Telejurnalist Mehriban Cəfərova: “ANS-dən Space-ə gələndə, sanki sanatoriyaya düşdüm”

“Səddam Hüseyn tutulanda məni İraqa göndərmək istəyirdilər”

Modern.az saytı telejurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu dəfə əməkdaşımızın suallarını bir vaxtlar “Space”də ilk aparıcılarından olan, hazırda jurnalistikadan kənarlaşan Mehriban Cəfərova cavablandırır.

– Mehriban xanım, jurnalistikada çalışanların bir qismi sizi tanıyır, amma tanımayanlar da çoxdur. Mümkünsə, özünüz barədə bir qədər geniş məlumat verin.

– 1996-1997-ci illərdə ilk dəfə televiziyaya, ANS-ə gəlmişəm. Televiziya mənə maraqlı gəldiyi üçün jurnalist kimi işləmək qərarı verdim. Bu həvəsi məndə Mirşahin Ağayev oyatdı, ilk müəllimim də o oldu. Və sonra bütün başqa sahələr mənə maraqsız gəldi. Çünki başqa heç bir yerdə bu cür iş tempi yoxdur. Nəzərə alsaq ki, rus dilində təhsil almışam, ilk növbədə doğma dilimizi mükəmməl öyrənməyə çalışdım. Bunda da Mirşahinin çox böyük rolu oldu. O, bizə Cəlil Məmmədquluzadəni oxumağı tövsiyyə edirdi. Bir zamanlar hətta fikirləşirdim ki, televiziyada işləyənlərin əksəriyyəti Jurnalistika fakültəsini bitirib və məndən çox bilirlər. Onların dərsliklərini əldə etdim, “Molla Nəsrəddin” jurnallarını belə, oxudum. Lakin baxdım ki, orada yazılanların mənim gördüyüm işə heç bir aiddiyatı yoxdur. Hər halda televiziya jurnalistikasında çox şey təcrübə və qavrama qabiliyyətindən asılıdır. Əslində tibb sahəsində aldığım təhsilin məndə formalaşdırdığı yaxşı yaddaşın da köməyi oldu.

– ANS-ə gəlişiniz necə oldu?

– Tamamilə təsadüfən. Rəfiqəmin yanına gəlmişdim, oradakı insanlarla tanış oldum, maraqlı gəldi, qalası oldum. O vaxt ANS-in elə bir zamanı idi ki, xəbərlərdə cəmi 5-6 nəfər işləyirdi, çox kiçik kollektiv idi. Vaxt var idi, maşın yox idi, çəkilişə piyada gedirdik. Hətta yadımdadır, qış vaxtı idi, qar yağmışdı, gecə evə də gedə bilmirdik, orada qalırdıq. Bizi çəkilişə göndərdilər, balaca kameramız var idi, operatorun əlləri donanda kameranı mən saxlayırdım, mən üşüyəndə o. Hər kəs bir məqsədə qulluq edirdi – ən yaxşı xəbər buraxılışı hazırlamaq…

– Tibb, iqtisadiyyat və jurnalistika…. Bir-birindən fərqli sahələrdə təhsil alıb jurnalist işləmək, necə alındı?

– Məncə təhsilin yox, biliyin önəmi var. Ümumiyyətlə jurnalistikada hər hansı standart ola bilməz. Televiziya isə ümumiyyətlə başqa aləmdir-ona heç bir universitetdə yiyələnmək mümkün deyil. Burada xususi adaptasiyaya və təcrübəyə ehtiyac var. Hətta bizim televiziyalarda bütün böyük jurnalistlərin də təcrübəsindən artığı lazımdır. Dəfələrlə müxtəlif treninqlərdə və kurslarda olmuşam. Öyrətdikləri maraqlı olsa da, bizim şəraitimizdə həyata keçirmək mümkün deyil. Götürək, Vladimir Poznerin tok-şousunu… Özünun keçirdiyi kurslarda verdiyi məlumata görə, programın 42 redaktoru var. O efirdən bir saat əvvəl gəlib, suallarla, toplanan məlumatlarla tanış olub, sohbətini aparıb çıxıb gedir. Mən də oxşar formatda olan “Nəbz” proqramını aparırdım. 42 redaktorun da, produserin də işini bizdə tək görursən. Vaxtın çatmayanda qrimçi də olursan, texnik də. Bu gün televiziyalarımızda şərait müəyyən qədər yaxşılaşsa da, kadr resurslarının çatışmazlığı hələ də qalmaqdadır. Ümumiyyətlə, bizim, ORT, RTR-ə çatmağımıza hələ çox var.

– Hər zaman ANS-də iş rejiminin çətin olduğunu deyirlər, bəs siz bu sistemə necə adaptasiya oldunuz?

– Boş vaxtımız olurdu ki… O vaxt ANS-də bir sistem var idi, nəbadə 5 dəqiqə bekar qalasan. Dərhal sənin uçün bir iş tapılırdı. Ümumiyyətlə, mən ANS məktəbini heç yerdə görməmişəm. Hətta Space-də işləyəndə müsahibə vermişdim ki, “mənim müəllimim Mirşahin olub”. Onda hamı mənə deyirdi ki, “Space-də işləyirsən niyə onun adını çəkirsən?”. Çünki doğuradan da elə olub. Səhər iclas keçirilirdi. Mirşahin mövzuları deyirdi. Amma bununla da kifayətlənmirdi. Deyirdi “filan yerə gedəcəksən, bu sualları verəcəksən, sənə belə cavab verəcəklər”. Yəni artıq cavabları da bilirdi, sadəcə gedib çəkmək qalırdı. Mən bunu başqa heç kimdə görmədim. Onun yazdığı mətnləri yığıb gətirirdim evə, dəfələrlə oxuyurdum.

– Bəs Space kanalına gəlişiniz necə oldu?

– Bir il ANS-də işlədikdən sonra Space-ə keçdim. O vaxt bu kanal təzə açılırdı, kollektiv təzə formalaşırdı. Bura gəldim və burada da qaldım. ANS-dən sonra bura mənə istirahət kimi gəlirdi, elə bil sanatoriyaya gəlmişdim. O qədər rahat iş tempi var idi. Hətta ANS-dən sonra Space-ə təzə gələndə mənə qəribə gələn bəzi nüanslar var idi. O vaxt bilirsiniz, internet deyilən şey bizdə ümumiyyətlə yox idi. Bir kompüter var idi, ortaya qoymuşdular. Hamı mətnlərini kağızda yazıb sonra kompüter qarşısında oturan qıza diktə edirdi. Baxdım dedim, mən belə işləyə bilmərəm. Qızı durğuzdum, özüm yazanda əvvəl hamı gileylənirdi ki, “vaxtımız gedəcək”. Amma sonra yavaş-yavaş köhnə sistemlə sağollaşdıq. Orada belə problemlər var idi, amma savadlı işçilər də çox idi. Aparıcılığı isə mən orada Nərgiz Cəlilovadan öyrəndim.

– Space televiziyasında neçə il işləmisiniz?

– 10 ilə yaxın dəyişməz olaraq Space-də çalışmışam.

– ANS-i Space-ə dəyişməyiniz nə ilə bağlı oldu?

– ANS-dən öz istəyimlə çıxmışam, əslində heç bir səbəb yoxdur. Maddi vəziyyətlə də əlaqədar deyildi. Ümumiyyətlə, maaş xətrinə işləmirdim. Çünki bizim o vaxt aldığımız məvacib bu həyatın təlabatlarına yetəcək qədər deyildi. Yəni simvolik bir şey idi.

– Bəs Space-dən çıxmağınız nə ilə bağlı oldu?

– Məzuniyyətə çıxmışdım, sonra da anam ağır xəstə olduğu üçün işə çıxmaq istəmədim. Daha sonra da ailə qurdum və yoldaşım işləməyimi istəmədi. Ümumiyyətlə, alına da bilməzdi axı, televiziyada nə vaxt çıxacağını bilmirsən, səfərlər olur və s.

– Space-dən ayrıldıqdan sonra başqa yerlərdən işləmək təklifi almısınız və harasa ya özünüz müraciət etmisiniz?

– Həmən çıxdıqdan sonra yox, bir müddətdən sonra bəzi kanallardan təkliflər gəldi, xəbərlərə aidiyyatı olmayan proqramlarda işləmək təklif edildi. Amma istəmədim. Elə bil ki, birdən-birə o qədər boş vaxtım vardı. Dincəlirdim, gəzirdim, çoxlu səyahətlər edirdim. Həm də evdar xanımlar yaxşı bilir ki, gün ərzində ailəyə, evə baş o qədər qarışır ki, baxırsan bunların hamısını necə çatdırmaq olar?

