Ana yurdumuzun hər bir bölgəsini ögey-doğmalıq qoymadan vəsf edən Şirin xanım şübhəsiz ki, Azərbaycanımızın ağrılı yeri olan Qarabağ mövzusuna da müraciətsiz qalmayıb. Amma Qarabağa gəlib çatanda təbii ki, burada vəsf sözü istər-istəməz arxa plana keçməli olur. Çünki Qarabağda artıq vəsflik bir şey qalmayıb. Qarabağ indi nə Molla Pənah Vaqifin, nə Xurşidbanu Natəvanın, nə də Qasım bəy Zakirin zamanındakı Qarabağdır. Düzdür, o çağlarda da Qarabağ torpaqları, orada yaşayan əhali qayğısız deyildi. Bu barədə gerçək və ədəbi tariximizdən kifayət qədər bilgiliyik. M.P.Vaqif “Mən cahan mülkündə mütləq, doğru halət görmədim!”, Q.Zakir “Qarabağda nə day qaldı, nə dana” ifadələrini də bu bərəkətli torpağın, Azərbaycanın dilbər guşəsinin o vaxtlardakı taleyinə həsr ediblər. Ancaq bu fikirlər daha çox sosial sferadakı qayğıları əhatə ediblər. Sosial qayğıların azaldılması, insanların maddi rifahının yaxşılaşdırılması uğrunda mübarizə isə bütün dövrlərin ən aktual mövzularından hesab olunur.
Lakin indi Qarabağ küll halında qayğıya, problemə möhtacdır. Hətta beynəlxalq səviyyəli konfliktə çevrilib, bu əzəli və əbədi torpaqlarımız düşmən tapdağı altında, əsarətdədir. Şirin xanım Kərimbəyli Qarabağ probleminin yaratdığı bütün ağrılı nüansları qələmə almağa çalışıb. O, bir vətənpərvər şairə kimi addımbaaddım öz doğma xalqının yanında ola bilib. Belə demək mümkünsə bir öanım ziyalı və şairə olaraq o, bu missiyanın öhdəsindən şərəflə gəlib. Hələlik sonuncu hesab olunan, 2009-cu ildə çap olunan “Dünya mənə tanış gəlir”” kitabında “Toxunma torpağıma”” adlı xüsusi bölmə ilə oxucularının yaxın qanlı tariximizə aid yaddaşlarını silkələyib, onları bu dəfəki tarixi məqamda qəflət yuxusuna getməməyə çağırıb. Şirin xanım öz ənənəsinə sadiq qalaraq bu bölümünə də “Mən də varam””” rədifli şeiri ilə başlayaraq öz xalqının mənəvi ucalığını oxucuya bəyan edir:
Tanrım qədər yüksəkdədir,
Qanda, canda, ürəkdədir
Xalqım mənim, elim mənim.
Bülbül təki xoş ləhcəli dilim mənim.
Əzabları ürəyimin ağrısıdır.
Bircə anlıq fəlakəti
Gözlərimin uçub gedən yuxusudur.
Bu şeirin ardınca Vətənimizin ayrı-ayrı yaxın-uzaq tarixinə ekskurs edən, bayrağımızı, azadlığımızı vəsf edən şairə nəfəs dərmədən mətləb üstünə – Qarabağ mövzusuna gəlir:
Xainlər satdılar yurdu paraya,
Min damğa vuruldu hər köz yaraya,
Gəlir ər igidlər, gəlir haraya,
Yetməz yağı plan, heç yetməz başa,
Darıxma Qarabağ, darıxma Şuşa.
Tanrı yerdə qoymaz heç nahaq zülmü,
Min-min cavanların nakam ölümü,
Əcəl də susdura bilməz dilimi!
Verib Azərbaycan bu gün baş-başa,
Darıxma Qarabağ, darıxma, Şuşa.
