Söz Azadlığını Müadifə Fondu Azərbaycan mətbuatının banısı Həsən bəy Zərdabinin 170 illiyi münasibətilə 104 ildən sonra “Dəbistan” jurnalının xatirə nömrəsini yenidən nəşr edib. Qeyd edək ki, layihənin ideya müəllifi Şamaxının millət vəkili, AVCİYA-nin prezidenti Elxan Süleymanovdur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi ilə nəşr edilən jurnalda materiallar oxuculara həm orjinalda, həm də yeni qrafika ilə təqdim edilib. Nəşr fondun sədri, SAMF-ın sədri Musa Yaqubun ön sözü ilə başlayır. Ön sözündə fond sədri qeyd edir ki, demokratik mətbuatımızın banisi, yeni tipli mədəniyyətin əsaslarının yaradılması, milli oyanış və tərəqqi yolunda misilsiz xidmətləri ilə “ziyalılarımızın atası”adını qazanmış Həsən bəy Zərdabinin böyük arzu və əməllərini yetirmələrinə miras qoyaraq 1907-ci ilin 28 noyabrında əbədiyyata qovuşması milli matəmə çevrilmişdi. O vaxta qədər görünməmiş izdihamlı vida və dəfn mərasimində söylənən, mətbuatda çap olunan saysız-hesabsız materiallar böyük Həsən bəyin illər boyu şərəflə daşıdığı ali missiyanı-öz xalqını azad, mədəni və qüdrətli görmək uğrunda mübarizəni əks etdirməklə yanaşı, həm də xələflərin öz böyük sələflərininin yolunu davam etdirmək andı kimi səslənmişdi.
Xatırladaq ki bundan əvvəl Söz Azadlığını Müdafiə Fondu mətbuatimizin banisi ilə bağlı materialların bir hissəsini “Həsən bəy Zərdabi və “Əkinçi” toplularına daxil edərək Zərdabinin çağdaş davamçılarına təqdim etmişdir. Fond bu dəfə möhtəşəm qədirbilənlik nümunəsi olmuş daha bir dəyərli mənbəni-Həsən bəyin tövsiyə və himayəsi isə yaradilmış ilk milli uşaq jurnalımız olan “Dəbistan”ın öz unudulmaz müəlliminin xatirəsinə həsr etdiyi ayrıca nömrəsini tarixi və latın qrafikalı əlifba ilə hazırlanmış variantları ilə bir yerdə oxuculara təqdim edir. Həmin tarixi nömrədə Zərdabinin bioqrafiyası, dəfn mərasimi, xalqımıza xidmətləri və ana dili ilə bağlı mülahizələrini əks etdirən yazılar dərc olunmuşdu.
Nəşrə giriş sözünü əməkdar yurnalıst Tahir Aydınoğlu yazmış, ərəb əlifbasından transliterasiyasını isə filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova həyata keçirmişdir. Xatirə nəşri geniş oxucu kütləsi üçün xüsusən tədqiqatçılar, media təmsilçiləri və tələbələr üçün nəzərdə tutulmuşdur.
SAMF-ın kollektivi inanır ki, Həsən bəy Zərdabinin yubileyi münasibətilə yenidən işıq üzü görmüş “Dəbistan” jurnalının xatirə nömrəsi zərdabisevərlərə dəyərli hədiyyə olacaqdır.
SAMF
26.11.2012