Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), “Mobitel”, “Caspian Telecom”, “İnteqral”, “Sun Mobile” şirkətlərinin “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında aprelin 1-dən 30-dək müsabiqə elan edir.
SalamNews xəbər verir ki, müsabiqədə iştirak üçün qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı nəşrin Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilir.
Müsabiqədə iştirak üçün məqalələri aprelin 30-dək təqdim etmək üçün [email protected] elektron poçtuna və ya (012) 408 73 70 müraciət olunmalıdır.
Müsabiqə çərçivəsində hazırlanan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:
– IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri;
– IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar;
– Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir;
-Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları.
Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı 3 müəllif üçün Türkiyəyə səfər təşkil olunacaq. Səfər zamanı jurnalistlər bu ölkənın mobil cihazların qeydiyyat sisteminın tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandıdılacaqlar.