Dekabrın 24-də Rusiyanın aparıcı xəbərlər kanalı olan “Rossiya-24”də Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlanıb. AZƏRTAC həmin reportajı təqdim edir.
Aparıcı: Azərbaycan Prezidenti İlham Əliyev 57 yaşını qeyd edir. Əlamətdar gün münasibətilə onu Prezident Vladimir Putin təbrik edib və qeyd edib ki, Prezident ƏLİYEV təcrübəli və uzaqgörən siyasətçidir.
Öz növbəsində Azərbaycan dövlətinin başçısı bizim telekanala müsahibəsində bildirib ki, rusiyalılar respublikada turistlərin sayına görə birinci yeri tutur və özlərini burada evlərindəki kimi hiss edirlər.
Azərbaycan paytaxtının mənim həmkarım Mariya Qladkixi nə ilə heyrətləndirdiyinə isə onun “Merci Baku” adlı xüsusi reportajında baxın.
Mariya Qladkix: Mən turistlərin Azərbaycana nə üçün gəlməli olduqları barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Biz Bakıdayıq. Öz tarixi, ənənələri ilə zəngin, bununla belə bütün yeniliklərin – innovasiyaların, bütün texniki ixtiraların olduğu qədim şəhərdəyik. Azərbaycanda artıq yuxarıya – kosmosa əl atıblar.
Köhnə şəhərdən biz gələcəyin şəhərini görməyə yola düşdük. Hamısı “Made in Azerbaijan”dır. Bu, çoxlarının fikirləşdiyi kimi, pomidor deyil. Burada səni casus filmlərindəki kimi göstərən tibbi eynəklər var.
Siz yaşıl həlqələrin hara yönəlməsini görürsünüz? – Bəli, onu hətta yerə də yönəltmək olar. Orada başın əksi görsənəcək. Bəli, başın əksi görsəndi. Sizin məqsədiniz bu marker olmadan bu başı real obyektin üzərinə qoymaqdır. Bu eynəklərin vasitəsilə adi gözlə görə bilmədiyimiz strukturları görmək olur.
Yenə də sehrli eynəklər. Bu dəfə isə təyyarəçilər üçün simulyator. Onların köməyi ilə çətin uçuş həyata keçirmək olar. Mənə elə gəlir ki, mən kənardan ağılsız kimi görsənirəm. Amma bu, olduqca çox gözəl görsənir. Hətta buludlar da sanki, təbiidir. Bax, bura da təbiidir.
Qarşıya adi məqsədlər qoyulmayıb. “Azərkosmos” – Qafqazda ilk peyk operatoru.
“Azərkosmos”un əməkdaşı Tərlan Məmmədzadə: Sentyabrın 25-də geostasionar orbitə 45 dərəcəli Şərq uzunluğu mövqeyinə 3-cü peyk – “Azerspace 2” buraxılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrinə xidmətlər göstərəcək.
Müxbir: Yeni texnologiyalar sərgisində biz Prezident İlham Əliyevlə görüşürük. Hərçənd ki, dövlət başçısı rus dilində sərbəst danışır, müsahibəni onun doğma dilində başlayırıq.
Bu videoyazını sonra axşam bütün Azərbaycan telekanalları göstərirdi. Belə ki, müəyyən mənada “Rusiya-24” kanalı bir növ bu sərginin əsas kəşfi oldu.
Prezident İlham Əliyev: Bizim uğurla həyata keçirdiyimiz əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır ki, Azərbaycan iqtisadiyyatı sabit tərəqqi etsin.
Müxbir: Axı, siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Belə başa düşürəm ki, ən çox turist Rusiyadandır.
Prezident İlham Əliyev: Bəli, birinci yerdə Rusiyadır. İl ərzində 800 mindən çox rusiyalı gəlib. Onlar özlərini evdəki kimi hiss edirlər, burada dil maneəsi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.
Müxbir: Ləziz təamlarınız…
Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur.
Müxbir: Bu gün Azərbaycan nadir təbiət, meyvələr, tarixi abidələr deməkdir. Bütün bunlar min bir işığa bürünüb. Bakı bütün günü lap Las-Veqas kimi işığa qərq olur. Azərbaycanı yanan neft və qaza görə “Odlar ölkəsi” adlandırıblar. Qədim zamanlarda Hindistandan buraya atəşpərəstlər ziyarətə gəlirdilər. Azərbaycanda planetdə mövcud olan 11 iqlim tipindən 9-u var. Bir neçə saat ərzində yolüstü çöl, subtropik və sıx meşələrdən keçərək qar yağan yerlərə düşmək olar. Bakıya gələrək isə Venesiyaya düşmək olar. Baxın, əsl yerli Venesiyadır. Qayıqla gəzəcəyik. Müxtəlif ölkələri görmək üçün başqa yerə getmək lazım deyil. Sadəcə, Bakıya gəlmək kifayətdir. Burada, həqiqətən, nə desən var! Burada gəzintiyə çıxa bilərsən, burada Venesiyadakı kimi improvizə olunmuş kanallar, qayıqçılar var. Ümid edirəm ki, qayıqçı oxuyacaq. Çünki İtaliyada onlar oxuyurlar.
Müxbir: Deyir ki, oxumayacaq.
Qayıqçı: Mən isə bu mahnını sevirəm.
Müxbir: İndi qətiyyən müəyyənləşdirmək olmur, biz Azərbaycandayıq, yoxsa İtaliyada.
Qayıqçı: Bilirsiniz, təəccüblüsü nədir? Bu kanal artıq 50 ildir – hələ sovet dövründən mövcuddur.
Müxbir: Məşhur Bakı Bulvarı 15 kilometrədək uzanıb. Hələ də tikilməkdə davam edir. Ümumi uzunluğu 26 kilometr olacaq. Uzağa getmək doğrudan da lazım deyil. Burada qala da Torontodakı kimidir, həm Sidney, həm də Dubayın bir hissəsi var. Yerli sakinlər bunu Yaxın Şərqin Parisi adlandırırlar. Hava soyuyur. Bir qədər qalın geyinmək lazım oldu. Biz artıq İçərişəhərə gəlmişik. Burada artıq əsl milli kolorit nəzərə çarpır. Məsələn, düz küçənin ortasında nərd oynayırlar.
Müxbir: Salam. Qoşulmaq olar?
Nərd oynayan: Bəli.
Müxbir: Bu, sizin milli əyləncənizdir eləmi?
Nərd oynayan Bəli. İş olmayanda nərd oynayırıq. İndi alver getmir.
Müxbir: İndi alver zəifdir? İndi turistlər yoxdur?
Nərd oynayan: Var, amma almırlar.
Müxbir: Turistlər var, alver etmirlər, sadəcə, gəzirlər. İlham Əliyev dedi ki, bütün turistləri Azərbaycana çağırır. Ona görə də, Allah qoysa, burada çoxlu turist olacaq və sizin də nərd oynamağa vaxtınız olmayacaq. İndi Bakıda turizm mövsümi deyil. Bayırda soyuqdur. Bakı sözünün mənası farsca “badi-kubə” – Küləklər şəhəri deməkdir. Burada deyildiyi kimi: “Əgər soyuqdursa rəqs elə”. Hamımızın yallını sevməyimiz Rusiya ilə Azərbaycanı birləşdirir. Bu, Azərbaycan yallısıdır. Bu yallı xüsusidir. Bu yallı insanı vəcdə gətirir. Özüm də oynamaq istədim. Yallı, bax belədir – oyun elementləri də var. Rəqs edənlər arasında aparıcı da var. Azərbaycan yallısının yüzlərlə növü var. Deyəsən, məni də yallıya qəbul edəcəklər.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov: Bizim ölkələrimizi təkcə yallı deyil, daha çox amil bağlayır. “KamAZ”, QAZ avtomobillərinin sənaye üsulu ilə yığımı aparılır. Bakıda mədəni həyat qaynayır. Dramteatr, Musiqili Komediya, Opera və Balet teatrları fəaliyyət göstərir. Onlar ən müasir tamaşalara quruluş verir.
Müxbir: Yəni, incəsənəti görmək üçün Bakıya gəlmək olar?
Mixail Boçarnikov: Hesab edirəm ki, bəli, olar.
Müxbir: Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzdə incəsənətin vəhdəti müşahidə olunur. Futurist, memarlıq şedevri olan Mərkəzin binası əfsanəvi Zaha Hadidin əsəridir. Bax, bunu mən qətiyyən Heydər Əliyev Mərkəzində görməyi gözləmirdim. Hiperrealist heykəllər. Belə bir sərgi burada keçirilir. O dərəcədə realist əsərdir ki, burada hətta xırda xalları, çilləri, damarları, boyunda qırışları görə bilərsən. Məsələn, dırnaqlarına baxın. Əsl insan dırnaqlarıdır. Bağışlayın, baxmaq olar?
Mərkəzin əməkdaşı: Artıq vaxtınız keçib.
Müxbir: Burada nə var? 18 və daha çox.
Mərkəzin əməkdaşı: Sizin 18 yaşınız var?
Müxbir: Var.
Mərkəzin əməkdaşı: Onda gedək.
Müxbir: Sadəcə, söz ola bilməz. İnanılmaz sərgidir. O, artıq dünyanın bir çox ölkəsində keçirilib. Bu isə artıq bizim Heydər Əliyev Mərkəzində gözlədiyimiz görüntülərdir. Onun şəxsi əşyaları, fotoları. Məsələn, bax, bu, onun DTK-da işlədiyi vaxt geyindiyi paltardır. Bu isə artıq onun andiçmə mərasimində geyindiyi kostyumdur. Sonra isə Azərbaycan Respublikasının üçüncü Prezidentinin çalışdığı məhz həmin iş masasıdır. Burada onun ordenləri, medalları və Azərbaycan xalqına onların sevimli liderini xatırladan hər şey var.
Mənim daha bir şəxsi mədəni heyrətim “cin”lə görüş oldu. Şüşədəki yox, həqiqi “cin”lə. Mikrofon qarşısında “cin” ləqəbli Ceyhun Zeynalovdur. Onu Azərbaycanın Bob Marlisi adlandırırlar. Ceyhun Zeynalov. Azərbaycanın məşhur müğənnisi, özü də ən maraqlısı və mənim üçün anlaşılmaz olan – reqqi. Azərbaycanda reqqi var? Mən bunu bu gün bildim.
Ceyhun Zeynalov: Bunun Azərbaycanda banisi mən olmuşam. Kim ki, musiqini inkişaf etdirir, normal musiqi dinləyir onlar təbii ki, reqqini dinləyirlər.
Müxbir: Azərbaycan çoxmusiqili ölkədir. Opera. İlk operanı Bakıda hələ 1908-ci ildə dinləyiblər. Bəstəkar Üzeyir Hacıbəyli məşhur Leyli və Məcnunun sevgi əhvalatını tamaşaya qoyub. Bu, Şərqdə ilk operadır.
Ceyhun Zeynalov: Azərbaycan musiqisinin təməli muğamdır. Muğam UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Muğam məqamdır. Hər məqam müəyyən emosiyanı ifadə edir. Reqqidən başqa meyxana da var. Bu, Azərbaycan repidir. Ən məşhuru “Davay, dosvidaniya”dır.
Müxbir: Azərbaycanı anlamaq üçün onun təamlarını dadmaq lazımdır. Bakının ən yaxşı restoranlarından birində məni direktor müavini Elşad Nuriyev qarşılayır.
Elşad Nuriyev: Bizim restoranımızın sahəsi 5 min kvadratmetrdir. Bu, Cənubi Qafqazda, hətta deyərdim ki, Avropada ən böyük restorandır. Burada ət 28 gün saxlanılır, sonra doğranılıb bişirilərək qonaqlara verilir. Ən yaxşı şərablar bizim yerli şərablardır.
Müxbir: Azərbaycan şərabları?
Elşad Nuriyev: Əlbəttə, Azərbaycan şərabları.
Müxbir: Yaxşısı budur, bıçaqların haradan götürüldüyünü deyin. Bu, nə nömrələrdir belə?
Elşad Nuriyev: Bu, qonaqların nömrəsidir.
Müxbir: Qonaq gəlir və onun şəxsi bıçağı var. Özündən və məndən başqa heç kim ona toxuna bilməz.
Elşad Nuriyev: Bizdə həmişə çox adam olur.
Müxbir: Bura ümumilikdə nə qədər qonaq tutur?
Elşad Nuriyev: 1500.
Müxbir: Türk qəhvəsi. O, qum üzərində hazırlanır. Streployn, tinderloyn, ribay, lokum. Qurmanların ürəyi nə istəyirsə, hamısı var. Kömək edəcəksiniz? Məni mətbəxdə çək. Bütün insanlar istirahət edir, mən isə yenə də mətbəxə gedirəm.
Restoranın əməkdaşı: Əvvəlcə, biz əti doğrayacağıq. Mən indi, sadəcə, Nüsrətəm. Baxın görün nə edirəm. Dadmaq lazımdır. Bax, xidmət budur. Mənə, sadəcə, əti qızartmaq etibar olunub. Bunu bacarıram. İndi o, son ştrixi vuracaq. Sonuncu ştrix nədir? Əhsən.
Müxbir: Ən maraqlısı indidir. Dadmaq lazımdır.
Azərbaycan xörəklərinin 30-dan çox növü var. Düz deyirlər ki, Bakıda bütün mədəniyyətlərin mətbəxini dadmaq olar. Budur, indi türk paxlavası Azərbaycan süfrəsinə veriləcək. Ona mütləq qoz, sarıkök, badam, əncir əlavə edirlər. Bizdə isə desertdə həmişəki kimi konsertdir. Baxın, tarda “Kalinka”nı ifa edirlər. Bu, yeganə alətdir ki, nə desən ifa etmək olar.
Azərbaycanın 60-dək musiqi aləti var. Ən sevimlisi Azərbaycan balalaykası tardır. Məlum oldu ki, “Kalinka” üçün tam münasibdir.
Azərbaycan – çox yaxın və özünəməxsus diyar. Biz onu tamamilə başqa cür gördük. Heyrətamiz torpaqdır. Ənənələrinə sadiq görünsə də, həm də yenilikləri ilə heyrətə gətirir. Burada innovasiyalara sərmayə qoyulur, bununla belə ənənəvi xəzinəni həssaslıqla qoruyurlar. Yola düşməzdən əvvəl, bir daha dənizkənarı bulvara getdik. Axı, Bakının qışı əslində Rusiyanın payızıdır. Xəzərdən külək əsir, yelkənli qayıqlar dənizə çıxır. Burada lap yaxında neft çıxarırlar. Amma inanın ki, Azərbaycanın ən əsas sərvəti bu, deyil. Merci Baku.