Mərhum şəhid-jurnalist Salatın Əsgərovanın, digər şəhid soydaşlarımızın ruhuna həsr olunmuş şeirlər oxucularda mübarizə, vətənpərvərlik ruhu aşılayır. Qarabağda könüllü vuruşaraq şəhid olmuş tacik oğlu Şərif Əzizova həsr olunan şeirdə isə şairə onun döyüşə gəlməsinin səbəbini həm günahsız tökülən qanlarla, həm də gec-tez bütün dünyanın bizim haqq səsimizi eşidəcəyinə inam hissi ilə mənalandırır. Bu isə şeirdə qoyulmuş ideyanın məzmununu bir daha göylərə qaldırır:
Tacik oğlu, nə səni məcbur etdi bu işə?
Başladın vicdanınla, qeyrətinlə yürüşə,
Atıb sakit ölkəni gəldin qanlı döyüşə,
Günahsız məmləkətin tökülən qanlarımı?
Öz doğma komasında üzülən canlarımı?
Ey Şadiman, gözündən axmasın qanlı yaşlar,
Kədərin şiddətindən qəm açmasın naxışlar,
Hələ Rəbbə tapınır dünyada mərd baxışlar…
Vallah, qürbət ölkələr səsimizi duyacaq,
Boğulan haqqımızı bütün ərşə yayacaq!…
Azərbaycanın Qarabağ savaşında ədalətin bərpası uğrunda mübarizə apardığını qeyd edən şairə milli ordumuzusa “Haqq ordusu”” adlandırıb:
Yurdlarımız çox talandı,
Namus, qeyrət xırdalandı,
Xain yurdda daldalandı,
Durma, qaldır el-ulusu,
Ey, Vətənin haqq ordusu.
Şairə bu bölmədəki şeirlərində həyatda və yaddaşlarda daim uca, müqəddəs tutulan azərbaycanlı anaların didərgin düşməsindən danışır, məğlubiyyətlərlə dolu olan hazırkı çağımızla tarixi keçmişimizi, Azərbaycanın bütövlüyü uğrunda qılınc və qələmlə vuruşmuş Şah İsmayıl Xətai mübarizəsini müqayisə etmək istəyir. Çaldıran döyüşünü “Oğuzla oğuzun arasında daş”” adlandıraraq o günü türklüyün ayağa düşdüyü gün hesab edir. Qardaşla qardaş arasına salınan Çaldıran nifaqını dəyərli xalqımızın tarixində “günəşin sönməsi, ulduzların batması”” kimi xarekterizə edir, Dədə Qorduqun ruhunun bu “dağdan” sındığını” söyləyir. “Mənim şair babam”” şeirinin son iki bəndində hökmdar, sərkərdə, şair Şah İsmayıl Xətainin ruhuna üz tutaraq Azərbaycanımızın batırılmış haqlarının bərpasına ondan nicat diləməsi, bu yolda “Aslanın erkəyi, dişisi olmaz”” xalq deyiminə söykənərək özünü də mübarizəyə hazır görməsi çox örnək olası və diqqəti çəkən bir məqamdır:
Ey xəqan Xətai, ey şah Xətai,
Ruhun qovuşdursun bu tay, o tayı,
Qılıncın doğrasın kölə sarayı!
Mənim şair babam, mənim şah babam.
Odlar ölkəsində oddan doğuldu,
Qızın Şirin Xanım dərddə boğuldu,
Yağı savaşında o da oğuldu..!
Mənim şair babam, mənim şah babam.
Şirin xanımın şeirlərinin qələmə alındıqları zamanından da, ruhundan da bəlli olur ki, onu ilhama gətirən öncə VƏTƏNDİR. Bunu onun özü də etiraf edir:
İlhamımın tellərini dindirən,
Varlığımı zirvələrə endirən,
Od nəfəsli, şir ürəkli ər, ərən,
Od yurdunun pak qucağı – Vətəndi,
Söndürülmüş hər ocağı – Vətəndi,
Yad əllərdə ağlar qalan – Vətəndi,
Pak keçmişi yalan olan – Vətəndi.
