SAMF meriyaya müraciət etdi

SAMF meriyaya müraciət etdi Qurum reklam və küçə adlarının yazılışına nəzarət edəcək ictimai komissiyanın yaradılmasını istəyir
Müraciətdə qeyd olunur ki, Söz Azadlığını Müdafiə Fondu (SAMF) 2010-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafına dəstək vermək istiqamətində müxtəlif tədbirlər həyata keçirməyə başlayıb. Bu məqsədlə öncə təşkilatın daxili imkanları hesabına Bakının 10 mərkəzi küçə və prospektlərində 442 xidmət sahəsində reklam adlarının yazılışı ilə bağlı monitorinq keçirilib. Monitorinq zamanı araşdırılan reklam lövhələrinin 37%-nin ingilis, 11%-nin türk dillərində yazıldığı, 18%-ndə isə rus sözlərinin latın qrafikası ilə yazıldığı aşkarlanmışdı. Araşdırmalar zamanı bir sıra küçə adlarının yazılışında da yanlışlıqlara rast gəlinmişdir. Monitorinqin ardınca SAMF bu işin bir növ davamı olaraq “Azərbaycan dilinin qorunması media, reklam və etnoqrafiya müstəvisində” adlı növbəti layihəsini həyata keçirdi. Layihə çərçivəsində toplanan faktları sonda alimlərin, mütəxəssislərin, hüquqşünasların, media mənsublarının iştirakı ilə geniş tərkibli dəyirmi masada müzakirəyə çıxarıldı. SAMF təəssüf hissilə bildirir ki, gündəlik həyatda müşahidə edilən faktlar analoji problemlərin nəinki aradan qaldırılmadığını, üstəlik bu sahədə geriləmə hallarının artdığını əyani şəkildə göstərir. Bu məsələnin daim aktuallığını nəzərə alaraq, Azərbaycan dilinin bütün səviyyələrdə qorunması və inkişafına yardım edilməsinə yönələn tədbir və ictimai müzakirələri davam etdirmək niyyəti ilə çıxış edir.
Müraciətdə daha sonra bu sahədə Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşən vəzifələrə bilavasitə toxunulur və bu qurumdan xalqımızın taleyüklü probleminin həllinə konkret tövhələr verilməsi istənilir: “BŞİH yanında reklamlar və küçə adlarının yazılışında Azərbaycan dilinin qorunmasına kömək edə biləcək ictimai nəzarət komissiyasının yaradılmasının vacibliyi barədə təklifimizə münasibət bildirməyinizi xahis edirik. Hesab edirik ki, müvafiq dövlət strukturlarının, ekspertlərin, alimlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin qatılacağı komissiyanın yaradılması bu sahədəki problemlərin aradan qaldırılmasına təkan verə bilər. Fondun bu istiqamətdə apardığı araşdırmalar göstərir ki, Azərbaycan dilinin qorunması ilə bağlı ictimai komissiyanın yaradılması müvafiq qurumların, hüquqi və fiziki şəxslərin məsuliyyət yükünü artıracaq və neqativ halların daha da çoxalmasına imkan verməyəcək”.
Bununla yanaşı SAMF qarşıdakı oktyabr-noyabr aylarında reklam və küçə adları ilə bağlı yeni monitorinqlər reallaşdıracağı, eləcə də Azərbaycan dilinin qorunmasını stimullaşdırmalı olan qanunlara və milli-genetik əsaslara söykənən araşdırmaları davam etdirəcək. Qeyd edilib ki, fond problemin araşdırılmasına kömək məqsədilə AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Etnoqrafiya İnstitutu, Milli Məclisin Mədəniyyət Komitəsi, hüquqi və fiziki şəxslərin qeydiyyatdan keçirən Vergilər Nazirliyi, Azərbaycan Reklamçılar Assosiasiyası və digər təşkilatlara da müraciət edəcək. Layihənin yekununda toplanmış material və faktlar təhlil edilərək ictimai müzakirəyə çıxarılacaq.
SAMF
29/09/2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO