Bakı şəhəri Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün ayrılmış yerlərdən biri də Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatıdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov bu gün pansionata gələrək, yanan binanın sakinlərindən bir hissəsinin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlar və kotteclərdəki şəraitlə tanış olub. Burada qeyd olunan şəxslərin yerləşdirilməsi və lazımi xidmətlərlə təmin olunmaları üçün artıq bütün müvafiq tədbirlər görülüb. Ayrılmış yerlərdə müasir tələblərə cavab verən məişət şəraiti mövcuddur.
S.Müslümov jurnalistlərə müsahibəsində Azərbaycan Prezidentinin “Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 19 may 2015-ci il tarixli sərəncamına əsasən yaradılmış Komissiyanın Prezident cənab İlham Əliyevin sədrliyi ilə bu gün iclasının keçirildiyini diqqətə çatdırıb: “İclasda cənab Prezident tərəfindən müvafiq orqanlara baş vermiş yanğın hadisəsinin araşdırılaraq günahkarların müəyyən olunması və sərt cəzalandırılması barədə qəti tapşırıqlar verildi. Amma bundan öncə müvafiq dövlət qurumlarına, o cümlədən ƏƏSMN-ə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi tapşırıldı”.
Nazir bu tədbirlər sırasına zərərçəkmişlərin sosial müdafiəsinin təmin olunması işlərinin də aid olduğunu vurğulayıb: “Həmin hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə yardımların verilməsi, Komissiya tərəfindən bu yardımların məbləğlərinin müəyyən olunması, o cümlədən xəsarət almış şəxslərə yardımların verilməsi, onların müalicəsinin təmin olunması, həlak olmuş şəxslərin dəfn mərasiminin dövlət hesabına həyata keçirilməsi və s. barədə cənab Prezident tərəfindən müvafiq tapşırıqlar verildi”.
S.Müslümov bildirib ki, dünən dövlət başçısı tərəfindən ilk növbədə yanğın baş vermiş binanın xilas olunan sakinlərinin, orada yaşayan ailələrin təcili olaraq yerləşdirilməsi tapşırılıb. Bununla əlaqədar bir sıra yerlər müəyyən olunub. Həmçinin ƏƏSMN-in Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb: “Eyni zamanda, həmin ailələrə təklif olunub ki, onlara istədikləri halda müvafiq maliyyə vəsaiti ödənilsin ki, kirayə mənzillər tutsunlar. Onların çoxu yaxın ərazilərdə mənzil kirayə etməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib”.
Nazir bununla belə, zərərçəkmişlərin yerləşdirilməsi üçün yerlərin hazır vəziyyətdə olduğunu bildirib: “Elə düşünürəm ki, biz hər zaman belə hadisələrə hazır olmalıyıq. Cənab Prezidentin qeyd etdiyi kimi, hökumət, onun ayrı strukturları bu prosesdə çox koordinasiya olunmuş şəkildə fəaliyyət göstərdi, təcili tədbirlər görüldü və görülməkdə davam edir”.
O bildirib ki, yanan binanın dayanıqlığı yoxlanılacaq, əgər bina yanğından sonra dayanıqlı vəziyyətdədirsə, onda o binanın dövlət hesabına hökumət tərəfindən təcili təmir olunması, eləcə də bütün mənzillərin müvafiq avadanlıqlarla, yəni mebellərlə, digər əşyalarla təmin olunaraq həmin ailələrə təqdim olunması həyata keçiriləcək. Bu barədə möhtərəm dövlət başçısı tərəfindən tapşırıq verilib.
S.Müslümov Komissiya tərəfindən yanğın zamanı zərərçəkənlərin sayının dəqiqləşdirilməsi işlərinin də aparıldığını bildirib: “Komissiya tərəfindən bu günün sonuna kimi bu məlumatlar hazırlanacaq. Çünki müəyyən şəxslər var ki, hələ xəstəxanalardadır. Bir çox şəxslər isə artıq müvafiq tibbi xidmət alaraq ailələrinin yanına dönüblər, bir sıra sakinlər isə qohumlarının yanındadırlar. Bunlar araşdırılacaq və zərərçəkənlərin sayı bu günün sonuna qədər dəqiqləşdiriləcək”.
Nazir Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.