İyunun 22-də Mili Məclisdə “Yol hərəkəti” haqqında qanuna əlavə və dəyişiklik edildi. Qanuna edilən digər dəyişikliyə görə, yaşayış zonalarında və həyət ərazilərində nəqliyyatı saatda 20 kilometrdən çox sürətlə idarə etmək qadağandır. Yolda piyada keçidi və ya işıqfor yoxdursa, sürücü yol keçməyə başlayan piyadaya yol verməli, hətta hərəkəti dayandırmalıdır. Dövlət nömrə nişanlarının yerində olmaması, nəqliyyat vasitəsinin şüşələrinə qanunla icazə verilməyən örtüklərin çəkilməsi, hərəkət zamanı sürücünün telefondan istifadəsinə görə 50 manat məbləğində cərimə tətbiq ediləcək.
Güclü səs və ya sayrışan işıq siqnallarından, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan texniki vasitələrdən, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə inzibati xətanın törədilməsinə alət olan predmeti müsadirə etməklə 40-60 manatadək miqdarda cərimə ilə cəzalandırılacaq. Bundan başqa, qanuna daha bir sıra əlavələr edilib.
Avtomobili olan jurnalistlər “Yol hərəkəti haqqında” qanuna edilən əlavə və dəyişikliklərlə bağlı məsələyə münasibətlərini bildiriblər. Modern.az saytı jurnalistlərin fikirlərini təqdim edir.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Qəbul olunan qanunda müsbət məqamlar da var. Sükan arxasında telefonla danışmağa yüksək cərimə qoyuldu. Mən bunu düzgün hesab edirəm.
Amma ümumilikdə bu dəyişiklikər korrupsiyaya yol açacaq. Qanuna edilən dəyişiklik piyadalara daha çox üstünlük verir. Sürücü qalır kənarda. Deyilir ki, harada piayada görülür sürcü saxlayıb ona yol verməlidir. Yaxşı, sürücü sürətlə gedirsə, birdən əyləc tutmadı, onda necə? Bu qanun piyadalara bir az artıq səlahiyyət verdi. Piyadalar üçün keçidlər qoyulub, ancaq istədikləri yerdən keçirlər. Əvvəllər keçiddən az istifadə edirdilərsə, indi heç istifadə etməyəcəklər. Sürcünü də çıxalmaz vəziyyətə qoyacaqlar.
Burada ziddiyyətli məqamlar çoxdur. Məsələn, sürücülük vəsiqələrinə qoyulan yaş həddi ilə bağlı. İndi reallıq odur ki, 700 manat verib sürücülük vəsiqəsi alırlar. İstərdim ki, qanunda o da nəzərdə tutulaydı ki, sürücülük vəsiqələri pulla verilməsin. Bu saat imkanlı şəxs istəsə, övladına 16 yaşından da sürücülük vəsiqəsi alar”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli: “Bir jurnalist kimi bu məsələ ilə bağlı onu deyə bilərəm ki, bəzi hallarda yol polisləri bu dəyişiklərdən sui-istifadə edəcəklər. Məslən, əldə telefon tutma ilə bağlı. İndi çox adam qol saat geyinmir. Telefonun saatından istifadə edir. Ola bilər ki, yol polisi həmin anda sürücünü cərimələsin. Uzun illərin peşəkar sürücüsü kimi isə onu deyə bilərəm ki, mən daha çox yol hərəkəti qaydalarının sərtləşdirilməsinin tərəfdarıyam. Hər şeyi kənara qoyaq. Burada insan həyatından söz gedir. Yol hərəkəti qaydaları nə qədər sərtləşdirilsə, o qədər yaxşıdır. Ümumiyyətlə, damara baxıb qan almaq lazımdır. Məsələn, əgər bir taksi sürücüsü bilməyərkdən qırmızı işıqdan keçibsə, onu 30-40 manat məbləğində cərimələmək olar. Yox əgər hər hansı bir məmur oliqarxın balası qırmızı işıqda qəsdən keçibsə, bu zaman o daha yüksək məbləğdə cərimələnməlidir. Düşünürəm ki, inkişaf etmiş ölkələrdə olduğu kimi bizim sürücüləri də yol hərəkəti qaydalarına tam əməl etməyi öyrətməliyik. Bir ifadə var- “qılınc müsəlman”, yəni maarifləndirməklə mümkün deyil, gərək yüksək məbləğdə cərimə tətbiq olunsun, qanunlar sərləşdirilsin ki, sürücələr də qanunlara tam əməl etsinlər”.
“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli: ““Yol hərəkəti haqqında” qanuna bir sıra dəyikliklər edildi. O cümlədən sürücülərə icazə verildi ki, avtomobillərin arxa şüşələrinə plyonka çəksinlər. Ümumiyyətlə, mən istəyərdim ki, avtomobillərin bütün şüşələrinə plyonka çəkilməsinə icazə versinlər. Adama deyərlər, ay məmur, sən özün qara plyonlaklı maşında gəzirsən, mən niyə gəzməyim. İran prezidenti Mahmud Əhmədinejadın yaxşı bir sözü var: “Nüvə silahı pisdirsə, əgər səndə də varsa, məndə niyə olmasın”. İndi bu qara plyonka pisdirsə, ay məmur, sən də istifadə etmə dəə… Plyonkadan istifadə edilməsinin nəyi pisdir ki? Bəlkə mənim yuxum gələcək bir kənarda avtomobilimi saxlayıb orada yatacam və istəmirəm mənim yuxulamağımı kimsə görsün. Bəyəm mən burada yol hərəkəti qaydasını pozuram. Avtomobil mənim mülkümdür. O da ev kimi bir şeydi. Yəni evimin içini kimsənin görməsini istəmədiyim kimi, avtomobilimin də içinin görünməsini istəmirəm. Burada nə pis bir hal var ki? Yol polisi sürücünü yol hərəkəti qaydasına görə saxlaya bilər. Cərimələrin məbləğinin artırılmasına gəlincə, mən uümuiyyətlə, cərimələnmənin tərəfdarıyam. Ancaq cərimənin miqdarına gəldikdə, yol polisi nə biləcək ki, məsələn, mən nə qədər maaş alıram. Adam var 50 manat onun üçün heç nədir. Adam var ki, bu məbləğ onun ciyərini çıxartmaq kimi bir şeydir”.
“Şərq” qəzetinin əməkdaşı Yusif Nəzərli: “Bu dəyişiklyin müsbət və mənfi tərəfləri var. Avtomobil idarə edərkən telefonla danışılırsa, 50 manat məbləğində cərimələnmənin tərəfdarıyam. Bu sürücülər tərəfindən narazılıq doğursa da düzgün qəbul edilmiş dəyişiklikdir. Çünki telefonla danışarkən sürücü qəza vəziyyəti yarada bilər. Bu da piyadanın həyatı üçün təhlükə yaradır. Bu baxımdan da dəyişikliyi müsbət qəbul edirəm. Həyətlərdə avtomobillərin saatda 20 km sürətlə idarə edilməsinə gəlincə, məsələn “Azərbaycan” nəşriyyatının yerləşdiyi bina da yaşayış massivi sayılır. Onsuz da tıxacların əlindən avtomobil sürmək olmurdu. Bu da tıxacların sayının artmasına səbəb olacaq. Bu qanun digər tətəfdən neqativ halların çoxalmasına səbəb olacaq. Gürcüstana tez-tez gedib-gəlirəm. Orada demək olar ki, yol polislərinə rast gəlinmir. Amma bizdə… Sürücülər yenə də bu yol polislərin əlindən təngə gəlcəklər”.
“525-ci qəzet”in əməkdaşı Rufik İsmayılov: “Cərimələnmə ilə bağlı qanuna edilən dəyişikliyi müsbət hesab edirəm. Cərimənin məbləği nə qədər çox olsa, sürcülərin də sürücülk mədəniyyəti bir o qədər yaxşılaşar. Bəzi sürüclərə yol hərəkəti qaydalarını əməl etməyə məcbur edər. Onu da qeyd edim ki, quyuya su tökməklə quyu dolmur. Qanundan əvvəl ilk növbədə sürücünün özündə sürücülük mədəniyyəti olmalıdır. İndiki qanuna görə, avtomobillər həyətyanı sahələrdə saatda 20 km sürətlə hərəkət etməlidir. Buna əməl etsələr, yaxşıdır. Yol polisi burada yoxdu deyə, sürətlə hərəkət edilməməlidir. Çünki söhbət insan taleyindən gedir. Bu baxımdan edilən dəyişiklər yaxşıdır. Bir də sürücülük vəsiqələrinin pulla alınmaması üçün də qanuna dəyişiklik edilsəydi, yaxşı olardı. Yerində cərimələnməyə gəldikdə, əslində xarici ölkələrdə elektron hökumət deyilən bir anlayış var ki, sürücü cərimələnən zaman yol polisi cərimə ilə bağlı sürücüyə cek verir, sürücü də pulu yol polisinə deyil, müəyyən banklar vasitəsilə dövlətin büdcəsinə verir. Belədə pul yol polisinin cibinə getmir. Ona görə də mən də istəyərdim ki, bizdə də belə bir mexanizm tətbiq olunsun”.