Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda yerləşən “Elektra Events Hall”da nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə bir sərginin nazirlik tərəfindən son bir il ərzində artıq üçüncü dəfə keçirildiyini bildirib. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində tədbirlərin ildən-ilə genişləndirildiyini vurğulayıb. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi dəstəyini qeyd edib, Fondun həssas qruplardan olan insanların qayğı ilə və reabilitasiya tədbirləri ilə əhatə olunmasında yaxından iştirak etdiyini bildirib. S.Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasının da Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində reallaşdığını diqqətə çatdırıb.

“Bahar sevincləri” şənliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, nazirliyin himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb. Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində müəlliflərin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.

Qeyd edilib ki, hər bir sosial müəssisədə sakinlərin yaradıcılıq meyilləri nəzərə alınmaqla müxtəlif dərnəklər, təlim kursları təşkil olunub, onların müvafiq incəsənət sahələrində bacarıq və qabiliyyətləri inkişaf etdirilir. Həmçinin musiqi və rəqs təlimi kursları təşkil olunub, əlilliyi olan şəxslərdən ibarət musiqi və rəqs kollektivi yaradılıb, onlar üçün xüsusi rəqs və səhnə geyimləri və musiqi repertuarları hazırlanıb. Sosial müəssisələrdən və sığınacaqlardan olan uşaq və yeniyetmələr üçün mütəmadi olaraq xüsusi ekskursiyalar və təlim kursları təşkil edilir, onların düzgün tərbiyəsi, mənəvi inkişafı və cəmiyyətə inteqrasiyası üçün məqsədyönlü strategiya həyata keçirilir.

Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli kulinariya guşəsində uşaqlar qutab bişirmə, yuxa yayma, düşbərə bükmə qabiliyyətlərini nümayiş etdiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti xalçaçılıq guşəsi ilə tanış olub, xalça toxuyan gənclərlə söhbət edib.

Sonra konsert proqramı təqdim edilib. Gözdən əlilliyi olan Gülnar Rəhimova, Seymur Əliyev və Gülnar Novruzova mahnılar ifa edib, sağlamlıq imkanları məhdud, eləcə də daun və autizm sindromlu, hemofiliyalı, danışma və eşitmə əngəlli uşaqlardan ibarət rəqs qruplarının çıxışları olub.

İdman guşəsi ilə tanış olan Leyla Əliyeva burada Boccia İdman Federasiyasının idmançıları ilə görüşüb. Azərbaycanda boccia idmanı Leyla Əliyevanın təşəbbüsü ilə yaradılaraq ildən-ilə inkişaf edib. Bu idman növü üzrə milli komandamız beynəlxalq yarışlarda artıq ilk qələbələrə imza atıb.

Əlilliyi olan şəxslər boccia, qılıncoynatma, parataekvondo, oxatma, güllə atıcılığı növlərində öz məharətlərini göstəriblər.

Leyla Əliyeva idmançılara yeni-yeni uğurlar arzulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO