İndiyədək 103 qəzet və jurnal “reket” nəşr elan edildiyindən onların adları Mətbuat Şurasının “qara siyahı”sına düşüb. Lakin Mətbuat Şurasının “reket” mətbu orqanların işinə xitam vermə kimi bir səlahiyyəti yoxdur. Bir sözlə, Şuranın ictimai qınaqdan başqa əlindən heç nə gəlmir. Elə buna görə də “reket”lər öz işləri istədikləri tərzdə davam etdirir, tənqid və ya təhqir elementlərini sağa-sola “xərcləyirlər”. Maraqlıdır, Mətbuat Şurası və cəmiyyət “reket” elan edilən nəşrlərin yazdıqlarını ciddiyə alırmı?
Mətbuat Şurasının “Reket” Jurnalistikasına Qarşı Mübariszə Komissiyasının sədri Vüqar Rəhimzadə Modern.az saytına açıqlamasında bildirib ki, “reket” nəşrlərin hədəfi cəmiyyətin bütün təbəqələridir: “Əvvəla “reket” nəşrlər tənqid etmirlər, təhqir edirlər. İstənilən şəxs tutduğu mövqedən və statusundan asılı olmayaraq öz barəsində yazılan yazıya reaksiya verə bilər. Əlbəttə, bu reaksiya həmin şəxsin hadisə və proseslərə yanaşma tərzindən, keyfiyyətlərindən, hətta psixoloji durumundan asılı olaraq formalaşır. Deməli, fərdi baxımdan ciddiyə alınma var. Nəzərə alaq ki, “reket” jurnalistikanın hədəfi bir çox hallarda ayrı-ayrı vətəndaşlardır. O vətəndaşlar ki, ictimai şəxs statusunda deyillər. Həyat, yaşayış tərzləri və fəaliyyətləri daha çox özlərinə və yaxın çevrələrinə, qohum-əqrəbalarına maraqlıdır. Özünü Kütləvi İnformasiya Vasitəsi adlandıran təşkilatın bu insanları nə deyib tənqid etdiyini anlamaq çətindir! Bir daha vurğulayım ki, əksər hallarda onların yazdıqlarını ciddiyə alınmanın əsasında tənqid deyil, təhqir, şəxsi həyata müdaxilə, böhtan yolu ilə nə isə əldə etmək motivi durur.
Hər bir KİV-də peşə prinsiplərinin pozulmasına yönələn yazıları, buna dair meylləri araşdırmaq, qərar və rəy vermək Mətbuat Şurasının Nizamnamə tələblərindən irəli gələn vəzifə səlahiyyətlərinə daxildir. Biz bunu, yəni işimizi ciddiyə alırıq”.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, Mətbuat Şurası “reket” elan etdiyi qəzetlərin adlarını əksər dövlət qurumlarına göndərib: “Mətbuat Şurası mütəmadi olaraq peşə prinsiplərinə laqeyd yanaşan media orqanlarının “qara siyahı”sını açıqlayır. Həmin sənəd ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərində dərc olunur. Şura siyahının 5 min nüsxədə çapını da həyata keçirib, paytaxtda və ölkənin müxtəlif bölgələrində yayımını təmin edib. Çalışırıq ki, nəinki dövlət qurumları, bütövlükdə cəmiyyət mətbuatımızın adına ləkə gətirənləri tanısın. Əlbəttə, zəruri hallarda “qara siyahı”nı ayrı-ayrı müvafiq qurumlara da göndəririk. Bu, əsasən faktiki məlumatlar toplamaq istəyindən irəli gəlir”