– Amma deyilənə görə, bir qrup jurnalistlə Ermənistana səfərinizdən sonra yaranmış qalmaqala üzündən Space-dən uzaqlaşmısınız?

– Bu hadisə 2002-ci ildə olub, mən isə Space-dən 2006-cı ildə çıxmışam. Arada nə qədər vaxt var, yəni o hadisə ilə qətiyyən əlaqəsi yoxdur. Hətta mən Space-dən çıxanda mənə dedilər ki, “sizdə yaxşı alınır, niyə çıxırsınız?”.
Orada olan hadisəni də sonra aydınlaşdırdılar. O, müəyyən sistemlərin bir-biri ilə mübahisəsi idi hər halda. Mən ora ATƏT xətti ilə və bizim butun müvafiq organların razılığı və təminatı ilə getmişəm. Yəni mənim Space-dən uzaqlaşmağımın Qarabağ səfəri ilə heç bir əlaqəsi yoxdur.

– Televiziyada xəbər aparıcısı olmaqla yanaşı, başqa fəaliyyətləriniz olub?

– Olub, jurnallar çıxartmışam. Baxmayaraq ki, ömür boyu xəbərlərdə işləmişəm, ətrafımda az sayda xəbər işçisi olub. Mədəniyyətdən tutmuş şou-biznesə qədər bir çox insanlarla sıx əlaqələrim var. Hətta xəbərlərdə işləyə-işləyə də konsertlər təşkil etmişəm.

– Bəs ndi nə işlə məşğulsunuz?

– PR şirkətim var. Reklam işlərinin televiziya ilə birbaşa əlaqəsi var.

– Hansı tip verilişlərdə reklam yerləşdirirsiniz?

– Bu reytinqdən asılıdır. Seçimi müştəri edir. Ümumiyyətlə, bizdə reytinqli verilişlər əyləncə xarakterli verilişlərdir. Hətta lap yüksək reytinqli verilişləri də mən bəyənmirəm, istər nə qədər reytinqi olursa, olsun. Mən ona heç bir formada dəstək vermərəm. Çoxluq baxır deyə, o demək deyil ki, bu yaxşıdır.

– Televiziyalardakı xəbərləri izləyirsiniz, necə qiymətləndirirsiniz?

– Bəli izləyirəm, bütün xəbərlərə baxıram ki, bilim nə var nə yox. Amma deyim ki, xəbəri heç vaxt televiziyadan almıram. İnternet var, xəbər toplamağı da özüm yaxşı bilirəm. Televiziya xəbərlərinin vəziyyətini bəyənmirəm. Bu dəqiqə ən reytinqli xəbərlər “Xəzər” telekanalının xəbərləridir, amma mən onu da tam xəbər hesab etmirəm. Bu “İç xəbər”in daha geniş formasına oxşayır ki, içində xarici xəbərlər də var. ATV-nin xəbərləri bir müddət yaxşı idi, sonra yenə korlandı. Space-in xəbərlərinə baxanda elə bilirəm ki, qəzet oxuyuram, özü də təzə yox, dünənki və hətta bir ay əvvəlkini… Bir vaxtlar əməlli-başlı hər kəslə rəqabət aparmaq gucundə olan xəbərlərimiz var idi. Xəbəri birinci çatdırmaq uğrunda mubarizə gedirdi. İndi elə bil ki, heç belə kanal olmayıb, xəbərlər xarici xəbər blokundan ibarətdir.
Biz o vaxt 5-10 nəfər, 2-3 kamera ilə çalışırdıq, her şeyi də çəkməyi və göstərməyi çatdırırdıq.. Amma indi vəziyyət, texnika daha yaxşıdır. Bol insan resursu var, amma məğzi yaxşı deyil. Bilmirəm, bəlkə də internet dövrü televiziyanı üstəliyib deyə, insanlarda maraq ölüb. Amma məncə yenə də nəsə etmək olar, amma bu formada yox..

– Öz teleknallarımıza baxırsınız, yoxsa xaricilərə baxmağa üstünlük verirsiniz?

– Bilmək üçün ölkədə nə var nə yox, oturub bütün günü telekanallarımıza baxmağa ehtiyac yoxdur. Neçə saat mən toy verilişlərinə niyə baxım axı? Azərbaycan kanallarını mətbəxdə olarkən məcburiyyətdən izləyirəm. Gündəlik təbii ki, yox.
Bir dəfə mətbəxdə iş görürəm, yoldaşım da yemək yeyir, televizorda toyla bağlı proqram yayımlanır, səviyyəsiz söhbətlər gedir. Yoldaşım 5-10 dəqiqə dözdü, axırda dedi ki, “biz buna baxmağa məcburuq?”. Çünki o qədər səviyyəsiz söhbətlər gedir. İnanmıram ki, xalq belə düşünür, əgər belə düşünürsə, bunu da dəyişmək lazımdır. Amma deyim ki, Mədəniyyət kanalından xoşum gəlir. Orada maraqlı verilişlər olur.

– Rus, o cümlədən türk televiziyalarının jurnalistləri mətbuatda köşə yazıları ilə çıxış edirlər. Ola bilər ki, siz də bu praktikadan istifadə edəsiniz? Ümumiyyətlə, necə fikirləşirsiniz, bu cür praktikanın bizdə olmamağının səbəbi nədir?

– Bizdə qəzet oxuyan var ki? Məncə yoxdur. Bizdə yaxşı köşə yazarları, fikir bildirənlər yoxdur. Bizim vaxtımızda Zamin Hacının köşələrini oxumuşam. O da sözləri oynatması mənim xoşuma gəlib, belə fikirləri ilə maraqlanmamışam. Ümumiyyətlə, yazı jurnalsitikası məni maraqlandırmayıb. Mənə görə çox maraqsız sferadır.

– Bu gün jurnaslitikada mövzularda da elə bir boşluq var.

– Mövzu jurnalistlərin hər səhər qarşılaşdığı bir hadisədir. Baxıram, 10 il əvvəl nə çəkilirdisə, indi də eyni şeydir. Gedin baxın, keçən il yay mövsümündə nələr işlənirdisə, indi də onlar gedir.
Bir dəfə Mirşahin baxdı ki, boşam. Mənə dedi ki, “get analitik yazı yaz”. Dedim “nədən yazım?”, dedi “nə bilim, “Mir” orbital kosmik stansiyası haqqında yazı yaz”.
O vaxt indiki kimi internet yox, bütün jurnal-qəzetləri qarşıma töküb axtarıram. Yazı yazıb axırda gətirib verirəm, mənə deyir ki, “bu nədir?”. Deyirəm ki, “analitik yazı demədiniz, “Mir” orbital stansiyası barədə, yazmışam”. Oxumağımı istədi, orada da terminlər çoxdur, bir-bir hamısını soruşur, mən də həvəslə izah edirəm. Sonda mənə deyir ki, “qıza demişəm get analitik yazı yaz, qız mənim üçün kosmonavt olub, gəlib”. Yəni istənilən mövzunu maraqlı edib işləmək olar.
Keçən il bu vaxtı nələr yayımlanırdı, o süjetləri tapın çıxardın, inandırım sizi heç nə dəyişməyib. Eyni mövzulardır.
Rusiyanın kanallarına yəqin baxırsınız, mənim üçün xəbər odur, xəbər elə olur. Mən Türkiyədə olanda bir müddət RTR-lə işlədim, onların “Vesti” proqramı üçün materiallar hazırlayırdım. Xarici kanalla birinci işim idi və mənə qəribə gəlirdi. Həmin vaxt Türkiyədəki Britaniya Konsulluğu ilə NHBC bankıinda partlayış olmuşdu. Mənə zəng etdilər ki, “ora gedə bilərsən?”, dedim gedərəm. Gəldim mənə mikrofon verdilər, canlı yayıma çıxdım. Onların iş rejimi bizdən tamam başqadır. Həmin gün Belçikadan təcili operator gəlmişdi, yadından çıxıb akkumlyatorları unudub. Bizdə bu faciə olardı. Onun biri itsə, bir il operator maaş almayacaqdı, pulundan kəsiləcəkdi. O sakitcə dedi “burada harada satılır, gedək alaq”. Yəni kanalın heç bir maddi problemi yoxdur.

– RTR-lə işləməyiniz necə alındı?

– Türkiyəyə məzuniyyətə getmişdim. Təklif onlardan gəlmişdi. Onlar deyəsən “Vesti”nin bizdəki nümayəndəsi ilə əlaqə saxlamışdılar, o da məni demişdi. Əlaqə saxladılar və mən də razılaşdım.
Səddam Hüseynin tutulduğu vaxt idi, mənə zəng edib dedilər ki, “oradan İraqa gedə bilərsiniz?”. Buna risk etmədim, İraqa getmədim.

– Daha hansı ölkələrdə işgüzar səfərlədə olmusunuz?

– O qədər yerlərə getmişəm ki? 6 il mərhum prezident Heydər Əliyevin yanında akreditasiya olunmuş müxbir olmuşam, bütün prezident çəkilişləri, tədbirlərin hamısında iştirak etmişəm. Bəlkə də buna görə jurnalistika mənə maraqlı gəlirdi. Doğurdan da o dövr tamam başqa dövr idi.
Hətta bir dəfə yadımdadır ki, Putin Azərbaycana səfərə gəlirdi, çəkilişə günorta saat 12-də getməli idim. Gecə saat 3-də zəng etdilər ki, bəs hava limanına get. Operator Lökbatanda qalır, onu gedib götürüb oradan da hava limanına getmişik. Baxdım ki, hamı gəlib. Putun təhlükəsizlik baxımından gecə gəlmişdi. Səhər iclasda deyiləndə ki, Putin bu gün gəlir, dedim “Putin artıq Bakıdadır”. Belə maraqlı hadisələr çox olub.
Ümumiyyətlə, qeyd edim ki, Heydər Əliyevi çəkməkdən maraqlı heç nə ola bilməzdi! Verdiyin hər bir sualın cavabı çox önəmli idi.

– Həm də o vaxt dövlət adamları jurnalistlər üçün daha ələ çatımlı idi, nəinki indi. Sizcə bu niyə belədir?

– Pis çıxmasın məncə jurnalistlər özləri-özlərini hörmətdən salıblar. Çünki doğurdan da mən işləyəndə hamıdan özümə qarşı hörmət görümüşəm. Yəni elə olmayıb ki, düşüm kiminsə üstünə “sən Allah müsahibə ver”. Məmur danışmaq istəyib, mən də məcbur etməmişəm.
Bir də görürdün ki, müsahibə alndan sonra gəlib yazırdım, redaktor dəyişib başqa şey edirdi. Deyirdim ki, “yox, mən bunu belə verə bilmərəm, o axı belə şey danışmayıb”. Reytinq xatirinə insanların sözlərini təhrif etmək olmaz.

– Məşhurlardan kimlərdən müsahibələriniz olub?

– Belə şeylər çox olub. Eduard Şevardnadze, Mixail Saakaşvili, Aslan Məshədov, Leonid Kuçma, Putin, Roma Papası, Saparmurat Niyazov, İslam Kərimov, Nursultan Nazarbayev. Rəcəb Tayyib Ərdoğan, Əhməd Necdət Sezer… İndi hamısını birdən-birə yadıma sala bilmərəm.Mstislav Rostropoviç mənə ad qoymuşdu, “Mereçkin Banoçkin”, şən kişi idi.

– Ekran qarşısında olan aparıcı həmişə maraqlı hadisələrlə qarşılaşır, sizdə də yəqin olub, danışa bilərsiniz?

– Çox olub. Efir vaxtı belə nüanslar çox olurdu. Yadımdadır, Space-in köhnə binasında siçan var idi. Qadınlar siçandan qorxmasa da, iyrənirlər. Həm də o vaxt şəraitimiz yaxşı deyildi. Bir stolumuz var idi, o da tərpənirdi. Ayağımızı yerə qoyurduq ki, stol silkələnməsin, yəni ayağımızla tarazlayırdıq. İndi mən bütün xəbərləri oxuyuram, siçan da o yana-bu yana qaçır. Bütün xəbəri fikrim onun yanında ayağımı tərpədə-tərpədə oxudum.

– Bizim televiziyalarımızın xəbər aparıcılarını necə qiymətləndirirsiniz?

– Xarici kurslarda olmuşam, orada göstərdilər ki, 35 yaşından aşağı xəbər aparıcısı olmaz. Bizdə tərsinədir, çünki bizdə xəbər yoxdur. Axı camaat da nəyəsə baxmalıdır, ya yox. Qəşəng olsun, fikir yayındırsın.
“Xəzər”in aparıcıları, məsələn, Anar Nəcəfov çox yaxşı aparıcıdır, ATV-də Samirə Mustafayevadan xoşum gəlir. Ümumiyyətlə, xəbər aparıcısı inandırıcı olmalıdır ki, təqdim etdiyi xəbərə tamaşaçı inansın. Belə çıxmasın ki, kimsə yazıb verib, o da oxuyur, diktor kimi. Yaxşı olar ki, xəbər aparıcıları təqdim etdiyi süjetləri izləsin, onlardan xəbərləri olsun.

– Köhnə dostlarınmızla əlaqələriniz necədir?

– Rəfiqələrim demək olar ki, televiziya işçiləridir. O vaxt kimlərlə dostluq edirdim, indi də onlarlayam. Yəni işə görə dostluq edənlərdən deyiləm.

– Bir az da ailəniz barədə, bildiyimiz qədər həyat yoldaşınız Gömrük Komitəsində işləyir, tanışlığınız necə olub?

– Onunla jurnalist işləyərkən tanış olmuşam, amma jurnalist fəaliyyətimlə əlaqədar tanış olmamışam. Rəfiqəm tanış edib, ailə qurmuşuq. İki övladım var. Böyüyünün adı Əlibəy, kiçiyinin adı isə Harun Cəlaldır.

– Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

– Rəfiqələrimlə görüşürəm. Görüşüb söhbət edirik. Həm də səyahət etməyi sevirəm. Məşğuliyyət kimi mən bütün film və hətta seriallara da baxıram. Baxıram deyəndə ki, hər hansı işlə məşğul oluram, televizor da yanılı olur, səsləri eşidirəm. Bütün serialların mövzusunu, oradakıların adlarını, baş verən hadisələri bilirəm.

– Hansı ölkələrdə olmusunuz?

– İndoneziya, Sunqapur, Ərəb Əmirlikləri, Fransa, İsveçrə, Almaniya, Hollandiya, İtaliya, Rusiya, Türkiyə. Amerikada olmamışam və olmaq da istəmirəm. Çünki o uzunluqda yolu uçmaqdan xoşum gəlmir. 7 saat yarım Sinqapura uçmuşam, onda da ürəyim sıxılırdı. Sevmirəm, yəni uzaq yol getməyə hövsələm çatmır.

– Rus dilində təhsil almısınız, bəs başqa hansı dilləri bilirsiniz?

– İngilis və alman dillərini bilirəm, düzdür, tam o səviyyədə deyil, amma çulumu sudan çıxartmağı bacarıram.

– Sonuncu oxuduğunuz kitab hanısıdır?

– Elçin Səfərlinin “Mne tebya obeşali” kitabını oxumuşam, onun əsələrindən xoşum gəlir. Ümumiyyətlə, məndə bir xasiyyət var ki, bir müəllifin kitabını oxudum və bəyəndimsə, hamısını oxuyacam. Həm də kitabı bitirməmiş yatmaram, gecə oyaq qalsam, gözlərim şişsə belə, oxuyacam. Rey Bredberi, Paulo Koelyonu, Mark Levini, Çak Palaniki, Frederik Beqbederi, Yanuş Vişnevskini oxuyuram. Ən sevdiyim yazıçı Qabriel Qarsia Markesdir, əsərlər isə “Sto let odinoçestva” və “Lyubov vo vremya chumi”dir.

– Adətən qadınlar şopinqi sevir, bəs siz necə?

– Şopinqlə aram yəqin yaxşıdır, amma burda yox, xaricdə olanda. Səhər acılandan bağlanancan hər hansı mərkəzə girdimsə, çıxmaq bilmirəm. Axırda yeriməkdən ayaqlarım şişir. Ayaqqabı mağazasına girib qıza deyəndəki 37 razmer ver, deyir “axı xanım ayağınız böyükdür, olamayacaq”. Deyirəm sən ver Bakıda olacaq. Bir dəfə o qədər yorulmuşdum ki, axşam otelə gəlib çarpayının kənarında oturaqlı vəziyyərdə uzandım ki, bir azdan durub ayaqqabıları çıxardaram, eləcə də yatılı qalmışam. Amma deyim ki, elə də şopinq xəstəsi deyiləm.

– Yenidən jurnalist fəaliyyətilə bağlı təklif gəlsə, işləyərdiniz?

– Doğrusu bilmirəm… Ümumiyyətlə, əvvəlcədən heç nəyi planlaşdıran biri deyiləm.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO