Respublika ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar efirdə çoxproqramlı TV yayımların test edilməsi məqsədilə Bakı şəhərində və bəzi bir neçə bölgədə açıq rəqəmli paketə milli ümumrespublika TV proqramları ilə yanaşı, bir neçə xarici kanallar da daxil edilmişdi.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bəyan edib ki, test işləri uğurla başa çatdığı və ölkə əhalisinin 97%-nin açıq (əsas) paketli rəqəmli TV yayımı ilə əhatə olunduğu nəzərə alınaraq, 2014-cü ilin yanvar ayının 1-dən etibarən rəqəmli əsas (açıq) paketdə Milli Televiziya və Radio Şurasının müvafiq qərarına əsasən, Bakı şəhərində və respublika ərazisində yalnız milli TV proqramları (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV, Xəzər TV və TRT1) açıq yayımlanır. Rusiya, Türkiyə və digər xarici ölkələrin telekanallarının açıq yayımı artıq dayandırlıb.
Bakı və Gəncə şəhərlərində digər kanalların yayımı isə bu yayımları həyata keçirən şirkətlərlə vətəndaşların istəyinə uyğun müqavilə bağlamaqla aparılacaq.
Əlavə məlumat almaq üçün Bakı şəhəri üzrə – (012) 498-80-66; (012) 996 nömrəli telefonlara, Gəncə şəhəri üzrə isə – (022) 258-45-64; 258-43-88 nömrəli telefonlara müraciət etmək olar.
Respublikanın digər regionlarında açıq paketdən əlavə kanalların yayımının təşkilinə dair işlər davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək.