Söz Azadlığını Müdafiə Fondu (SAMF) turizm ili çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin qalibi olaraq “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinə yekun vurub. Ötən gün bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan SAMF-ın icraçı direktoru Vüqar Tofiqli bildirdi ki, həyata keçirilən layihə çərçivəsində SAMF-ın əməkdaşları tərəfindən işğal altında qalan turizm obyektlərinin rəhbəri olmuş şəxslərlə görüşlər keçirilmiş və obyektlərin siyahısı dəqiqləşdirilmiş, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq regionun turizm imkanları araşdırılmışdır. Adıçəkilən rayonların RİH nümayəndələri və Mədəniyyət və Turizm şöbələrində görüşlər təşkil edilmiş və mövzu ətrafında müzakirələr aparılmışdır. Ölkəmizə bu illər ərzində dəymiş ziyanın təxmini məbləğı iqtisadçıların və inşaat mütəxəssislərinin iştirakı ilə hesablanmışdır.
V.Tofiqlinin sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycanın ən böyük problemi olan Qarabağ torpaqlarının işğaldan xilas edilməsinə hesablanmış addımlardan biridir. Qarabağ torpaqlarında, Azərbaycanın işğal altında qalan tarixi ərazilərindəki potensial turizm məkanlarının gündəmə gətirilməsi və media vasitəsilə ictimailəşdirilməsi həm ölkəmizə dəyən maddi-mənəvi ziyanların dünya xalqlarının, beynəlxalq təşkilatların diqqətinə çatdırılması da əsas məqsədlərdən biridir.
Layihə çərçivəsində toplanan fakt və materialların slayd-şou vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdıran icraçı direktor Şuşa və Ağdamın işğal altında qalması səbəbindən Azərbaycan dövlətinə, eləcə də Azərbaycan turizminə dəyən ziyanın təxmini miqdarı barədə də geniş məlumatlar verdi. Məlum oldu ki, hesablamalara görə təkcə turizm fəaliyyətindən ölkəmizə 2 milyard manata yaxın maddi zərər dəyib. Mənəvi itkiləri isə hər hansı hesablama vasitəsi həyata keçirməkdə acizdir.
Sonra layihə çərçivəsində görülən işlər barədə SAMF-ın Layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyev çıxış edərək Şuşa və Ağdamın turizm potensialını öyrənərkən keçirilən görüşlər, alınan müsahibələr, müxtəlif dövrlərdə çap məhsullarında öz əksini tapan materiallardan əldə edilən məlumatlardan danışdı. Məlum oldu ki, Qafqaz kurortlarının tədqiqatçısı professor Fiqurovski vaxtilə Şuşanın kurort imkanlarını İsveçrənin dünyaca məşhur Davos kurortundan da yüksək qiymətləndirib. Kurortun Şuşada deyil, Stepanakertdə (Xankəndi-red.) salınmasına çalışan ermənilərin bu niyyətini isə mərhum akademik Mirəli Qaşqay öz dəmir məntiqi ilə puça çıxarıbmış: “Tutalım sanatoriya-turizm kompleksini Stepanakertdə tikdiniz, bulaqların suyunu da borularla Stepanaketə gətirdiniz, bəs Şuşanın müalicəvi havasını ki, borularla Stepanakertə gətirə bilməyəcəksiniz”.
N.Quliyev onu da söylədi ki, layihənin məqsədinə müvafiq olaraq fond Qarabağ probleminin həllinə azca da olsa öz köməkliyini göstərmək istəyir: “Qoy bütün dünya Qarabağ torpaqlarının münaqişə meydanına çevrilməsi səbəbindən beynəlxalq turizmin də nələr itirdiyinin fərqində olsun. Bəlkə bundan sonra Qarabağ savaşının ədalətli həllinə kömək etmiş olarlar. Konfliktin ədalətli həlli isə Azərbaycanın BMT-də tanınan ərazi bütövlüyünün bərpasından keçir”.
Sonra layihə ətrafında müzakirələr başladı. Tədbirdə iştirak edən millət vəkili Xanhüseyn Kazımlı layihənin bütövlükdə təqdirəlayiq olduğunu, gələcəkdə qiymətləndirmələr zamanı daha dəqiq rəqəmlərin tapılmasına, bununçün beynəlxalq qiymətləndirmə standartlarından yararlanmağı məsləhət bildi. Dedi ki, o, həmin standartlarla ölkəmizə daha çox ziyan dəydiyini düşünür.
Ağdamın sabiq rəhbərlərindən olan Sadıq Murtuzayev rayonda işlədiyi dövrdə kəhrizlərin bərpası, İstirahət evləri və Gülablı sanatoriyasının inşası prosesindən danışdı. Əslən Ağdamdan olan professor Rafiq Əliyev də layihənin müsbət nəticələrə gətirib çıxaracağını, lakin paralel olaraq Qarabağın işğaldan azad olunması layihəsinin də müzakirəsinə ehtiyac olduğunu bildirdi. Əməkdar müəllim Səlim Əzimov, Şuşa Mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, Ağdamın keçmiş deputatı Çimnaz Əliyeva, İnam Plüralizm Mərkəzinin sədri Vahid Qazi, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Rəhman Oruclu, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və başqaları çıxış edərək layihənin əhəmiyyətli nəticələrə gətirib çıxaracağından danışdılar və SAMF kollektivinin topladığı materialların ingilis dilinə tərcümə edilərək dərc edilməsinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışdılar.
Dəyirmi masada SAMF kollektivinin layihə çərçivəsində ərsəyə gətirdiyi “Şuşa və Ağdamın turizm potensialı: faktlar və rəqəmlər” adlı broşura və buklet də təqdim olundu və tədbir iştirakçılarına paylanıldı.