Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsinin icrasına start vermişdir.
Bu məqsədlə layihə iştirakçılarının ilk görüşü keçirilib. Görüşdə fondun sədri Musa Yaqub iştirakçılara layihənin əhəmiyyətindən danışaraq Qarabağla bağlı maddi-mədəni irsin öyrənilməsində həyata keçirilən layihənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Fondun icraçı direktoru Vüqar Tofiqli layihənin mərhələləri və icra planı ilə iştirakçıları tanış etdikdən sonra, layihənin hər bir işçisinin üzərinə düşən konkret vəzifələr haqqında da ətraflı müzakirələr aparılıb.
Xatırladaq ki, layihənin əsas məqsədi işğal altında olan maddi-mədəni irsimizin dərindən öyrənilməsi, Qarabağ muzeylərindəki maddi-mədəniyyət eksponatlarının siyahılaşdırılması, əldə olunacaq faktlar əsasında hazırlanacaq nəşrlər və keçiriləcək sərgi vasitəsilə işğal nəticəsində dəymiş maddi-mənəvi ziyanın ölkə gəncliyinə, dünya xalqlarına, eləcə də konfliktin həlli ilə məşğul olan beynəlxalq təşkilatların diqqətinə çatdırılmasıdır.
Qeyd edək ki, layihə çərçivəsində Ağdamın Quzanlı qəsəbəsində əldə edilmiş materiallar əsasında sərginin keçirilməsi və “Qarabağ muzeyləri” ensiklopedik-məlumat kitabının nəşri nəzərdə tutulmuşdur.
İlkin olaraq fondun daxili imkanları hesabına 2011-ci ildən başlanan layihə çərçivəsində artıq bir sira məlumatlar əldə edilmiş və Ağdərə (Mardakert), Xocavənd (Martuni və Hadrut), Xocalı (Əsgəran və Yaloba), Xankəndi (Stepanakert) şəhərlərində muzeylərin fəaliyyət göstərməsi rəsmi qurumların cavab məktublarında öz təsdiqini tapmışdır.
Araşdırmalar göstərir ki, işğal altında olan muzeylərin sayı 30-a çatır. Bu ərazilərdə rəsmi fəaliyyətdə olmuş dövlət rəsm qalereyalarını da (Ağdam, Laçın, Şuşa və Qubadlı dövlət rəsm qalereyaları) bura əlavə etsək, onda işğal altında 34 muzey və rəsm qalereyası qaldığı bəlli olar.
Qeyd edək, layihənin informasiya dəstəyini “Karabakhinfo.com ” internet resursu həyata keçirəcək.
Söz Azadlığını Müdafiə Fondu