Ravvin İsrael Barouk-un “The Times of Israel ” qəzetində maraqlı məqaləsi

ABŞ-ın Los Anceles vilayətində fəaliyyət göstərən yəhudi din xadimi Ravvin İsrael Barouk-un “The Times of Israel” qəzetində maraqlı məqaləsi dərc olunub.
Trend-in məlumatına görə, “Müsəlman torpağında yəhudi döyüşçü” başlıqlı məqalədə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovdan bəhs olunur.
Müəllif müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda yəhudi əsilli vətəndaşa milli qəhrəman statusunun verilməsini müasir dünyada nadir hadisə kimi qiymətləndirir.
Olduqca təsirli ovqatda yazılan məqalədə müəllif A.Aqarunovun uşaqlıq, gənclik illərindən söz açılır. Bildirilir ki, A.Aqarunov Qırmızı qəsəbədə məskunlaşan Azərbaycan dağ yəhudilərinə mənsub və sonralar Bakıya köçən çoxuşaqlı bir ailənin xoşbəxt üzvü idi. Müəllif vurğulayır ki, Alberti xatırlayanlar onun ağıllı insan və etibarlı dost olmaqla yanaşı, həm də daim cəsarətli şəxsiyyət kimi tanındığını bildirirlər. Qeyd olunur ki, əgər o, yaşasaydı, bu il aprelin 25-də 46 yaşına qədəm qoyacaqdı.
Məqalədə qeyd olunur ki, A.Aqarunov hərbi xidmətə Sovet ordusunda başlasa da, Ermənistan-Azərbaycan münaqişəsi yarandıqdan qısa müddət sonra tərəddüd belə etmədən öz ana vətənini – Azərbaycanı qorumaq üçün birbaşa cəbhəyə yollanıb. Onun xidmət etdiyi tank batalyonu Şuşa ətrafında gedən döyüşlərdə erməni tanklarının hücumlarını dəf edirdi. Qeyd olunur ki, belə döyüşlərdən birində A.Aqarunov qəhrəmancasına həlak olub. Vurğulanır ki, onun ana vətəni – müxtəlif dinlərə və etiqadlara daim hörmət bəsləyən Azərbaycan isə A.Aqarunovun cəsarətini və qəhrəmanlığını yüksək qiymətləndirərək, onun əziz xatirəsini şəhidlik və milli qəhrəmanlıq pilləsində yaşatmaqdadır.
Müəllif yazır: “O, (A.Aqarunov) Ermənistan ordusunun ən böyük hədəflərindən biri idi. İşğalçı Ermənistan Albertin böyük hərbi şücaətindən və üstəlik, onun yəhudi kimliyindən xüsusilə narahatlıq keçirirdi. Ona görə də onun başına 5 min rubl pul qoymuşdular. Albert isə bütün varlığı ilə digər yəhudi əsgərlərlə birgə Azərbaycanın torpaqlarının 20 faizinin işğalına, əhalisinin isə etnik təmizləməyə məruz qoyulmasına qarşı döyüşürdü. İsrailə və ya hər hansı qərb ölkəsinə getmək imkanı olmasına baxmayaraq, Albert və onun azərbaycanlı, yəhudi əqidədaşları doğma vətənləri Azərbaycanı müdafiə üçün vuruşmaq yolunu seçmişdilər.”
Məqalənin sonunda müəllif, Azərbaycanın tarix boyu bütün dinlərə və etiqadlara, o cümlədən yəhudilərə bəslədiyi xoş münasibətə işarə edərək qeyd edir: “Albert öz doğma vətəni Azərbaycan üçün mübarizə apardı. Çünki onun vətəni Azərbaycan da min illərdən bəri xeyirxahqlıq naminə Albert üçün mübarizə aparırdı”.
Qeyd edək ki, Ravvin I.Barouk din xadimliyi ilə yanaşı, ermənilərin sıx yaşadığı Los Anceles mətbuatında və digər KİV-lərdə vaxtaşırı olaraq müəllif yazıları ilə çıxış edir, bəşəri və mənəvi önəm kəsb edən məsələlərə münasibət bildirir. Qondarma “erməni soyqırımı”nın 100 illiyinin qeyd edilməsindən qısa müddət sonra, eyni zamanda Şuşanın işğalı günü belə bir məqalənin dərci erməni lobbisində ciddi narahatlıq doğurub.
Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:
http://blogs.timesofisrael.com/a-jewish-warrior-in-a-muslim-land/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO