“Əvvəlki illərə nisbətən hazırda Azərbaycan teleməkanında milli-mənəvi dəyərlərə yer verilən verilişlərin sayı artıb”. Bunu Salamnews-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını söyləyən MTRŞ sədri deyib ki, əvvəllər bu sahədə pozuntu halları daha çox olub, amma indi vəziyyət müsbət istiqamətdə dəyişib: “Biz istəyirik ki, bu sahədə vəziyyət daha da yaxşılasın, Azərbaycan teleməkanında intelektual, maarifləndirici və milli-mənəvi dəyərlərə yer verilən verilişlərin sayı daha da artırılsın. Təbii ki, bu sahədə işlər görülür. Amma bu işlərin daha da artırılması üçün telekanallarla daim məsləhətləşmələr aparırıq. Bilirsiniz ki, özəl teleradio yayımçıları reklamdan və sponsordan gələn maliyyə hesabına fəaliyyət göstərirlər. Bu baxımdan, dövlət büdcəsindən maliyyələşən teleradiolar ilə özəl teleradiolar arasında müəyyən fərqlər mövcuddur. Ona görə də dövlət büdcəsindən maliyyələşən teleradiolar reklama deyil, ictimaiyyətin maraqlarını daha çox təmin etməlidirlər”.
“Azad Azərbaycan” Televiziya və Radio Yayımları Şirkəti (ATV) ilə bağlı N.Məhərrəmli bildirib ki, bu telekanallarda verilişlərin milli-mənəvi dəyərlərə cavab verməsi üçün müəyyən zaman lazımdır: “İzdivac verilişlərinin dayandırılması ilə əlaqədar bizim telekanal icraçıları ilə görüşümüz olub. Görüş zamanı telekanal icraçıları izdivac verilişlərinin növbəti mövsümdən dayandırılacağını deyiblər. Təbii ki, biz də bu cür verilişlərin Azərbaycan teleməkanında olmamasını istəmirik. Həmin izdivac verilişləri Azərbaycan üçün deyil, daha çox Avropa dövlətlərinə xarakterikdir. Azərbaycanda ailə məsələsi hər zaman müqəddəs hesab olunub. Ona görə də biz bu cür məsələlərin adiləşdirilməsinin tərəfdarı deyilik.