Şairənin bu şeiri də göründüyü kimi, etirafla öz işini bitirmir. Vətənin, xalqın çoxəsrlik qayğılarını bədii həqiqətin dili ilə bütün bəşəriyyətə çatdırır. Bu da Şirin xanımın öz missiyasına sədaqətinin bir nümunəsidir. “Toxunma torpağıma” şeirində isə yenə də mübariz ruhlu şairənin mübarizə əzmini görürük:
Olmayıbdı bir kimsənin yuvasında bu gözüm,
Gəl qol atma, tüstülənir min ildi odum, közüm,
Tükənəcək səbrim təki bağrımdakı ər dözüm…
Toxunma torpağıma!
Azərbaycanın tarixi torpaqlarını işğal edən erməni daşnaklarına və onların havadarlarına nifrət üstə köklənmiş bu şeirin başqa bir bəndində isə mənfur düşmənlərin yurdumuza pənah gətirib əvvəlcə qoltuğumuza sığındığından, sonra isə haqqımızı tapdaladığından söhbət açılır ki, pafoslu, bayağı “şeir”” nümunələri” ilə yuxuya verilmiş” Vətən övladları ayılıb həqiqətlərin gözünün içinə dik baxa bilsinlər:
Qoltuğuma sığınaraq, yurdumu yağmaladın,
Halallıqla ömür sürən bir xalqı damğaladın,
Siyasətin quyruğunda haqqımı boğmaladın,
Toxunma torpağıma!
Şeirin başqa hissəsində isə çox incə bir mətləb, siyasi məqam peşəkarcasına xırdalanır:
Mən sinəsi alovlanan millətin fəryadıyam,
Min qanadlı Vətənimin mən də bir qanadıyam,
Sözü kəskin, qolu bağlı, yaralı övladıyam,
Toxunma torpağıma!
“Şəhid qardaş, şəhid bacı”” şeirinin üstündən sükutla adlayıb keçə bilmirəm. Şirin xanım burada öz ürəyinin hökmünü ortaya qoymaq üçün bütün sərhədləri vurub dağıdıb. Nəhayət, istəyinə nail olub. Bu şeirlə ətrafındakıları meydanın mərkəzinə dəvət edə bilib. Özü bu barədə bir kəlmə belə kəsməsə də bu böyük həqiqəti bizlər deməyə borcluyuq. Şirin xanım bütün varlığı ilə sübut edib ki, özünü vətən torpaqlarına qurban vermiş oğul və qızları məhz belə anarlar, belə xatırlayırlar və səmimi olaraq belə qiymətləndirərlər:
Şəhid qardaş, şəhid bacı,
Siz Vətənin üstündəki hiylələrə,
Fitnələrə üsyan dediz.
Ədalətin yuxusunda mürgüləyən
Məmləkətə oyan dediz.
Pak bəndələr o müqəddəs
Yurdumuzla qucaqlaşdı,
Bu mərdanə addımınız hər sinədə,
Hər ürəkdə ocaqlaşdı.
Bu şeirdəki ideya məzmunla yanaşı işlədilən ifadələr də şübhə etmirəm ki, gələcəkdə tədqiqatçıların diqqətini cəlb edəcək. Şeiri oxuduqca onun ideya-siyasi əhəmiyyətinin – şəhidlik zirvəsinin bütün qatları, bütün çalarları oxucunun gözləri önündə canlanır:
Siz torpağa tapındınız,
Qəfəsindən çıxmaq istər
Quşcuğaz tək çırpındınız.
Şirin xanımın böyüklüyü ondadır ki, o, çoxlarından fərqli olaraq Vətəni yolunda şəhid olmaqdan da çəkinmir, bu dünyanın astar üzündəki iblislikləri görməmək üçün Tanrı dərgahına qovuşmaqdan da:
Ya öl deyir, ya beşgünlük
Zəmanədə azad yaşa,
Ya da yurdun kölə qızı,
Vurma belə əsir ömrü sən də başa,
Ya da bu yazıq Şadiman, ulu Tanrım!
Dərdlərini dərgahında bölmək istər,
Bu dünyanın hər üzünü
Görməməkçün ölmək istər.
Ayrı-ayrı şəhid qardaş-bacılarımızın müqəddəs ruhlarını poeziyanın imkanları çərcivəsində yad etmək Şirin xanım Kərimbəyli yaradıcılığında xüsusi çəkiyə malik bir xəttdir. Bu isə təbiidir. Çünki vətənpərvər-şairə kimi çağdaş ədəbiyyatımıza öz möhürünü vuran Şirin xanım ölkəmizin və xalqımızın həyatının indiki reallığını əks etdirməsəydi, o çoxlarının sevdiyi Şirin xanım Kərimbəyli Şadiman olmazdı ki…!
Qarabağ savaşında şəhid olmuş Masallı rayon Tüklə kəndində böyüyüb ərsəyə çatmış İbadov Əli İbad oğluna həsr etdiyi “Ey şəhid”” şeirində şairə həm şəhid-qəhrəmana doğma anası sayaq ağı deyir, həm də onu bir körpə Vətən övladı kimi əzizləyir, oxşayır:
Tüklədə uyuyur o nakam məzar,
Ruhu yağılara etmədə həzar,
Şadiman bu halı ah ilə yazar…
Oxuyar, ağlayar ümman, ey şəhid.
Dəryaların göz yaşını axıtdığını deyən vətənpərvər şairənin bu mövzuda hələlik ən qiymətli şeiri Azərbaycanın Milli Qəhramanı, telejurnalist Çingiz Mustafayevin müqəddəs ruhuna ithaf etdiyi “Çingiz”” şeiridir. Şeirdən bir parçaya diqqət yetirək:
Sən ər oğlu idin Azərbaycanın,
Haqqa qurban getdi növrəstə canın,
Yerdə qalmayacaq tökülən qanın…
Nə qanlı savaşın günahı, Çingiz.
Şirin xanımın yaradıcılığındakı şəhid mövzusunun kulminasiyasını isə sözsüz ki, “Şəhidlər Xiyabanı”” şeiri təşkil edir:
Sən nəhirlər ağladan ölkənin qibləgahı,
Qocadan cocuğadək hər evin səcdəgahı,
Dikiləcək min illər fələyə ana ahı…
Təbrizdən, Dərbənddən, Göyçədən, Zəngəzurdan, Borçalıdan Qarabağadək torpaqlarımızın, yurd yerlərimizin itkisi nəticəsində öz dəyərini stimullaşdıran ŞƏHİDLİK…
İtkilərimiz çoxaldıqca genişlənən, böyüyən, eyni məslək, amal uğrunda XX əsrin əvvəllərində qurban getmiş şəhidlərlə XX əsrin sonunda qurban getmiş şəhidləri cismən və ruhən birləşdirən Şəhidlər Xiyabanı. Şirin xanım çox haqlı olaraq xalqımızın unutqanlıq hisslərinin bu müqəddəs məkana münasibətdə də özünü göstərəcəyindən ciddi narahatdır. O, müharibəsi bitməmiş, torpaqları azad olunmamış ölkənin ətrafında baş verən olaylara laqeyd münasibəti formalaşmış gənclərinin də diqqətinə çatdırır ki, tarixi torpaqlarımızın azad olunması üçün millətin tapındığı yer statusu bu Vətəndə yalnız o müqəddəs məkana mənsub olmalıdır. ŞƏHİDLƏR XİYABANINA…
“Üçrəngli bayrağa bürünmüş şairə” kitabından hissə