ANS TV-nin Amerikada xüsusi müxbiri Sevinc Osmanqızı telekanalı tərk etməsinə dair məlumata münasibət bildirib.
“Qafqazinfo”ya açıqlamasında S. Osmanqızı faktı təsdiqləyib və bu addımın həyatında müsbət dəyişikliklərə yol açdığını deyib: “Planlarım çoxdur. BBC və digər Qərb mətbuatı, beyin mərkəzləri ilə əməkdaşlığımı gücləndirmişən. Azərbaycan mətbuatı ilə də əlaqələrim davam edəcək. Hazırda Qərb auditoriyası üçün nəzərdə tutulan Qarabağa dair sənədli filmin ssenarisi üzərində işləyirəm. İrəlidə yeni layihələr üçün plan, ideya, arzu çoxdur.”
Əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl Osmanqızının Amerikada yayınlanan “BBC” radiosu üçün hazırladığı ilk layihə, “Atamın helikopteri vurulub” verilişi Qarabağ münaqişəsi və 20 noyabr Qarakənd faciəsinə həsr olunub.
Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl televiziyanın Xəbərlər Redaksiyasının Baş Redaktoru işləyib. ANS-da yayınlanan “Cümə Sevinc Osmanqızı ilə” ictimai-siyasi verilişin və “Açıq söhbət Sevinc Osmanqızı ilə” siyasi debat proqramının aparıcısı olub. Osmanqızı ANS-də çalışdığı illərdə Amerikanın “CNN” telekanalında Azərbaycana dair layihələri ilə də yadda qalıb.
Modern.az