Son bir ayda ƏƏSMN rəhbərliyi 1640 nəfərdən çox vətəndaşı fərdi qaydada qəbul edib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən cari ilin may ayında 1641 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-in qəbul otağında 1591 müraciət edən şəxs qəbul olunub ki, onların 35,76 faizi sosial təminat, 26,59 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 23,19 faizi məşğulluq, 14,52 faizi əmək hüquqlarının qorunması məsələləri ilə əlaqədardır.

Həmçinin ötən ay ƏƏSMN-də 23 nəfərin nazir, nazir müavinləri və aparat rəhbəri tərəfindən qəbulu həyata keçirilib. “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında ərzində respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki”nə əsasən, nazir tərəfindən Cəlilabad rayonunda keçirilən vətəndaş qəbulu zamanı isə 5 rayon (Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala) üzrə 27 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib. Hər bir vətəndaşın müraciəti obyektiv şəkildə araşdırılaraq cavablandırılıb.

ƏƏSMN-in qəbul otağı son vaxtlarda yenidən qurulub, vətəndaşların müraciət etmələri və qəbul prosesi müasir texnologiyalar əsasında təkmilləşdirilib. Bura gələn şəxslər qəbul otağında quraşdırılmış post-terminaldakı monitordakı müvafiq bölməyə daxil olaraq nömrələnmiş qəbz əldə edir, qəbzdəki nömrə elektron tabloda əks olunduqdan, həmçinin səsləndirildikdən sonra aidiyyəti məsələ üzrə ayrıca kabinədə nazirliyin əməkdaşı tərəfindən qəbul olunurlar. Aparılan qəbul prosesinə xüsusi monitor vasitəsilə nəzarət həyata keçirilir. Qəbul otağında vətəndaşların rahat şəraitdə qəbulu, həmçinin növbələrini gözləmələri üçün müasir tələblər səviyyəsində rahat şərait yaradılıb.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO