Bu gündən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı mütəmadi reydlərə başlanılıb. Paytaxt ərazisində marşrut avtobusu sürücüləri haqqındakı çoxsaylı şikayətləri nəzərə alaraq, avtobus sürücülərinin yol verdikləri qayda pozuntularına qarşı daha sərt cəza tədbirləri tətbiq ediləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, hazırda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər görülür: “Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin məsuliyyətlərinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Bakı Regional şöbəsinin və “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin əməkdaşlarından ibarət operativ qruplar şəhərin müxtəlif ərazilərində ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş reydlər keçirilir. Dayanacaqdan kənarda marşrut avtobusunu saxlayıb sərnişin götürən və ya sərnişinin dayanacaqdan kənar yerlərdə avtobusdan enməsi üçün şərait yaradan avtobus sürücüləri ciddi şəkildə cəzalandırılacaq. Bu məqsədlə dayanacaqlarda və paytaxt yollarında avtobus sürücülərinə nəzarət daha da gücləndiriləcək”.
Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ hallara rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə, ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in 141 Qaynar Xəttinə zəng etmələri xahiş olunur.
“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi xahiş edir. Çünki sərnişindaşımada olan problemlərin həllində, nəqliyyat sistemində xidmətin daha da təkmilləşdirilməsi və bu sahədə nöqsanları aradan qaldırmaq üçün tərəfimizdən aparılan inzibati metodlarla bərabər, ictimaiyyətin vətəndaşlıq mövqeyinə, dəstəyinə ehtiyac var.
Ş.Mehmanqızı onu da əlavə edib ki, xüsusilə avtobus marşrut xətlərində sərnişindaşıma və hərəkətin təhlükəsizliyi ilə bağlı aşkar edilən nöqsan və çatışmazlığın aradan qaldırılması üçün ictimayyətin dəstəyi çox önəmlidir və vətəndaşlardan bu sahədə rast gəlinən bütün neqativ hallar haqqında məlumat vermələrini xahiş edirik.