Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin dəvəti ilə martın 18-də bu ölkəyə rəsmi səfər edəcək. Bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanının müvafiq qurumları ilə əlaqələrin inkişafı, həmçinin din sahəsinə aid qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq, Dövlət Komitəsi və Səudiyyə Ərəbistanı Krallığının İslam işləri üzrə strukturları arasında əməkdaşlığın perspektivi mövcud münasibətlər kontekstində öyrəniləcək.
Rəsmi səfər proqramında Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının ərəb dilində ikinci nəşrinin təqdimatı da keçiriləcək.
Səfər proqramına dövlət və hökumət nümayəndələri ilə yanaşı, Krallığın elm və mədəniyyət xadimləri, Diplomatiya Universitetinin müəllim və tələbə heyyəti ilə görüşlər də daxildir.