qaçıran bərbad proqramlar, o cümlədən təqdimatlardır. Qaçmaq isə ən asan yoldur. Lakin mən, sən, o – bir sözlə, səviyyəsiz proqramlardan uzaqlaşan bizlər haraya qədər qaçacağıq? Yaxşı, biz qaçdıq, bəs övladlarımız? Onları necə qoruyacağıq? Bəlkə, bir az da bu barədə düşünək?! Elə buna görə də fikirləşdim ki, bu mövzudan qaçmaq yox, bu məsələni daha da qabartmaq, problemin üstünə getmək lazımdır.

Axı nə vaxta qədər televiziyalarda meydan verilənlər: şəxsi ailə qayğıları başlarından aşan, problemlərini həll edə bilməyənlər bizə ailə dərsləri; namus, qeyrət barədə anlayışları olmayanlar bizə namus dərsi; vicdan, insaf kimi hisslərdən məhrumlar bizə vicdan dərsi keçəcəklər?! İnanın, mən hər dəfə efirdə özlərini “huri-mələk” kimi təqdim edənlərlə qarşılaşanda xəyal qırıqlığına uğrayıram. Elə insanlar var ki, onların əməlləri ilə sözləri, televiziyalardakı pafoslu çıxışları arasında dağlar qədər fərq var. Düzü, mən o insanları qınamaq, aşağılamaq fikrində də deyiləm. Onları da Allah yaradıb. Ancaq hər kəs öz yerini bilsə, öz qüsurları üzərində çalışsa, daha yaxşı olar. Zənnimcə, həmin insanların özlərinin psixoloji yardıma ehtiyacları var.

Mən demirəm ki, onları tamamilə efirlərdən uzaqlaşdıraq və bir çoxlarımıza görünməyən dağınıq həyatları ilə baş-başa qoyaq, yox, əksinə onları efirlərə dəvət etmək olar, amma başqa – problemli insanlar qismində. Məsələn, televiziyalara şəxsi həyatlarında, işlərində, əməllərində nümunəvi olan insanlar dəvət oluna bilərlər. Və bu insanlar bilikləri ilə hazırda efirlərimizi zəbt edənlərə, o cümlədən bütün tamaşaçılara nümunə olmaqla yanaşı, həm də onların problemlərinin həllinə yardımçı ola bilərlər.

Görəsən, nə vaxta qədər yerli kanallarımızın biz tamaşaçılara olan qeyri-ciddi münasibətinə göz yumacağıq? Peyk və ya kabel televiziyası vasitəsilə maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarının axtarışı nə qədər davam edəcək?

Gəlin hər birimiz bu və ya digər yolla öz etirazımızı bildirək, səviyyəsi aşağı olan verilişlərdən imtina edək. Ən azından səsimizi duyan birisi tapılar, tamaşaçıları bu rəzil proqramlardan xilas edər…
Bəlkə, bəxtimiz gətirər, yazdıqlarımızı hörmətli televiziya rəhbərlərimizdən biri oxuyar və bir vətəndaş olaraq televiziyalarımızın günbəgün bataqlığa düşən durumundan narazılığımızı görüb müəyyən addımlar atar… Hər halda biz geri çəkilməyək!..

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO