SAMF 20 Yanvar faciəsi ilə bağlı dünya xalqlarına müraciət edib

Rusiyanın 20 Yanvar qırğınına siyasi qiymət verməməsi gələcəkdə belə hadisələrin təkrarlanacağı üçün presedent yaradır

Söz Azadlığını Müdafiə Fondunun (SAMF) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı dünya xalqlarına və dövlətlərinə müraciəti:
İnsan hüquq və Azadlıqlarına Dair Avropa Konvensiyasının “Hər kəsin yaşamaq hüququ”nu təsbit edən II maddəsinin, “Heç kəsin ləyaqəti alçaldilmaqla işgəncəyə məruz qalmaması hüququ”nu təsbit edən III maddəsinin, eləcə də bir çox digər beynəlxalq hüquq normalarının tələblərinin pozulması kimi tarixə düşmüş SSRİ qoşunlarının törətdiyi Bakı qırğınından 20 il keçir. 20 il öncə yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları dinc əhalinin üzərinə yeriyərək Bakı qətliamını həyata keçirdilər. Nəticədə 146 nəfər adam öldürüldü, 700- qədər adam yaralandı, 800-dən çox hərəkat fəalları həbsxanalara dolduruldu. Hələ bundan əvvəl – AzTV-nin enerji blokunun partladılması nəticəsində və ümumiyyətlə müvafiq fərman qüvvəyə minənədək artıq 9 nəfərin həyatına son qoyulmuşdu. Bakıda başlanan qırğın bundan sonra ölkənin regionlarında davam etdirildi. Lənkəranda, Neftçalada Azərbaycan vətəndaşları gülləboran edildi.

Bu müdhiş hadisənin, vandalizm aktının törədilməsindən 20 il vaxt ötməsinə baxmayaraq, olaya artıq tarixin arxivinə verilmiş SSRİ-nin hüquqi varisi Rusiya dövləti tərəfindən siyasi qiymət verilməməsi Azərbaycan xalqının və əlahiddə olaraq 20 Yanvar şəhidlərinin doğmalarının ciddi narahatçılığına səbəb olur.
Bu müdhiş olaya Rusiya rəhbərliyi tərəfindən siyasi qiymət verilməsi təbii ki, axıdılmış qanları, bir xalqın faciəli şəkildə dünyalarını dəyişmiş oğul və qızlarını geriyə qaytarmayacaq. Ancaq bu tarixi cinayətin rəsmən etiraf olunmaması gələcəkdə analoji hadisələrin təkrarlanacağı üçün bir presedent rolunu oynayacaq. Heç bir xalqın tarixində belə arzuolunmaz hadisələrin təkrarlanmaması üçün bütün dünya xalqlarını Rusiya dövlətinin hadisəyə siyasi qiymət verməməsi faktına münasibət bildirməyə çağırırıq.

Bakı. 13 Yanvar 2010-cu il

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO