“Ölkədə qəzetlərin biznes struktur kimi formalaşmaması onun estetik cəhətdən gözəl olmasının qarşısını alıb. Mən arzulayardım ki, Azərbaycanda yüz səhifəlik rəngli qəzet çıxsın.”
Bunu SalamNews-a müsahibəsində “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.
– Sizə AYB katibi, yazıçı, şair kimi yox, yalnız qəzetçi kimi sual versək, müsahibəmizi birtərəfli hesab etməzsiniz?
– Etmərəm, mən özümü daha çox qəzetçi, jurnalist hesab edirəm. Düzdür, daha çox jurnalist qurumlarında təmsil olunuram, bundan başqa, həm də Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibiyəm. Amma siz necə istəyirsizsə, suallarınıza o cür də cavab verə bilərəm.
– İyirmi beş il qəzetdə işləmək yaradıcı adama nə verir və ondan nəyi alır?
– Bu barədə çox danışmışam. Qəzet redaktoru, AYB katibi kimi müxtəlif ictimai işlərdə çalışmaq məni yaradıcılıqdan xeyli dərəcədə uzaq saldı. Tez-tez deyirəm ki, yaradıcı adamın həyatı xüsusi həyat tərzidir. Tez-tez də Orxan Pamukun fikrini misal çəkirəm ki, “yazıçılıq iynə ilə quyu qazmaq kimi bir şeydir”. Bu mənada bizim 80-ci illərdən sonrakı həyatımız, həyatımızda baş verən hadisələr, yaşadığımız böyük imperiyanın dağılması, Azərbaycanın müstəqilliyini bərpa etməsi, torpaqlarımızda gedən müharibə, ictimai-siyasi fəallığın artması ədəbiyyatı arxa plana keçirdi. Mən ömrümü daha çox jurnalistikaya həsr etdim. Sürətlə dəyişən ictimai-siyasi problemlərə məqalələrimlə, müsahibələrimlə münasibətimi bildirdim. Buna baxmayaraq son illərdə bir neçə kitab da nəşr eləmişəm. Hər beş ildən-bir kitablarım çap olunur. 2004-cü ildə “10 sentyabr” adlı kitabım mənim ədəbi-publisistik yazılarım, məqalələrim, şeirlərim, bədii yazılarımdan ibarət idi. 2009-cu ildə “Əlvida və salam” kitabımda yenə publisistik məqalələrim yer almışdı. Bu il “Dəlicəsinə” kitabımı nəşr etdirdim. Bu da, demək olar ki, publisistik yazılarımdan, esselərimdən ibarətdir. Ola bilsin ki, fəal jurnalistlik və redaktorluq sahəsində məşğul olmasaydım, kitablarımın sayı daha çox olardı. Amma mən bu həyat tərzindən peşman deyiləm.
– “Gündəlik qəzet buraxmaq bu gün media qəhrəmanlığıdır” fikrinə münasibətiniz necədir?
– Mənə elə gəlir ki, on il, on beş il əvvəl qəzet buraxmağın qəhrəmanlıq olduğunu söyləsəydilər, bu daha uyğun gələrdi. Biz əlbəttə, qürur duyuruq ki, “525”i qəzetlər üçün iqtisadi çətinliyin olduğu dövrlərdə qoruyub saxlaya bilmişik. İndi qəzetlərin iqtisadi durumu problemlidir. İnformasiya bolluğu dövrüdür. Müxtətlif saytlar, sosial şəbəkələr, KİV-lər fəaliyyət göstərir. İndi qəzet çıxarmağı qəhrəmanlıq saymıram. Sadəcə, qəzeti qoruyub saxlamağımız qəhrəmanlıq sayıla bilər.
– Szcə, elektron KİV əsrində qəzetin nüfuzunu saxlamaq, onu sevdirmək və daimi oxucu qazanmaq üsulları hələ tükənməyib?
– İlk dəfə 1998-ci ildə bir qrup həmkarımla Amerika Birləşmiş Ştatlarında olmuşam və “Nyu-York Tayms” qəzetində olarkən bu məsələlər artıq müzakirə edilirdi ki, gələcəkdə qəzetlərin elektron variantları qəzetlərin kağız variantını sıradan çıxaracaq. Amma mən son dörd ilədək sosial şəbəkələrin, saytların fəaliyyətə başladığı dövrəcən bunu real saymırdım. Amma son illər görürəm ki, qəzetlərin kağız variantı gələcəkdə sıradan çıxa bilər. Amma hələ də güman edirəm ki, yaxın on beş il ərzində bu, baş verməyəcək. İnsanlar hələ ki öyrəşdikləri, sevdikləri üsulla – kağızdan qəzet oxuyacaqlar. Amma bizdə problem odur ki, qəzetlərimiz biznes strukturuna çevrilə bilmədi. Qəzetlərimizin estetik görünüşü yaxşı deyil. Məsələn, Türkiyə qəzetləri ilə müqayisədə bizim qəzetlərin estetik görünüşü zəifdir. Bu baxımdan əlbəttə, biz arzulayardıq ki, qəzetlər biznes strukturuna çevrilsin. Amma qəzetlərin elektron variantını da saxlamağı, yaşatmağı düşünürük. Ancaq bir sıra yeni saytlar kimi yalan xəbərlərlə, şişirdilmiş şayiələrlə oxucu cəlb etmək niyyətimiz yoxdur. Qəzeti necə buraxırdıqsa, saytımızı da o cür davam etdirmək fikrimiz var.
– Qəzetlərin (qəzetinizin) bir gün kağızla tamam vidalaşıb elektron versiyada çıxacağını təsəvvür edirsinizmi? Ümumiyyətlə, respublikamızda qəzetin gələcəyini necə görmək istərdiniz?
– On beş ilə yaxındır ki, “525-ci qəzet”in elektron versiyası var. Qəzetlər içərisində vaxtı ilə belə elektron saytlar tək-tük idi. Düşünürəm ki, ola bilsin, gələcəkdə qəzet bütünlüklə elektron versiyaya keçsin. Belə hal mümkündür.
– Azərbaycanda çıxan əksər qəzetlərin tərtibatı göz oxşamır, janrı tamamlayan fotolardan bir informasiya mənbəyi kimi istifadə olunmur. Sizcə, buna səbəb nədir?
– Əvvəldə də dedim ki, qəzetlərin biznes struktur kimi formalaşmaması onun estetik cəhətdən gözəl olmasının da qarşısını alıb. Mən arzulayardım ki, Azərbaycanda yüz səhifəlik rəqngli qəzet çıxsın. Təəssüf ki, bu, reallaşmır, həyata keçmir. Buna müxtəlif amillər təsir göstərir. Ona görə, bizim arzularımız hələlik istək olaraq qalır.
– Kollektivinizdə, redaksiyada yaradıcılıq işləri necədir?
– İndi “525-ci qəzet”in kollevtivi formalaşıb, təkmilləşib. Burada redaktor heyəti uzun illərdir fəaliyyət göstərir. Qəzetin redaksiyasına gənclər gəlir, onların marağı davam edir. Vaxtaşırı həm saytımızı, həm də qəzeti maraqlı edəcək vasitələri fikirləşirik. Amma biz işimizə sakit, sabit templə davam etdirmək fikrindəyik. “525-ci qəzet” 22 yaşındadır və hələ uzun illər Azərbaycan mediasında xidmət göstərəcək.
– See more at: http://salamnews.org/az/news/read/129274#sthash.eaRWJGPw.dpuf