Azərbaycan nəsrində həmişə ciddi istiqamət kimi qəbul olunan, həmçinin öz növbəsində sevilən janrlardan biri də tarixi romanlar olub. Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Fərman Kərimzadə, İlyas Əfəndiyev, İsa Hüseynov, Əzizə Cəfərzadə, Əlisa Nicat və digər yazarlar yaradıcılıqlarında bu mövzu əsasdır. Amma istər ictimai, istərsə də ədəbi mühitdə tarixi romanlar heç vaxt birmənalı qarşılanmayıb. Bəzilərində tarixi gerçəkliyin təhrif olunması, bəzilərində bədii təxəyyülün azlığı, quru materialların bolluğu, bəzilərində obrazlılıqdan zəif istifadə və digər tərəflər tənqid hədəfinə tutulub. Bəzən eyni tarixi hadisə yaxud şəxsiyyət ayrı-ayrı müəlliflər tərəfindən tamam başqa cür işıqlandırılıb.
Modern.az nəsrin məsuliyyətli sahəsi olan tarixi romançılıqla bağlı polemikasına başlayır.
Vaqif Yusifli (filologiya elmlər doktoru, ədəbi tənqidçi): “Bu haqda mətbuatda çox çıxış etmişəm. Mənə doğma olan mövzu olduğuna görə həvəslə danışacağam. Ədəbiyyatda iki cür tarixi roman var. Bir var xroniki, yəni orda tam olaraq tarixi ardıcıllıq , tarixi faktlar sırf elmi şəkildə yəni gerçəkliyə uyğun əks olunur. Burada şəxsiyyətin keçdiyi yolu olduğu kimi, tarixə uyğun şəkildə yazırlar. Azərbaycan ədəbiyyatında bu cür romanlar çoxdur Xiyabani, Səttarxan və s. barədə bu cür romanlar var. Bu tərzdə yazılan tarixi romanların ən yaxşı nümunəsi isə Yusif Vəzir Çəmənzəminlinin Molla Pənah Vaqif haqqında yazdığı “Qan içində” (“İki od arasında”) romanıdır. Bir də var, bədii təxəyyülün gücü ilə yaranan romanlar. Burada tarixi şəxsiyyətlər də bədii təxəyyülün gücü ilə yaradılır. Elə olur ki, qəhrəman tarixdə heç bu cür deyil. Amma yazıçı onu ya müasir gözlə baxdığına, ya nəyəsə görə başqa formada təsvir edir. Bu zaman da fərqli baxışlar meydana gəlir. Burda da yazıçıları qınamaq olmaz. Çünki o fərqli baxışlarda o hansı dövrü təsvir edirsə, o dövrün mənzərəsi bizə daha maraqlı olmalıdır”.
Cəmil Həsənli (tarix elmləri doktoru, professor): “Hökmən vacib deyil ki, tarixi romanın müəllifi hadisələri ardıcıllığı ilə tarixdə olduğu kimi versin. Əks halda bu tarixi roman yox, tarixi əsər olardı. Ona görə də burda yazıçının öz təxəyyülü, süjet qurması və buna uyğun yazması olduqca vacibdir. Məsələn, Çəmənzəminlinin “Qan içində”sini, Ordubadinin “Qılınc və qələm”ini yaxud digər tarixi romanları götürək. Şübhəsiz ki, bu əsərlərdə məsələnin bədii tərəfi mühümüdür. Burda obraz yaradılır. Bu yaranan obrazı yalnız tarixi materialla cilalamaq lazım deyil. Bədii təxəyyül də əsas rol oynamalıdır. Yaxud da Fərman Kərimzadənin “Xudafərin körpüsü” , Əzizə Cəfərzadənin “Bakı-1501” romanların əsas keyfiyyətlərindən biri tarixin bu və ya digər mərhələsində yaşamış şəxsiyyəti öz oxucusuna sevdirmək funksiyasıdır. Burda bədii fəndlərdən istifadə edilə bilər. Tək Azərbaycan ədəbiyyatında yox, dünya ədəbiyyatında da tarixi romanların tarixi olduğu kimi təsvir etməsi vacib deyil”.
Rövşən Almuradlı (rejissor): “Əgər dövlətçiliyimizə, milli maraqlarımıza ziyan vurmursa, həqiqətdən uzaq deyilsə müəyyən bədii forma çərçivəsində dəyişikliyə uğraya bilər. Tutaq ki, “Nəsimi” filmində Əmir Teymurla Nəsimi rastlaşdırılıb. Bu fakt tarixdə olmayıb. Amma onların timsalında iki nəhəngin üz-üzə gəlməsi gözəl təxəyyül məhsulu olduğu qədər də faydalıdır. Filmin obrazlı həllində yaxud onun təsir vasitələrini gücləndirməkdən ötrü lazımı vasitələrdən biridir. Amma belə deyək ki, tarix bütün halda təhrif olunmur. Nəsimi ilə Əmir Teymurun rastlaşması gerçəkdə ola da bilərdi, olmaya da bilərdi. Əgər tarixi şəxsiyyətin mövqeyi dəyişilirsə bu qəbul olunmazdır. Müəllif tərəfindən tarixi hadisəyə münasibət dəyişə bilər, amma tarixi hadisənin özü dəyişilməməlidir. Çünki zaman keçdikcə hadisələr, müəyyən dəyərlər yenidən qiymətləndirilir. Tutaq ki, Stalin dövründə çəkilən filmlərə onun dövründə münasibət başqa idi, Stalin öləndən sonra tama başqa oldu. Amma Stalinin tarix şəxsiyyət kimi tarixdə olması, gördüyü işlər, içində olduğu hadisələri dəyişdirməyə heç kəsin ixtiyarı yoxdur”.