Seçki prosesi qəzetlərin tirajına necə təsir edir?

7 noyabr parlament seçkisinə sentyabrın 7-dən start verilib. Artıq seçki kampaniyasının bir ayı arxada qalıb. Kampaniyanın ilk ayı qəzetlərin tirajına nə cür təsir edib? Satışda hər hansı artım müşahidə olunubmu? “Media forum” saytının bu və digər suallarını “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev cavablandırıblar.

Ələsgər Süleymanlının sözlərinə görə, hələ dəqiq rəqəmlər əldə olmasa da, gündəlik izləmələrə əsaslanıb müəyyən qədər fikir yürütmək olar: “Qəzetin tirajının artması təkcə seçki ilə bağlı deyil. Yay aylarında qəzetlərin satış faizi istər-istəməz aşağı düşür. Bu tendensiya sentyabrın 15-dən aradan qalxmağa, tirajda və satışda yaya qədər olan vəziyyət bərpa olunmağa başlayır. İndi bu prosesə müəyyən dərəcədə seçki kampaniyasının təsirini də əlavə eləmək mümkündür. Lakin onu da demək istəyirəm ki, bu gün əldə etdiyimiz nəticə heç də gözlədiyimiz kimi deyil, çox aşağıdır. Seçki dövründə aktivlik daha çox olmalı idi”.

“Yeni Müsavat”ın baş direktoru onu da əlavə edib ki, təxmini hesablamalara görə, qəzetin satışında avqust ayı ilə müqayisədə sentyabrda 15-20 faiz fərq olub: “Ola bilər ki, bundan sonra artım daha sürətli olsun. Amma son nəticələrə baxdıqda tempin hələ aşağı olduğunu görürük”.

Seçki prosesi başlayandan “Yeni Müsavat” qəzetinin regionlardakı satışına gəlincə, Ələsgər Süleymanlı bildirib ki, nə yaya qədər, nə yay aylarında, nə də sonra diqqətçəkən bir dəyişiklik var. “Musavat.com” saytında isə hətta yayda da ziyarətçilər çox olub: “Mövsümdən asılı olmayaraq sayta daxilolmalar yüksək səviyyədə qalıb. “Musavat.com”un gün ərzində 12-15 min ziyarətçisi olur”.

Hikmət Babaoğlunun sözlərinə görə, hazırda “Yeni Azərbaycan”ın nə regionlardakı satışı, nə də qəzetin saytına daxilolmalarla bağlı dəqiq hesablamalar aparılmayıb. Lakin o, seçki kampaniyasında vətəndaşların aktivliyinin müşahidə olunduğunu, bunun qəzetin satışına da müsbət təsir etdiyini deyib: “Ötən ay satışda artım müşahidə olunub. İlkin müşahidəyə əsaslanıb artımın təxminən 3-5 faiz olduğunu ehtimal etmək mümkündür. Onu da qeyd edim ki, qəzetimiz abunə yolu ilə daha çox satılır”.

Bahəddin Həziyev “Bizim yol”un sentyabr ayı üzrə satış nəticələrinin hələ əldə olmadığını bildirib. Lakin təxmini hesablamalara əsaslanaraq o, sentyabr ayında satışda təxminən 7-8 faiz artım olduğunu söyləyib: “Belə bir proqnoz vermək olar ki, seçki kampaniyasının növbəti mərhələsində canlanma daha yüksək olacaq. Təşviqat-təbliğat kampaniyasına start verilməsi, debatların təşkil olunması qəzetlərin, eləcə də “Bizim yol”un tirajının artmasına təsir edəcək. Məncə, bura seçki gününü və seçkidən sonrakı günləri də əlavə eləmək olar. Çünki həmin dövrdə baş verəcək hadisələr daha çox ictimai maraq yaradır və qəzetlərə, mediaya marağı çoxaldır”.

Baş redaktorun verdiyi məlumata görə, “Bizim yol” qəzetinə ilk növbədə Bakıda, daha sonra əsasən Sumqayıt, Gəncə və Naxçıvanda tələbat artıb: “Düzdür, qəzetlərin yayımı ilə bağlı xeyli problem var. Bu problem həm Bakıya, həm də bölgələrə aiddir. Bununla belə, ölkənin ikinci şəhəri olan Gəncədə qəzetimizə tələbat artıb”.

“Bizim yol”un internet səhifəsinə daxilolmalara gəlincə, sentyabr ayında bir həftəlik texniki problemin olması saytın statistikanı zəiflədib: “Bu texniki problemi aradan qaldırdıq. Son bir həftədə sayta girişin əvvəlki göstəriciyə çatdığını deyə bilərik. Güman edirəm ki, növbəti kampaniya mərhələsində ziyarətçilərin sayı artacaq”.

Bəhruz Quliyevin sözlərinə görə, seçki kampaniyasının ilk ayında “Səs”in yaradıcı işində ciddi aktivlik nəzərə çarpıb: “Redaksiyada seçki fəallığının artması üçün müəyyən tədbirlər təşkil edirik. Qəzetin tirajına gəlincə, müəyyən artımın olduğunu deyə bilərik. Təxmini hesablamalarımıza görə, satışda 15-20 faizlik artım ola bilər. Lakin onu da əlavə eləmək istəyirəm ki, bizim qəzetin abunə baxımdan vəziyyəti daha yaxşıdır”.

Baş redaktor qeyd edib ki, son bir ayda qəzetin internet səhifəsinin də oxucularının sayı artıb. Regionlara gəlincə, baş redaktor vəziyyətin yaxşı olduğunu vurğulayıb: “Gəncədə, Naxçıvanda, Şəki-Qəbələ-Oğuz zonasında, Qubada satışın səviyyəsində artım olduğunu müşahidə eləmişik”.

“Media forum”
Share

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO