Sabah Azərbaycan Televiziya və Radio gününə həsr olunan ədəbi-bədii gecə keçiriləcək. Bu barədə Modern.az saytına Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Gecə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olacaq. Tədbirdə hökumət nümayəndələri, millət vəkilləri, ictimai xadimlər iştirak edəcəklər.
85 il bundan əvvəl 1926-cı ilin 6 noyabr tarixində Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Televiziyası yaranandan sonra isə 6 noyabr tarixi təkcə radionun deyil, həm də teleradionun yaranması günü kimi qeyd edilir.
1956-cı ilin fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. O vaxta qədər isə Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.
İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər.
Yenicə yayıma başlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi genişlənib. Artıq Salyan, Quba, Kürdəmir və başqa rayonlarda da televiziyanı seyr etmək mümkün olub. Bütün rayonlara yayımın gecikməsi həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılıb. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə inşa edilib. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başlayıb. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verilib.
Hazırda Azərbaycanda 8 ümumrespublika, 14 regional telekanal fəаliyyət göstərir.
Modern.az