Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasına start verib. Layihə çərçivəsində SAMF-ın əməkdaşları tərəfindən işğal altında qalan mövcud turizm obyektlərinin siyahısı dəqiqləşdiriləcək, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanacaq və bölgədəki turizm imkanlarını araşdırılacaq.
Qeyd edək ki, Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatına da ciddi ziyan dəymişdir. Məlumdur ki, Qarabağ Azərbaycanın tarixi əlamətlərinin, milli-mənəvi dəyərlərinin daşıyıcı məkanlarından olmaqla bərabər, həm də gözəl təbiətə malik bir diyardır. Vaxtı ilə bu torpaqlardakı təbiət gözəllikləri Azərbaycan və dünya turistlərinin gəzinti, istirahət yerlərinə çevrilmişdi. Burada hələ sovet dönəmində fəaliyyətdə olan kurortlar, istirahət və əyləncə mərkəzləri insanların marağını cəlb etməklə yanaşı, müalicəvi xarakterinə görə də məşhurlaşmışdı. Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa sanatoriyası”, “Abdal-Gülablı sanatoriyası”, “Şuşa istirahət evləri” və s. kimi turizm məskənləri isə xüsusilə seçilirdilər. Bu turizm və müalicə obyektləri Azərbaycan xalqının tarixi, milli dəyərlərini dünyaya tanıtmaqla yanaşı, dövlət büdcəsinə də külli miqdarda gəlir gətirirdilər.
SAMF bu layihə vasitəsilə bütün dünya ictimaiyyətinin diqqətinə regionun həmdə turizm mərkəzi olduğunu isbatlayan faktlar və rəqəmləri çatdırmaq niyyətindədir. Fond Qarabağın turizm potensialını nümayiş etdirəcək faktları təhlil etməklə media vasitəsilə ictimailəşdirilmək fikrindədir.
SAMF
11.07.2011