“Sentyabrın 2-də Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayırıq. Bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir”. Bunu Trend-ə açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev ədalət və sülhdən danışan L.Kazornovkayaya xatırladıb ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralı məsafədə yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırım əməlləri törədilmişdir: “Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa bu faciənin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər. Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilmişdir. Konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcəkdir”.