SAMF AVCİYA təşkilatı ilə “Həsən bəy Zərdabi və “Əkinçi ” ” kitabı işıq üzü görüb

Azərbaycanın Milli Mətbuatının 135 illik yubileyi münasibətilə nəşr edilmiş “Həsən bəy Zərdabi və “Əkinçi”” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondu tərəfindən birgə hazırlanıb.

Kitabda Azərbaycanın ilk milli qəzeti “Əkinçi”nin yaradıcısı Həsən bəy Zərdabinin bioqrafiyası, onun mətbuat tarixindəki rolu, milli oyanış və maarifçilik fəaliyyətini əks etdirən tarixi materiallar, tədqiqatlar yer alıb. Bundan başqa, kitaba Həsən bəy Zərdabinin məqalələri, onun həyat yoldaşı Hənifə xanım Məlikova, qızı Qəribsoltan Məlkova, kürəkəni Əlimərdan bəy Topçubaşovun onun barəsində xatirələri daxil edilib. Kitabın redaksiya heyətinə Söz Azadlığını Müdafiə Fondunun rəhbəri, şair Musa Yaqub, əməkdar jurnalist Tahir Aydınoğlu, Vüqar Tofiqli və Nəzirməmməd Zöhrablı daxildir.

M. Yaqub tədbirdə çıxış edərək bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının klassikidir və hər bir jurnalistə örnək olmalıdır. O, kitabın nəşrinə hazırlığın 5 il əvvəl başladığını və bu il başa çatdığını qeyd edib.

Tədbirdə redaksiya heyətinin digər üzvləri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimləri, jurnalist təşkilatlarının rəhbərləri kitab barədə öz fikirlərini bildirib, bu addımı təqdir ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO