Söz Azadlığını Müdafiə Fondu (SAMF) 25 noyabr 2009-cu il tarixində saat 12.00-da Kaspian Plaza Biznes Mərkəzinin konfrans zalında “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusundakı layihəsini əhatə edəcək ilk tədbirini keçirəcək. Fonddan verilən məlumata görə bir neçə mərhələni əhatə etməsi planlaşdırılan layihədən məqsədi dövlət və özəl strukturlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri ilə KİV təmsilçiləri arasında mövcud əlaqələrin pozitiv və neqativ cəhətlərini təhlil etməklə problemləri üzə çıxarmaq və bu münasibətlərin müsbət meylli strateji inkişaf istiqamətlərini müəyyən etməkdir. Ona görə də fondun kollektivi tədbirə dəvət olunan KİV, mətbuat xidməti rəhbərləri, QHT təmsilçiləri və hüquqşünaslardan xahiş edir ki, layihənin ilk tədbiri olan dəyirmi masanın işinə qatılarkən konkret faktlara əsaslanan arqumentlərini və KİV-lərlə mətbuat xidmətləri arasında münasibətləri daha sivil formada qurmağa əsaslanan təkliflərlə çıxış etsinlər. Kollektiv bu təklif və arqumentləri yüksək dəyərləndirərək onları ictimailəşdirmək istəyir, sonrakı tədbirlərdə isə mövcud əlaqələrin təkmilləşdirilməsi istiqamətləri ilə bağlı hazırlanmış konsepsiyanın detallarının müzakirəsini təşkil etməyi planlaşdırır. Layihə çərçivəsində tədbirin davamı olaraq KİV-lərlə işini yaxşı quran mətbuat xidmətlərinin müəyyən etmək məqsədilə dekabr ayında təşkilatın könüllüləri vasitəsi ilə bütün media qurumlarının iştiraki ilə rəy sorğusunun keçirilməsi planlaşdırılıb. Fond kollektivi hesab edir ki, bu layihə mətbuat xidməti institutları ilə KİV-lərin münasibətlərinin normallaşdırılmasına kömək etməklə yanaşı, ölkəmizdə informasiyalı cəmiyyət üzərində yaradılan hüquqi dövlətin qurulması prosesinə də xüsusi töhfə olacaq .
SAMF