Telejurnalist Etibar Babayevin “Karyera”sı: “…o hadisə həqiqətən həyatımda ciddi zərbə idi…”

Məktəbə getdiyi ilk gündən təbiətin ona verdiyi qeyri-adi bir xüsusiyyət müəllimləri seçim qarşısında qoyur: Onun bu vərdişini dəyişmək, yoxsa…? Məsələni həll etmək üçün hətta valideynləri məktəbə çağırılır. Hər halda sovet müəllimi öz vəzifə borcunu layiqincə yerinə yetirib, ona oxuyub-yazmağı öyrətməli idi. Atası isə müzakirələrə bir cümlə ilə son qoyur: “Qoyun ona necə rahatdır elə, solaxay yazsın. Əsas odur ki, solaxay düşünməsin”.

Yenə də orta məktəbdə daha bir xoşagəlməz olayla qarşılaşır. Sinif yoldaşının əlində oynatdığı kolba onun gözünə dəyir və şüşə sınıqları göz qapağına dolur. Həkimlər şüşəni pinsetlə bir-bir göz qapağından təmizləyir, beləliklə təsadüf nəticəsində bir gözünü itirmək təhlükəsindən xilas olur. Ən maraqlısı isə odur ki, bu hadisədən bircə an öncə sinif yoldaşına “əlində kolba kiməsə dəyər” deyə xəbərdarlıq etmişdi. İntuisiyasının diqtəsi ilə…

Yox, söhbət heç də hansısa qeyri-adi fiziki xüsusiyyətlərə malik ekstrasensdən getmir. Bu, sadəcə Etibar Babayevdir. Bizim jurnalistikadan tanıdığımız, yüksək məsul vəzifələrdə çalışanda belə, bu peşəyə sadiq qalan, həmişə əlində möhkəm saxladığı qələminin mürəkkəbi əsla qurumayan Etibar Babayev… Modern.az saytının “Karyera” rubrikasının bu dəfəki təqdimatı Etibar Babayev haqqındadır…

– Etibar müəllim, söhbətə lap uzaqdan başlamaq istəyirəm. Uşaqlıq illərinizi necə xatırlayırsız?

– Uşaqlıq insan həyatının elə dövrüdür ki, hamı səni təmənnasız əzizləyir, qayğı göstərir, sevir, oxşayır. Güllü nənə, Mina nənə, Xeyransa nənə, Həcər xala, Əli dayı, Ələkbər baba… Bu adlar heç kimə heç nə deməsə də, bilin ki, uşaqlıqda valideynlərim qədər mənim nazımı çəkən yaxın qohumlarımdır. Uşaqlıq xatirələrimdə onların hər birinin özəl yeri var. Uşaqlıq paklığı ilə gözəldir, əvəzsizdir. Böyüdükcə dövran dəyişir, ilk baxışda səmimi görünən münasibətlərin arxasında məkrli niyyətlər, qərəzli məqsədlər dayanır. Biz Təzəpir məscidinin yaxınlığında yaşayırdıq. İki balaca otaqdan ibarət mənzilimiz vardı. Amma çox böyük nəfəs, qaynar həyat yuva salmışdı o halal ocaqda. Atam şair – dramaturq Adil Babayevin yaxın dostları ilk müəllimlərim olub. Hüseyn Abbaszadənin, İslam Səfərlinin, Əliağa Kürçaylının, Bəxtiyar Vahabzadənin, Hüseyn Hüseynzadənin, Ənvər Əlibəylinin, Qabil İmamverdiyevin, Əliağa Kürçaylının, Adil Nəcəfovun, Nəbi Xəzrinin, Seyfəddin Dağlınin, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevinin, Mirmehdi Seyidzadənin ədəbiyyat, incəsənət sahəsində xidmətlərindən böyüyəndə xəbər tutmuşam. O illərdə isə evimizdə tez-tez qonaq olan bu insanlar mənim mehriban əmilərim idi. Hərəsindən bir şey öyrənmişdim. 50-60 illərdə hər evdə televizor görməzdin. Şəhərdə indiki qədər restoran, şadlıq sarayı, əyləncə mərkəzi də yox idi. Amma insanlar asudə vaxtlarında mənalı əylənməyi bacarırdı. Dost evinə qonaq getmək ənənəsi yaranmışdı. Təmənnasız görüşməyin, ən əsası, ailəvi dostluğun böük tərbiyəvi əhəmiyyəti vardı. O vaxt say-seçmə kişilərin maddi imkanı çox da geniş deyildi. Fəqət mənəviyyat, ictimai maraq, məsuliyyət, cəmiyyət qarşısında fərdi cavabdehlik hissi qat-qat yüksək idi. Hər dəfə bir araya gələndə şeirdən, sənətdən danışardılar, qələm dostlarının yeni əsərlərinə münasibət bildirərdilər. Böyüklərin ailəvi dostluğunun övladlar üçün böyük tərbiyəvi əhəmiyyəti vardı.

Atam Dram Teatrında ədəbi hissə müdiri işləyirdi. Axşamlar məni özüylə tamaşalara aparardı. Teatra görkəmli rejissor və aktyor Adil İşgəndərov rəhbərlik edirdi. Adil müəllim böyüklə böyük, kiçiklə kiçik idi. Hər kəslə öz dilində danışmağı bacarardı. Onunla ilk görüşümüzdə təlaşımı görüb, elə ustalıqla sorğu-sual etdi ki, özümü çox doğma və məhrəm adamın himahyəsində hiss etdim. O axşam tamaşaya direktor lojasından baxdım. Ertəsi gün təəssüratımı sinif yoldaşlarıma danışdım. Getdikcə teatr aləmi mənim üçün nağıl dünyasına çevrildi. Uşaqlıqdan böyük sənətkarların iştirakı ilə tamaşalara baxmışam, təbii ki, hafizəmə nələrsə əbədi həkk olub. Fəxr edirəm ki, Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Hökumə Qurbanova, Barat Şəkinskaya, Mustafa Mərdanov, Əli Zeynalov kimi ustadların səhnədən kənar nəvazişini də hiss etmişəm. Böyük sənət məbədində məktəbli qəlbimdə yaranan məhəbbət bir gün məni gətirib çıxardı İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə. Teatr – sintetik sənətdir, onunla məşğul olan, gərək incəsənətin bütün sahələrinə az-çox bələd olsun. Bu fakültədə təhsil almağım, o mühitdə böyməyim sonrakı həyat yolumun, karyeramın sağlam təməlini qoydu və hansı sahədə işlədimsə, çox gərəyim oldu. Biz Cəfər Cəfərov, Rza Təhmasib, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Cabir Səfərov, İshaq İbrahimov kimi pedaqoqlardan dərs aldıq. Mən “biz” deyəndə İlham Rəhimlini, Məryəm Əlizadəni, Şahmar Ələkbərovu, Mikayıl Mirzəni, Rasim Balayevi, Əlabbas Qədirovu, Səməndər Rzayevi, Yaşar Nurini, Şahin Əlibəylini, Əsəd Məmmədovu, İlham Namiq Kamalı və adlarını çəkmədiyim digər tələbə dostlarımı nəzərdə tuturam. Çox heyfslənirəm ki, hörmətlə yad etdiyim müəllimləri – sözün əsl mənasında sənət fədailərini, indiki nəsl yetərincə tanımır.

– Bəs necə oldu ki, siz incəsənətə, teatra yox, başqa tərəfə üz tutdunuz?

– Tələbə ikən tamaşalara resenziya yazırdım. “Bakı”, ”Azərbaycan gəncləri”, “Ədəbiyyat və İncəsənət” qəzetlərində məqalələrim dərc olunurdu. Professor İlham Rəhimli müsahibələrinin birində qeyd edir ki, bizim tələbəlik illərində teatrdan ən çox yazan Etibar Babayev idi. Ali məktəbi bitirəndən sonra ordu sıralarında xidmətimi başa vurub aspiranturaya daxil olmaq istəyirdim. Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu rəsmi qəzetlərdə elan vermişdi ki, yaz qəbulunda teatrşünaslıq ixtisasına yer ayrılıb. Lazımı sənədləri hazırlayıb üz tutdum qəbul komissiyasına. Fəqət orda bildirdilər ki, səhvdir, sonradan teatrşünas yerini musiqişünas ixtisası ilə əvəzləyiblər. Yaman pərt oldum. Pıçhapıç gəzirdi ki, yerdəyişmədə məqsəd rəhbər işçilərdən birinin konservatoriyanı bitirən qızının aspiranturaya qəbulunu təmin erməkdir. 70-ci illərin əvvəlindən AzTV ilə əməkdaşlıq edirdim. 1975-ci ildə Azərbaycan Teleradio Verilişləri Komitəsinin Gənclər redaksiyasına işə düzəldim. Efirdə çıxışlarımla yavaş-yavaş tanımağa başladım. Azərbaycan Komsomolu Mərkəzi komitəsinə yaradıcı təşkilatlar, gənclər mətbuatı ilə işləməyə səriştəsi olan adam axtarırdılar. İnstitutda komsomol komitəsi katibinin müavini seçilmişdim. 1971-ci ildə Moskvada keçirilən I Ümumittifaq Tələbə Gənclər Toplantısının nümayəndəsi kimi, “Əməkdə fərqlənməyə görə” medalına layıq görülmüşdüm. Görünür, bütün bunları nəzərə alaraq, Mərkəzi aparatda həmin vəzifə mənə təklif olundu. 1977-ci ildə məni təbliğat və mədəni- kütləvi iş şöbəsinə müdir təsdiq etdilər. Mərkəzi Komitəyə üzv seçdildim. İşlədiyim müddətdə müxtəlif Fəxri fərmanlarla təltif olundum.

– Həyatdan ilk zərbəni nə vaxt almısınız? Bəlkə elə aspiranturaya sənədlərinizi götürmədikləri gün?

– Düşünürəm ki, bu hadisə həqiqətən ciddi zərbə idi. İnstitutu qırmızı diplomla bitirmiş, əsgərliyini çəkmiş, mətbuatda imzası az-çox tanınan, televiziyada uğurlu aparıcılığı ilə tamaşaçı rəğbəti qazanan, təzəcə nişanlanan oğlanı suyu süzülə-süzülə yola saldılar. Həmin gün güclü külək əsirdi. Atamla birlikdə Akademiyadan çıxanda gördük ki, həyətdə dayanan bir neçə maşının üzərinə yekə ağac düşüb. Bizim “Jiğuli”nin də yan güzgüsü sınmış, damı əməlli əzilmişdi. O vaxt avtomobil təmiri müşkül məsələ idi. Həftələrlə növbə gözləməli olurdun. Nə qədər gülməli də olsa həyəcanlı məqamda Leninin məşhur ifadəsi yadıma düşdü: “Mı poydyom inım putyom”, – yəni biz başqa yolla gedəcəyik. Küləkli gündən sonra, görünür taleyin hökmü ilə mən də başqa yolla getməli oldum.

– İşiniz ürəyinizcə idi?

– Əlbəttə. Yaradıcı gənclərlə, mətbuatla əlaqələrim həmişə möhkəm olub. Biz hamımız həvəslə çalışırdıq. Sabaha inamımız böyük idi. Bəzən belə fikirlər səslənir ki, guya sovet dövründə beynəlmiləlçilik adıyla milli mədəniyyət, ədəbiyyat ideoloji məngənəyə salınmışdı. İnanın ki, bu fikirləri səsləndirənlərin niyyəti qərəzlidir, ya da gerçək vəziyyətdən xəbəri yoxdur. O dövrdə yaranan milli mədəniyyət, xalq sənəti nümunələrini necə inkar etmək olar? Altmışıncı, yetmişinci, səksəninci illərin ədəbiyyat, incəsənət xadimlərinin bu proseslərdə necə fəal iştirak etdiyinin şahidi olmuşam. İri miqyaslı poeziya bayramları, kino, teatr, musiqi festivalları, xalq istedadları üzə çıxaran müsabiqələr yüksək səviyyədə keçirilərdi. Komsomol mükafatı laureatı adı yaxşıların yaxşısına verilirdi. 1976-cı ildə Səməd Vurğunun 70 illik yubileyi ərəfəsində Qazaxda Gənc Aşıqların I Respublika müsabiqəsinə yuxarı təşkilatlarda kimsə “yox” demədi. Əksinə təşəbbüs dəstəkləndi, vəsait ayrıldı. Çap məhsulu, döş nişanları, hədiyyələr, qaliblər üçün xüsusi mükafatlar, diplomlar hazırlandı. Komsomol tədbirində Bəxtiyar Vahabzadə, Hüseyn Hüseynzadə, Xudu Məmmədov, Nurəddin Rzayev və başqa ziyalılar iştirak etdi. El ağsaqqalı aşıq Şəmşiri Kəlbəcərdən Qazağa gətirib münsiflər heyətinin fəxri sədri seçdik. Hər il yaradıcı gənclər üçün seminar keçilirdi. El-obanı gəzib-dolaşıb gənc istedadları üzə çıxarmaqda mayestro Niyazi, Şəmsi Bədəlbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov kimi parlaq simalar bizi həmişə dəstəkləyirdi. Onların əvəzsiz xidmətlərini unutmaq, bu haqda danışmamaq qəbahətdir.

– Nə vaxt komsomolla vidalaşdınız?

– 1979-cu ildə məni partiya işinə irəli çəkdilər. Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinə təlimatçı vəzifəsinə təsdiq ediləndə birinci katib Heydər Əliyevin qəbulunda oldum. Aparata götürülən işçiləri şəxsən qəbul edərdi. Bu görüşün mənim üçün əhəmiyyətini dilə gətirmək indi də çətindir. Gənc işçiləri növbə ilə Büro iclaslarına çağırırdılar ki, görüb, götürüb öyrənsinlər. Kitab oxumaqla, auditoriyalarda mühazirələrə qulaq asmaqla o təcrübəni əldə etmək olmazdı. İnanın ki, əsl idarə etmək məktəbi idi. Mən Mədəniyyət Nazirliyi, yaradıcı təşkilatlar, teatrlarla əlaqəli işləyirdim. Respublikada keçirilən mühüm mədəni tədbirlərin hazırlığına cəlb olunurdum. Politologiya ixtisası üzrə ikinci ali təhsilimi də o dövrdə qiyabi aldım. 1981-ci ilin yanvarında Bakı Partiya Komitəsinə üzv seçildim, təbliğat-təşviqat şöbəsinə müdir təsdiq olundum. Rəhbərlik etdiyim şöbənin fəaliyyət dairəsinə təkcə təbliğat-təşviqat işi deyil, eyni zamanda idman, səhiyyə, elm, mənədi-maatif, qardaşlaşmış şəhərlərlə əlaqələr də daxil idi. Şöbədə hər sahə üzrə peşəkar mütəxəssislər çalışırdı. Olduqca qaynar və maraqlı iş rejimində çalışırdıq.

– Bəs yenidən televiziyaya qayıtmağınız nəylə bağlı oldu?

-1988-ci ilin may ayında Sovet kommunistlərinin Baş katibi Mixail Qorbaçov Əbdulrəhman Vəzirovu Azərbaycana rəhbər göndərdi. SSRİ-nin dağılması ərəfəsində mürəkkəb ictima-siyasi hadisələrin gerçək mahiyyətini dərk etməyən bu adam Qarabağda baş verənləri də keçmiş respublika rəhbərliyinin regionun sosial-iqtisadi inkişafına kifayət qədər diqqət ayırmamağının nəticəsi kimi qələmə verməyə çalışırdı. Konfliktin kökünü az qala təbliğat-təşviqat və siyasi-maarif işinin lazımı səviyyədə aparılmamasında görən dayaz düçüncəli məmurlarla eyni mövqedən çıxış edirdi. Nə isə… Bu başqa söhbətin mövzusudur. Bir neçə ay sonra növbəti partiya konfransında Bakı Komitəsinin tərkibi təzələndi. Mənə bir neçə vəzifə təklif olundu. Amma o komandada işləmək istəmədiyimdən partiya-sovet işindən ümumiyyətlə imtina edib, ilk iş yerimə – AzTV-yə qayıtdım. Şirkətin sədri Elşad Quliyev məni “Azərbaycantelefilm”ə baş redaktor təyin etdi. Eyni zamanda televiziyada müəllif proqramları aparmağıma da şərait yaratdı. “Sözlü-nəğməli İstanbul” verilişi ilk dəfə həmin dördə Elşad müəllimin razıliğı ilə efirə çıxdı. Bu o qədər də asan iş deyildi. Çünki, Əbdülrəhman Vəzirov mənim televiziyada işləməyimin əleyhinə idi. Bu barədə Elşad müəllim xatirələrini mətbuatda ətraflı yazmışdı.

– Ümumiyyətlə, Türkiyə sevgisi haradan yaranmışdı keçmiş komsomol işçisində? Yoxsa bu da komsomol-partiya tapşırığı idi?

– Yox, nə komsomol, nə də partiya tapşırığı olub. Sevgi tapşırıqla, xəbərdarlıqla nə gələr, nə gedər. Bulaq kimi adamın içindən qaynayıb çıxar və kimsə həqiqi sevginin qarşısını ala bilməz. Türkiyəyə məhəbbətin kökü ailədən gəlir. Amma sizin sualınız mənə bir hadisəni xatırlatdı. 1975-ci ildə “Sputnik” gənclər turizmi təşkilatı ilə birbaşa əlaqə yaratmaq məqsədiləTürk turizm şirkətlərindən birinin nümayəndələri Bakıya gəlmişdi. Danışıqlarda mən də iştirak edirdim. Onlar tanış olduğum ilk türk vətəndaşları idi. Aramızda səmimi münasibət yarandı. Şəhəri bərabər gəzib dolaşdıq. Onlarla “Azərbaycan gəncləri” qəzeti üçün “İnsanlar görüşdükcə yaxınlaşırlar” başlıqlı yazı da hazırladım. O zaman Türkiyə ilə birbaşa turizmə razılıq verilmədi. Maraqlıdır ki, düz on dörd il sonra, 1989-cu ildə, “Sputnik” təşkilatı məhz həmin şirkətlə İstanbul-Bakı çarter səyahətlərini həyata keçirdi. Bakıdan birbaşa Türkiyəyə gedən ilk turistlərdən biri də mən idim. İlk televiziya verilişlərimdən birini də o zaman hazırladım. Amma bu, mənim Türkiyəyə ilk səfərim deyildi. İlk dəfə 1985-ci ildə rəsmi nümayəndə heyətinin tərkibində Bakı ilə qardaşlaşmış İzmirdə, İstanbul, Bursa və Ankarada olmuşdum. Təyyarədən enəndə gözüm yaşardı ki, atam ömrü boyu Türkiyəni görmək həsrətiylə yaşadı, amma görə bilmədi. Onun sağlığında azərbaycanlılar üçün Amerikaya getmək daha asan idi nəinki Türkiyəyə.

Sizə maraqlı bir faktı deyim. 1934-cü ildə Moskvada Sovet Yazıçılarının I qurultayında çıxış üçün Çəfər Çabbarlıya söz veriləndə heç bilirsiniz onu nəcə təqdim ediblər?
“Slova predstavlyayetsya turetskomu pisatelyu Djafaru Djabbarlı”. Yəni, hələ 30-cu illərə qədər sovet hökuməti milli mənsubluğumuza görə bizi “türk” adlandırırdı. Amma sonra münasibət kökündən dəyişdi, “türk” sözü işlətmək ciddi qəbahət sayıldı, “pantürkizm” damğası ilə insanları ləkələmək dəbə düşdü.

– Üzünüzə demək olmasın, hələ sovet dövründə yeni formatda, yeni məzmunda Türkiyədən hazırladığınız proqramlar Azərbaycan tamaşaçısı üçün böyük sevinc və məlumat mənbəyi idi. Hamı səbrsizliklə verilişlərinizi izləyirdi. Turqut Ozal, Sakib Sabançı, Arpaslan Türkeşlə müsahibələriniz, qardaş ölkədə biznes mühitinin, türizmin inkişafına həsr olunan analitik süjetlər təkcə tanışlıq deyil, həm də maarifləndirici missiya daşıyırdı. Türkiyənin qarışıq şou-biznesindən ən nadir adamları tapıb gətirirdiniz bizimlə görüşə… Verilişinizin qonaqları bu gün də canlı əfsanədir: Barış Manço, Qayahan, Sezen Aksu, Ajda Pekkan…

– Proqrama dəvət etdiyim gənc müğənnilər də tezliklə məşhurlaşdı: Tarkan, Ebru Gündeş, Rafet el Roman, Çelik… Qonaqların seçiminə xüsusi fikir verirdim ki, tamaşaçı üçün maraqlı və yaddaqalan olsun. Təkcə səsi ilə deyil, şəxsiyyəti ilə seçilən adamlarla görüşməyə üstünlük verirdim. Bilirsiz, yalnız kababla, qutabla, paxlavayla bağlı xatirələr mənim aləmimdə artıq əhəmiyyətsizdir və tez unudulur. Ağız ləzzəti başqadır, fikir yaxınlığı, könül bağıllığı başqa. Könül bağlılığı möhkəm olanda arada bircə stəkan çay da olsa, ağız ləzzəti də qaçmır. Bir gün Barış Mançonu Şüvəlanda çay evinə apardım. Türkiyədə çayı şəkərlə içirlər. Bizim süfrəyə müxtəlif mürəbbələr, cürbəcür şirniyyatlar düzülmüşdü. Sirin söhbət edib çayını nuş edən yerli sakinlərlə tanışlıq daha cazib idi. Barışı görüncə məclis daha da qızışdı. Söhbət əsnasında qonağa dedilər, çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsdir, dördü bəsdir, çıxdın beşə, vur on beşə…
Çox xoşuna gəldi sadə adamların söhbəti, üzlərdəki təbəssüm, içdən gələn məhəbbət. Kameralar işə düşdü, ön hazırlıqsız çəkiliş başladı.Barışın özü də kadrda mikrafona danışdı, ev sahiblərini də söhbətə qatdı. TRT-də yayınlanan növbəti verilişində Barış Manço çay mədəniyyətindən danışa – danışa azərbaycanlıların məişətinə daxil olan adət-ənənələri sevə-sevə anlatdı. Bir dəfə də Barışı çəkiliş qrupu ilə Novruz şənliyinə dəvət etmişdim. Bayram şənliyinə prezidentimiz Heydər Əliyev də gəlmişdi. Barışı cənab prezidentə təqdim edəndə dedi ki, uşaqlarla olan verilişlərinə baxıb, çox bəyənib. Bu sözlərdən Barış çox ruhlandı. Prezidentə dərin təşəkkürünü bildirdi. Bütün türk dünyasında ən möhtəşəm Novruz bayramının məhz Bakıda keçirildiyini söylədi. Sonra səhnəyə qalxıb öz təəsüratını, təbriklərini çatdırdı və mahnı sovqatını meydana toplaşanlara ərməğan etdi. Novbəti bazar günü Bakıda Novruz bayramına həsr olunmuş özəl proqram TRT-də yayınlandı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO