Bir müsəlman kimi daim öz nəfsimə də, ünsiyyətdə olduğum bütün insanlara da bir tövsiyə edirəm: ətrafınızda baş verən hər şeyə Quran və dürüst hədislər məntiqi ilə baxın. O zaman çox şeyin mahiyyəti sizə məlum olacaq, bir çox həqiqətləri aydın görəcəksiz. O zaman sizi aldatmaq, uyutmaq istəyənlərə aldanmayacaqsız. Ruhunuz, əsəbləriniz taraz, işləriniz sahmanlı olacaq. Sizi əzmək istəyən Şərə müqavimət göstərə biləcəksiz. Əks təqdirdə ömür boyu aldadılacaq və özünüz də aldatmağa məcbur olacaqsız. Bu minvalla dünya həyatınızın sonunadək zahirən rahat yaşasanız belə, vicdanınız, ruhunuz əzablar içində olacaq…
İnsanları günah etməyə vadar edən onların İblisə bağlı nəfsidir. İblis insanları yoldan çıxarmaq üçün kafir cinlərdən də istifadə edir. Yaydakı yazılarımdan birində oxuculara cinlər barəsində yazacağıma söz vermişdim. Ancaq Modern.az-da həmkarım Anzulə xanımın televiziya haqqındakı yazısını oxuduqdan sonra əsasən telekanallarımızdakı cinlərdən bəhs etmək qərarına gəldim…
Özlərini elmli, savadlı sayan bəziləri cinlərin varlığı barədə danışmağı xurafat əlaməti hesab edirlər. Ancaq qəribədir ki, həmin insanların çoxu başqalarını müəyyən dünyəvi fayda, qazanc naminə uydurduqları yalanlara inandırmaq üçün Qurana and içirlər. O zaman təxminən belə bir dialoq alınır:
– Qurana inanırsan?..
– Bəli.
– Bəs necə inanırsan ki, onun cinlər barədəki ayələrini inkar edirsən?..
-…
Çoxumuzun ikiüzlülüyü elə buradan bəlli olur. Qurana and içirik, amma onun bir sətrini belə oxumamışıq… Allahın sonuncu Kitabında cinlər haqqında 10 surədə və təxminən 40 ayədə bəhs olunur. Və ayrıca “Cin” surəsi vardır. Cinlərin mövcudluğuna şübhə etmək Qurana, mələklərə, Axirətə şübhə etməkdir. Yaradanın insanlardan əvvəl oddan xəlq eydiyi İblisdən törəyən cinlər də kafir və müsəlman olurlar. Kafir cinlərə şeytan, ifrit(ə), yaxud əcinnə deyirlər. Cinlər də bizim kimi yeyir-içir, ailə qurur, nəsil artırırlar… “Cin” ərəbcə “gözəgörünməz” sözündən yaranıb. Elə çox zaman gözə görünmədiyi üçün də çoxları cinə-şeytana inanmır. Bu məntiqlə, əstəğfürullah, gərək Allaha da, mələklərə da inanmayasan. Kainatda çox şey gözə görünmür. Məsələn, udduğumuz hava gözə görünürmü? Gündəlik istifadə etdiyimiz mobil telefon, yaxud radio, televizor, internetdə bir-birimizin səsini, əksini gözəgörünməz elektromaqnit dalğaları vasitəsilə eşidir və görmürükmü? Hər gün, hər an heç bir maneə bilmədən yanımızdan, bədənimizdən, divarlardan və s. keçib gedən həmin dalğaları görə bilirsinizmi? Bəs onlara niyə inanırsız?..
Hədislərdə var ki, cinlər bir çox formalara girərək əsasən çirkli, kimsəsiz, xaraba yerlərdə, ayaqyolu və hamamlarda olurlar. Ancaq Allahın adı çəkilən, ixlasla namaz qılınan, Quran oxunan mənzil və məkanlara daxil ola bilmirlər. Deməli, Yaradanın adı anılmayan, günah edilən istənilən yerdə kafir cinlər- ifritələr, əcinnələr asanlıqla öz işlərini görə bilir, insanları Allah yolundan çıxartmaq üçün İblisə yardımçı olurlar. Müasir dövrümüzdə şeytanların fəaliyyətinə meydan verən məkanlardan biri də telekanallardır…
Televiziya müasir günümüzdə ən önəmli təbliğat və tərbiyə vasitələrindən biridir. Pedaqoq təcrübəmdən də gözəl bilirəm ki, televiziya uşaq və yeniyetmələrin tərbiyəsində çox zaman valideyn və məktəbin rolunu üstələyir. Uşaqlar valideynlərindən, müəllimlərindən çox sevdikləri filmin qəhrəmanına, yaxud pərəstiş etdikləri müğənniyə bənzəmək istəyir, onları təqlid edirlər. Yəni, telekanalların təqdim etdiyi nümunələri azyaşlılar, hətta gənclər və bəzi yaşlılar da nümunə, etalon kimi qəbul edir və həyatlarını onlara uyğun qururlar. Odur ki, telekanallardakı aparıcıların, aktyor və müğənnilərin kimliyindən çox şey asılıdır. Nə yazıqlar ki, son vaxtlar dünya, eləcə də Azərbaycan telekanallarında əksərən dini-imanı, nəsil-nəcabəti, kimliyi, cinsiyyəti belə, bəlli olmayan, savadsız, elmsiz, nadan kəslər meydan sulayır. Aparıcıların, müğənnilərin Allaha, İslama, milli mənəviyatımıza zidd açıq-saçıq geyimləri, şit, bayağı danışıq və davranışları normal əxlaqa malik insanda o dərəcədə ikrah, nifrət oyadır ki, bunların doğrudan da əcinnə, ifritə olduqlarını, İblisdən, şeytandan törədiklərini düşünürsən. Gündə bir cildə, maskaya, qiyafəyə girən, saçının rəngini iki saatdan bir dəyişən, yarıçılpaq, bədəninin bütün əzalarını oynadaraq atlanıb-düşən kəslərə cin deməyəsən, nə deyəsən?.. Əslində Qiyamətin bir çox əlamətlərinin nazil olduğu, əksəriyyətin Allahın buyruqlarına əməl etmədikləri indiki axirəz-zamanda hər şey mümkündür…
Peyğəmbərimiz bir hədisində buyurur:”Aranızda yadlaşmış kimsələr var”. Soruşurlar ki, kimlərdir onlar, ey Allahın Rəsulu! O Həzrət(s) cavab verir: “Bunlar cinlərin də onlarla ortaq olduğu kimsələrdir”(Ət-Tirmizi, əl-Hanin, Nəvadirul-Üsul).
Yəni, belələri o kəslərdən törəyib ki, onlar Yaradanı unudaraq gündəlik işlərdə, o cümlədən öz xanımı ilə təmas zamanı “Bismillah” deməyiblər, kəbinləri də olmayıb… Belə bir hədis də var: “Bir kəs öz xanımı ilə təmas zamanı Allahın adını çəkməzsə, həmin prosesdə şeytanlar da iştirak edər”… Və dünyaya gəlmiş övladda şeytanın da payı olar…
Bəzi hədislərdə cinlərin insanlarla evlənməsinin mümkünlüyü də söylənilir. Əbu-Hüreyrənin Peyğəmbərimizdən(ə.s.)rəvayət etdiyi hədisə görə, Süleyman peyğəmbərin(s) zamanında yaşamış Səbə kraliçası Bilqeysin anası cin olub…
Bir düşünün: dünyada və məmləkətimizdə, hələ qədimləri demirəm, son 50-100 ildə nə qədər namaz qılmayan, ömür boyu qüsulsuz gəzən, heç bir işdə Allah adı çəkməyənlər, nə qədər zinakarlar və zinadan doğulan vələdüzzinalar olub və var… Belələrindən törəyənlər kimdir və kim olacaq?..
Belə nəticəyə gəlmişəm ki, son 15-20 ildə siyasətdə, jurnalistikada, ədəbiyyatda, incəsənətdə, o cümlədən telekanallarda məşhurlaşdırılıb bizə “dərs” keçən iblisxislətli, əcinnəgörkəmli kəslər məqsədli şəkildə meydana atılıb. Belələri və bu sırada telekanallardakı adamaoxşamaz əcinnələr də Azərbaycan sakinlərinin nəsil-şəcərələrini “KQB” şəbəkəsi sayəsində mükəmməl öyrənmiş mason-sionist sistemi tərəfindən mütəmadi olaraq seçilir, yetişdirilir, müəyyən olunmuş sahəyə yerləşdirilir, maliyyələşdirilir və kütləvi reklam olunaraq məşhurlaşdırılır… Məqsəd onların vasitəsilə insanları islamdan və milli köklərindən uzaqlaşdıraraq kafirlərin Vahid Dünya hakimiyyətinə uyğun kosmopolitləşdirilmiş, manqurtlaşdırlmış və zombiləşdirilmiş bir kütlə yetişdirməkdir…
Telekanallarımızdakı əcinnələrin adlarını çəkib “Modern.az”ın səhifələrini murdarlamaq istəmirəm. Məsələyə dürüst yanaşılsa, cəmiyyətə, gənc nəslə əxlaqsızlıq, mənəviyyatsızlıq təlqin etdiklərinə görə bunların hamısına cinayət işi qaldırılmalıdır… Çarə ona qalıb ki, özümüz ayıq nəzərlərlə baxıb bu teleəcinnələrin siyahısını tutaq və ailə üzvlərimizı, xüsusən uşaqları o şər məxluqlardan uzaq saxlayaq. Bir sözlə, hamılıqla onları boykot edək. Bununla biz ailələrimizin, nəsillərimizin, millətimizin, islam ümmətinin və son nəticədə bəşəriyyətin gələcəyi üçün böyük xidmət göstərmiş olarıq…
Şeytanların, əcinnələrin insanlardan da törəyə biləcəyinə ən bariz sübut və onlardan ən yaxşı qorunma vasitəsi Allahın Öz Kitabının sonuncu – Nas surəsində Peyğəmbərimizə(s) xitabən söylədikləridir:
“Ya Peyğəmbər! De: pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların Tanrısına; Vəsvəsə verən, Allahın adı çəkiləndə isə qorxusundan qaçıb gizlənən şeytanın şərindən; O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır; O şeytan ki, cinlərdən də olur, insanlardan da”…