Televiziya və radio yayımı da daxil olmaqla, kütləvi informasiya vasitələri haqqında müasir qanunvericiliyin inkişafına, Rusiya Federasiyası Konstitusiyasının «İnsanın və vətəndaşın hüquq və azadlıqları» adlanan 2 saylı fəsli xüsusilə təsir etmişdir. Hər şeydən əvvəl söhbət 29-cu maddədən gedir. Maddənin 1-ci hissəsində deyilir: «Hər kəsin fikir və söz azadlığı təmin edilir». Beləliklə, sosial-siyasi dəyərlərin bu fundamental əsaslarının hüquqi müdafiəsi elan edilir.
Təəssüf ki, Rusiya Federasiyası Konstitusiyasında elan edilmiş söz azadlıqları təminatlarına baxmayaraq, bu anlayışın qanunvericilik təyini hələ də yoxdur, xüsusi ədəbiyyatda isə onun müxtəlif təfsiri verilir. Beləki, Rusiya Federasiyası Konstitusiyasının Kommetariyasında söz azadlığı, öz fikirlərini şifahi, yazılı, bədii obrazlarda ifadə etmək hüququ kimi izah edilir. Geniş hüquq lüğətində söz azadlığı, «informasiya azadlığı» adı almış daha geniş hüququn tərkib hissəsi olan «vətəndaşların şəxsi siyasi hüquqlarından biri» kimi şərh edilir.
Beynəlxalq hüquq «söz azadlığı» anlayışının hamı tərəfindən qəbul edilmiş normativ təyinini artıq tərtib etmişdir. Bu, insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında 4 noyabr 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsində öz əksini tapmışdır:
1. Hər bir şəxs öz mövqeyini azad ifadə etmək hüququna malikdir. Bu hüquqa öz mövqeyini azad saxlamaq və informasiya və ideyaları dövlət orqanları tərəfindən heç bir müdaxilə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq almaq və yaymaq azadlığı daxildir. 1998-ci il fevral ayının axırında Duma göstərilən insan hüquqları və əsas azadlıqlar haqqında 4 noyabr 1950-ci il Konvensiyasını təsdiq etmişdir.
Təsdiq edilən andan, 5 may 1998-ci ildə Rusiya Federasiyasının ərazisində qüvvəyə minən insan hüquqları və əsas azadlıqlar haqqında Konvensiya, məhz onun hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri Rusiya Federasiyası Konstitusiyasının 29-cu maddəsi ilə yanaşı mətbuat, radioyayım və teleyayım, eləcə də kütləvi informasiya yayımının yeni vasitələri haqqında qanunvericiliyin işlənməsi üçün başlıca hüquqi əsasa çevrilirlər. Bu sonuncu məqam (indiki halda İnternet şəbəkəsinin fəaliyyətinə toxunan), eləcə də seçki qanunvericiliyinin gələcək inkişafında da nəzərə alınmalıdır.
Hal hazırda Rusiya televiziyası və radiosuna nəzarət edən şəxslər efirdə nə danışsalar da, onların cəmiyyəti idarə etmək imkanlarının normativ məhdudiyyətlərinə qarşı nə qədər qətiliklə çıxış etsələr də, gec-tez ölkəmiz başqa ölkələrin artıq keçmiş olduğu, «informasiyalı demokratiya», söz azadlığı, informasiya almaq hüququnun, Rusiya tele-radio efirində fikir plyuralizminin və mövzu müxtəlifliyinin təmin edilməsi istiqamətindəki yola doğru hərəkət etmək məcburiyyətində qalacaq.
L.L.Yefimova