Azərbaycan Təhsil Nazirliyi (TN) ölkənin ali məktəbləri tərəfindən verilmiş hər hansı diplomun dövlət nümunəli olub-olmaması, onun həqiqiliyinin yoxlanılması ilə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.
Təhsil Nazirliyinin məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Verdiyev Trend-ə bildirib ki, son vaxtlar TN-yə diplomların dövlət nümunəli olub-olmaması və həqiqiliyi ilə bağlı tez-tez sorğular daxil olur və bəzən bu məsələlərlə bağlı müəyyən caşqınlıqlar yaranır.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda 1998-ci ilədək həmin dövrün qanunvericiliyinə uyğun olaraq, TN-dən başqa digər müəssisələr, əsasən də özəl ali məktəblər özləri diplom sifariş edərək hazırlatdırıblar və məzunlarına veriblər:
Lakin 1998-ci ildən sonra diplomların verilməsi Nazirlər Kabinetinin (NK) qərarı ilə tənzimlənib və TN-yə dövlət nümunəli sənədlərin birbaşa onlar tərəfindən verilməsi səlahiyyəti verilib. Bu gün də Azərbaycanda təhsil sənədlərinin blankları NK-nın təsdiqlədıyi nümunələr əsasında TN tərəfindən sifariş edilir və təhsil müəssisələrinə verilir.
Şektor müdirinin sözlərinə görə, 1998-ci ilə qədər qədər mövcud olan prosedur həmin dövrlərdə təhsil alan bəzi tələbələr üçün müəyyən problemlər yaradıb.
O qeyd edib ki, artıq özəl ali məktəblərin özləri tərəfindən verilmiş diplomların böyük hissəsi TN tərəfindən dövlət nümunəli təhsil sənədləri ilə əvəzlənib. Bu prosedur hazırda da davam edir.
R.Verdiyev qeyd edib ki, əgər hansısa məzunun həmin dövrdə özəl ali məktəbin özü tərəfindən verilmiş diplomu varsa, o, həmin sənədin dövlət nümunəli təhsil sənədi ilə əvəzlənməsi üçün TN-yə müraciət edə bilər.
Diplomların dövlət nümunəli olub-olmamasının və həqiqiliyinin bir-birindən fərqlənən məsələlər olduğunu deyən R.Verdiyev bildirib ki, diplomun dövlət nümunəli olub-olmaması onun etibarlı olub-olmaması demək deyil:
“Bu gün ”dövlət nümunəli” sözü bir çox idarələrdə, təşkilatlarda, hətta savadlı insanlar tərəfindən belə düz başa düşülmür. “Dövlət nümunəli” o deməkdir ki, belə sənədlərin nümunələri TN tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. NK həmin nümunəni təsdiq edib. Bu nümunə əsasında sifariş olunan və hazırlanan təhsil sənədləri dövlət nümunəli hesab olunur”.
R.Verdiyev qeyd edib ki, burada bir məqama – həmin dövrdə təhsil müəssisəsinin qanuni, yaxud qanunsuz fəaliyyət göstərməsinə də xüsusi diqqət yetirmək lazımdır: “Əgər özəl təhsil müəssisəsi qanuni fəaliyyət göstəribsə, onun verdiyi diplom dövlət nümunəli olmasa da, həqiqidir, yəni saxta diplom deyil, etibarlı və qanunidir. Amma təhsil müəssisəsi qanunsuz fəaliyyət göstəribsə, yaxud həmin təhsil müəssisəsində təhsil almayan bir şəxsə saxta diplom verilibsə, onda bu diplom etibarsızdır. Əgər bizə sual verilsə ki, bu diplom dövlət nümunəlidir, ya yox, onda biz cavab verəcəyik ki, bu diplom dövlət nümunəli deyil və TN tərəfindən verilməyib. Amma bizim bu cavabımız heç də o demək deyil ki, biz həmin diplomu şübhə altına alırıq. Əgər diplom qanuni fəaliyyət göstərən təhsil müəssisəsi tərəfindən verilibsə, diplomu alan məzun həmin müəssisədə həqiqətən təhsil alıbsa və sənədi qanuni əsaslarla əldə edibsə, onun etibarlılığı barədə heç bir mübahisə ola bilməz”.