Ruhun qəribsəməsi… İnsanın qəribsəməsi… Məkan, zaman arasında baş verir bu qəribsəmələr. Fəqət, ruhun qəribsəməsinin bir səbəbi olur. Bəlkə də bunu çoxumuz bilmirik. Necə ki, neçə-neçə qəribsəmiş ruhların hər gün onları anmağımızı gözlədiklərindən, bizdən nələri umacaqlarından da xəbərsizik. Məsələn, çox nadir insanlar ola bilər ki, iki-üç əsr bundan qabaq yaşayan babalarının və digər qohum – əqrəbalarının adlarını xatırlasın. Bu günlərdə mən də buna cəhd göstərdim, amma yenə də çox qədimlərə gedib çıxa bilmədim.
Mənim babam Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olub. Sovet dönəmində bu taya keçib. Əldə etdiyim çox az məlumat var onun haqqında. Məsələn, bilirəm ki, babamın adı Hidayət, onun atasının adı İsa, onun atasının adı İsmayıl, onun atasının adı Muradxan, onun da atasının adı Hüseynxan olub. Bir sözlə, soyumuzun Ərdəbildəki Hüseynxanlılar nəslindən gəldiyini bilirəm, daha ondan öncəni öyrənməkdə zorluq çəkirəm. Fəqət, buna baxmayaraq, mən artıq ulu babalarımın adını bilirəm və tez-tez onları yad etməklə, ruhlarının qəribsəməsinə yol vermirəm. Amma gəlin, baxaq, məgər, onlardan öncə yaşayan ulu babalarım olmayıbmı, təbii ki, olub?! Sadəcə, mən onların adları, kimlikləri, fəaliyyətləri barədə məlumatsızam. Yəqin bu üzdən də onlar hazırda qəribsəmiş ruhlar sırasındadırlar. İndi baxın, dünyada nə qədər belə qəribsəmiş ruhlar var?!
***
Dünyaya bilmədən gəlir, istəyərək yaşayır, istəməyərək ölürük, daha doğrusu məkanı dəyişirik. Dünyadan Tanrı dərgahına yeni köçəndə cismani qohumlarımız, dost-tanışlarımız – kimi hörmət, kimi minnətlə anaraq, ilk illər ruhumuzu qəribsəməyə qoymurlar. Fəqət, illər ötdükcə, nəinki qohumlar, hətta öz doğmalarınçün belə unudulursan. O ki qala əsrlər sonrası…
Əsrlərin üzü dönük, yaddaşı zəif, unutqandı… Gərək, sağlığında özünün düzəltdiyin aynanı üzü sonrakı əsrlərə doğru elə tutasan ki, səndən sonra da bu aynanın nuru irəlidəki neçə-neçə yüzilliklərə işıq saçsın. Bəlkə, ondan sonra ruhun qəribsəmədi.
İnsanın ruhunu qəribsəməyə qoymayan yeganə vasitə tarixdi: İstər ədəbiyyat, istərsə də digər sahələrin tarixində iz qoya bildinsə, yaddaşlara hopa bildinsə, cismani ölməyin qorxusu yoxdu. Bir insan üçün ən böyük səadət onun daş kitabələrə çevrilib əbədi yaşamasıdır. Bu gün neçə-neçə tarixi şəxsiyyətlər var ki, sağlıqlarında yaratdıqları yaxşı izlərlə tarixdə yaşayır, anılırlar deyə, onların ruhları qəribsəmir.
***
Düşünürəm ki, istər cismani, istərsə də ruh olaraq yaşadığımız hər iki dünyada ən böyük ağrı-sızı, çəkilməyəcək dərd qəriblikdi. Gərək, insan cismani yaşadığı zamanda ruhu yaşayacağı zamanı görüb, unudularaq, ruhun qəribsəməməsi üçün sağlığında iz qoymağa çalışsın: qursun, yaratsın, düzəltsin. Qurub yaratdıqları dünyaca məşhur dəyərlər sistemində özünə yer tapsın. Həmin dəyərlərsə özündən sonrakı bütün əsrlər boyu onu tarixdə, bəşəriyyət insanının yaddaşında yaşatsın. İnsan ölür, fəqət insanlıq, bəşəri dəyərlər ölmür, nəsildən nəsillərə ötürülür. Ən şərəfli olan isə tarixlə birgə insanlığın yaddaşında yaşamaqdı. Hansı ki, bu gün Sokrat, Aristotel, Platon, Nizami, Füzuli, Nəsimi, Dostoyevski, Tolstoy, Sabir, Cavid və neçə-neçə dünya klassik fəlsəfə, ədəbiyyat tarixini işıqlandıran insanlar tarixlə bərabər yaşayırlar.
Ola bilər, əsrlərdən sonra nəslini itirə bilərsən. Amma əvəzində bütün bəşəriyyətin yaddaş tarixində yaşamaqla bütün insanlara doğmalaşarsan. Hər gün dünyanın harasındasa hansısa insanlar tərəfindən anılar, bu səbəbdən də ruhun daim sevinc, fərəh içində olar. Nə gözəldi ruh olub, fərəh içində əbədi yaşamaq…