Tədbirdə “Xural” qəzetinin əməkdaşı Aydın Canıyevin həbsi, “Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəriyə qarşı vergidən yayınma ittihamı ilə cinayət işinin başlanması, jurnalist İdrak Abbasova və onun ailə üzvlərinə qarşı olan təzyiqlər, onların evinin uçurulması və digər məsələlər barədə müzakirələr aparılıb.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı A.Canıyevin işində heç bir yenilik olmadığını bildirib: “Yeganə yenilik odur ki, onu Bakı İstintaq Təcridxanasına gətiriblər.
“Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəriyə qarşı vergidən yayınma ittihamı üzrə iş üzrə araşdırmaları isə Gəncə Şəhər Prokurorluğuna göndəriblər. Bunu belə əsaslandırıblar ki, Şirin Cəfərinin vergi qeydiyyatı Gəncədədir.
İdrak Abbasovla bağlı isə daha bir hadisə baş verib. Onun maşınını axtarışa veriblər. Hələlik bunun səbəbi bəlli deyil”.
Ə.Zeynallı deyib ki, redaktorlar Aydın Canıyevin işi ilə bağlı Lənkarana bu həftə ərzində səfər edəcəklər.
“Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərim bütün işlərin hüquqi müstəvidə aparılmasının vacibliyini vurğulayıb.
Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müxalifət qəzetlərinin baş redaktorlarını təhdid edən məlum açıqlaması ilə bağlı fikir mübadiləsi aparılıb. Əvəz Zeynallı bunun real təhdid olduğunu bildirib və Redaktorlar Birliyinin buna dair ayrıca müzakirələr aparıb qərar qəbul etməsinin zəruri olduğunu deyib.
“Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud Redaktorlar Birliyinin toplantılarının mütəmadi keçirilməli olduğunu deyib. O, qurumun nizamnaməsinin, əsasnaməsinin formalaşdırılmasını təklif edib.
“Milaz.info” saytının redaktoru Yaşar Cəfərli son vaxtlar saytlara haker hücumların edilməsinin arxasında güc strukturlarının dayandığını qeyd edib. O, Redaktorlar Birliyinin növbəti toplantısında bununla bağlı da müzakirələr aparılmasını təklif edib.
Modern.az