İranda həbs olunan şairlərlə bağlı bəyanatlar yayılıb

Şahbaz Xuduoğlu: “Azərbaycan hökuməti İrana vəkil göndərməlidir”
Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Del Geraninin İranda həbs edilməsi ilə bağlı tədbirdə Müdafiə Komitəsinin yaradılması fikri qəbul olundu. Məsləhət görüldü ki, Azərbaycan tərəfdən bir neçə tanınmış ziyalı qonşu ölkəyə müraciət etsin və yaxud ora getsinlər.

Modern.az-a açıqlamasında “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirdi ki, hazırda ziyalılar qrupunun formalaşması istiqamətində danışıqlar gedir. Onun sözlərinə görə, həbs olunan şairlərin vəkillərlə təminat məsələsi də gündəmdədir.

“Dünən tədbirdə iştirak edən Bakı Slavyan Universitetinin nümayəndəsi bu məsələni öz üzərinə götürdü. İlk olaraq bu adamların yanına vəkil getməlidir. Azərbaycan hökuməti oraya vəkil göndərməlidir. Yaxşı olar ki, rəsmi qurumlar vəkillə təminat məsələsində bizə yardım etsinlər. Vəkillər Kollegiyası var və həbs olunanları ən azı bir vəkil ilə təmin edə bilərlər”.

Ş. Xuduoğlu bu gündən etibarən bəyanatların yayıldığını bildirib: ““Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bəyanatların hazırlanması məsələsini öz üzərinə götürdü. Artıq bu gün bəyanatlar yayılıb. Bəyanatlar ingilis dilinə də tərcümə edilib və müxtəlif ünvanlara, əsasən beynəlxalq təşkilatlara göndərilib. Çalışırıq ki, beynəlxalq təşkilatların bu işdən xəbəri olsun və onlarda öz növbəsində İran dövlətinə təzyiq göstərsinlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO