Sabir Rüstəmxanlı jurnalistlərin nəzarətə götürülməsini təklif etdi

“Bəzən cəsarətlə tərbiyəsizliyi ayıra bilmirlər”. Bunu millət vəkili Sabir Rüstəmxanlı Mətbuat Şurasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Modern.az-ın məlumatına görə, deputat jurnalistikanın çətin peşə olmasından və son zamanlar Azərbaycanda həlak olmuş, ciddi təzyiqlərə məruz qalmış jurnalistlər barədə də danışıb. O qeyd edib ki, elə bir şərait yaranmalıdır ki, dövlət mətbuatdan öz qayğısını əsirgəməsin. Bununla yanaşı mətbuata qul olmağı da təklif etməsin. Mətbuat azad fəaliyyət göstərməlidir. Eyni zamanda Sabir Rüstəmxanlı vaxtilə mətbuat naziri olarkən ölkəyə gələn jurnalistlər üçün Beynəlxalq Jurnalist Qrumu yaratmağı təklif etdiyini də deyib.

“Ölkəyə gələn jurnalistlər orada qeydiyyatdan keçməli və Azərbaycan həqiqətləri müxtəlif dillərdə bu jurnalistlərə təqdim olunmalıdır. İndi də belə bir quruma ehtiyac var. Xaricdən gələn jurnalistlər kiminlə görüşür, necə görüşür bizim və dövlət rəsmilərinin xəbəri olmur. Buna nəzarət edən bir qurum olmalıdır. Düşmən mətbuatını oxuyanda bizdə belə bir fikir yaranır ki, bir olmalıyıq və eyni ideya ətrafında birləşməliyik.”

Bəzən cəsarətlə tərbiyəsizliyin səhv salındığı qənaətində olan deputat “Bir jurnalist ağlına gələni yazır, ona cəsarətli deyirlər. Amma anlamalıdırlar ki, o cəsarətli deyil, tərbiyəsizdir. Bir şey bilmədən, dərindən atraşdırmadan kiminsə haqqında təhqiramiz bir şey yazmaq olmaz”-deyə əlavə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO