Söz Azadlğını Müdafiə Fondu (SAMF) 2009-cu ildən start verdiyi Azərbaycan dilinin qorunması istiqamətində layihəni davam etdirir. “Azərbaycan dilinin qorunması problemlərinə gənc yazıçıların münasibəti” mövzusunda keçirilən dəyirmi masa da həmin layihələr çərçivəsində baş tutub.
Tədbiri SAMF sədri, şair Musa Yaqub açaraq rəhbərlik etdiyi qurumun Azərbaycan dilinin qorunması və inkişafına kömək edəcək layihələrin milli-mənəvi dəyərlərimiz baxımından əhəmiyyəti barədə gənc yazarlara geniş məlumat verib. M.Yaqub SAMF-ın əməkdaşları tərəfindən iki il öncə başladığı tədbirlərin davamı olaraq yenidən Bakı şəhərində küçə reklamları və firma adlarının yazılışının monitorinqini həyata keçirildiyini və bu günlərdə monitorinqin nəticələrinin ictimai müzakirəyə çıxarılacağını bildirdi.
Fond sədri çıxışında daha sonra ictimai müzakirələrə təqdim etmək məqsədilə ölkədəki əlaqədar qurumlarla yazışmaların aparıldığını və digər ölkələrdəki analoji durumların müqayisəli təhlilinin həyata keçirildiyini də qeyd etdi.
Sonra gənc yazarların ölkəmizdə Azərbaycan dilinin – dövlət dilinin qorunması problemlərinə münasibəti və onların təklifləri geniş müzakirələrə səbəb oldu. Müzakirələrdə gənc yazıçılar Fərid Hüseyn, Könül Səid, İlahə Nəsib, Habil Yaşar, Yusif Nazim, Fidan Azərqızı və Zaur Qəriboğlu iştirak edirdilər. Çıxışlarında SAMF-ın dilimizlə bağlı layihələrini alqışlayan gənclərin problemin həlli istiqamətində təklifləri daha çox dilimizin qorunması üçün mediada sosial reklamların mütəmadi olaraq yerləşdirilməsi, küçə və prospektlərdə reklam fəaliyyətinə nəzarətin artırılması, əcnəbi adların qeydiyyatı zamanı ölkə qanunvericiliyinin tələblərinin gözlənilməsi və s. oldu.
Tədbirin sonunda bu cür müzakirələrin zəruri olduğunu qeyd edən Musa Yaqub gələcəkdə belə görüşlərin davam etdiriləcəyini bildirdi.
SAMF
07/12/2011