Müqayisə apardıqda şahid oluruq ki, Azərbaycanda fəaliyyət göstərən qəzetlərin büdcəsi nəinki yaradıcılıq layihələrinə, heç işçilərinin əməkhaqlarına güclə çatır
Ölkə ictimai mühitində mətbuatın rolu son zamanlar durmadan artır. Əlbəttə, belə bir məsuliyyəti üzərində hiss edə bilən istənilən mətbuat orqanı öz yaradıcılığında yeni çalarlar yaratmağa və yeni layihələr həyata keçirməyə can atır. Xüsusən də müstəqil qəzetlər. Bunun üçün isə, onlara kifayət qədər büdcə formalaşdırmaq lazımdır. AZADİNFORM-un apardığı kiçik araşdırmaya görə, məsələn, qardaş Türkiyə mətbuatında müstəqil qəzetlərin əksəriyyətində bu kimi problemlər arxada qalıb. Misal üçün, bu ölkədə aparıcı qəzetlərdən olan “Hürriyət”in ictimai-siyasi və dünya yazılarını əhatə edən buraxılışları ilə paralel, idman və mədəniyyət buraxılışları da gündəlik oxucuya təqdim olunur.
Bəs, Azərbaycanda vəziyyət necədir?
Baxmayaraq ki, bizdə də sosial, siyasi və digər sahələrdə cərəyan edən proseslərin mətbuatın roluna ehtiyacı heç də Türkiyədən az deyil. Ölkəmizdə bu sahədə vəziyyətlə tanış olmaq üçün kiçik bir sorğu keçirdik. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, Azərbaycanda çox az qəzetlər var ki, onun daşınmaz əmlakı olsun. “Şərq” qəzeti kollektivi də Azərbaycan Nəşriyyatında kirayəşindir. Belə bir məqamda qəzetin büdcəsi qeyri-müəyyən bir hala çevrilir. Konkret olaraq qəzetin büdcəsi dedikdə, normal halda satışdan və reklamdan gələn gəlirləri nəzərdə tutulur. Burada bir qisim qəzetlərdə əlavə yerlərdən maliyyələşmə istisnadır. Azərbaycanda da bu gün qəzetlərin satış imkanları və reklamdan gələn gəlirləri böyük deyil, əksinə çox kiçikdir. Buna görə də təbii ki, qəzetlər kifayət qədər maliyyə problemləri yaşayır və onda yetərli büdcə formalaşa bilmir. Sevindiricidir ki, son zamanlar dövlət bunu görür və nəzərə alır. Qəzetlərin maddi vəziyyətini yaxşılaşdırmaq və onların müstəqilliyini artırmaq üçün konkret tədbirlər əsasında maliyyə vəsaitləri ayırır. Bunlardan elə ən təqdirəlayiqi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır ki, bu da son bir il ərzində qəzetlər üçün kifayət qədər iş görüb. Buna baxmayaraq, çox təəssüflə deyim ki, “Şərq” qəzeti ölkənin ictimai həyatında aparıcı rol oynayan qəzetlərdən biri olmasına baxmayaraq, nədənsə Fonddan bir qəpik də ala bilmir» ,-deyə A.Aşırlı vurğulayıb.
Buna kiçik bir fond deyərdim
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, faktiki olaraq qəzetlərin yerləşdiyi yer özəl əmlak deyil. “O ki qaldı büdcə məsələsinə, redaksiyamız üçün ümumilikdə buna kiçik bir fond deyərdim. Çünki, bizim maddi ehtiyatımız elə də büdcə anlayışını ortaya qoyacaq qədər böyük deyil. Qəzetin büdcəsinin inkişaf edib yaşaması üçün aylıq gəlirin kifayət qədər olması lazımdır. Hazırkı şəraitdə təşkil etdiyimiz kiçik fond da müxtəlif yerlərdən gələn kiçik gəlirlərlə formalaşır ki, bununla işçilərimizin əmək haqlarını və qismən də digər məsrəfləri ödəyirik. Ümumiyyətlə indiki şəraitdə bizim kimi qəzetlər üçün konkret büdcə müəyyənləşdirmək qeyri-mümkündür. Çünki, qəzet satışı və reklam gəlirləri o qədər yüksək və ümidverici deyil ki, hansısa normal büdcəni formalaşdırıb və onu yaşatmaqdan danışasan».
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli qəzetlərinin büdcəsinin heç də iş planlarına adekvat olmadığını bildirib. “Biz də istərdik ki, büdcəmiz geniş olsun. Yəni, biz bu genişlənmədən istifadə edərək əlavə müxbirlər də cəlb etməklə jurnalist araşdırmaları təşkil edə bilərik. Yalnız, KİV DDF-nin ayırdığı vəsaitlərdən istifadə edirik. Bu da ki, konkret müsabiqənin şərtlərinə uyğun olaraq iştirakımızla baş tutur. Ancaq, qəzetimizin yeni əlavələrlə dərc olunması, müxtəlif mövzularda araşdırmaların aparılması ciddi maliyyə vəsaiti tələb edir. Bizim büdcə əsasən adi hal olaraq reklam və satışdan, abunədən gələn gəlirlərlə formalaşır. Həmin vəsaitlərdən yalnız redaksiyanın inzibati xərclərinin bir qismi ödənilə bilir”,-deyə baş redaktor açıqlayıb. N.Məmmədli həmçinin qeyd edib ki, redaksiyalarının yerləşdiyi məkan icarədir.
500 min dollarlıq dövriyyə…
“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid deyir ki, təxminən 10-12 il bundan əvvələ qədər qəzetlərinin ümumi dövriyyəsi 500 min ABŞ dollarına yaxın olub. “O vaxt güman edirdik ki, bu rəqəm getdikcə yüksələcək və büdcə 1 milyona yaxınlaşacaq. Təəssüf ki, həmin vaxtdan sonrakı illərdə Azərbaycanda reklam bazarında olan kəskin gəlir azalmaları və digər bu kimi hallarla əlaqədar büdcəmizdə xeyli azalmalar oldu. Hazırda bizim büdcəmiz 250 min ABŞ dolları civarındadır. Buna görə də son illər yaradıcılığımızla bağlı layihələrimiz ürəyimizdə qalıb. Büdcə əlavə imkanlar vermir ki, biz o layihələri həyata keçirək. Nəzərdə tutduğumuz layihələr əsasən qəzetimizin həcmini genişləndirməkdən, daha çox ölkə həyatının müxtəlif sahələrində olan problemləri işıqlandırmaq və digər bu kimi məqsədlərdən ibarətdir. Təəssüf ki, hazırda digər faktiki problemlərimizi həll etdiyimizdən, real büdcəmiz bunları həyata keçirməyə imkan vermir”,-deyəR.Məcid açıqlayıb. “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev yerləşdikləri ofisin icarədə olduğunu söyləyib. O, bildirib ki, onların da müəyyən həə də olsa konkret büdcələri var. “Formalaşdırdığımız büdcə tam olmasa da, hər-halda bizi nisbətən təmin edir. Çətinliklərimiz də az deyil. Çalışırıq aradan qaldıraq. Bununla bağlı bir dəfə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan bir dəfə layihə də almışıq. Eyni zamanda qəzetin yayımından və müəyyən informasiya dəstəyi verdiyimiz şirkətlərdən gələn gəlirlər hesabına çalışırıq büdcəni yaşadaq. Bütün bunlar qəzetin öz mətbəxidir. Biz bunun sayəsində əməkdaşlarımızın əmək haqlarını və digər məsrəfləri təmin edirik”,-deyə, o açıqlayıb. “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev bildirib ki, hazırda onlarda gəlirlərlə bağlı abunəçilərin sayı normaldır. Onun sözlərinə görə, “Palitra”nın da yerləşdiyi məkan icarədir. “Kifayət qədər olmasa da, müəyyən qədər qəzetin satışı var. Yəni, gəlirlər tam da olmasa, öz kiçik büdcəmizlə özümüzü təmin edə bilirik”,-deyə qəzet rəhbəri vurğulayıb.
Yaradıcı planlar var, ama…
“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli isə ümumiyyətlə büdcələrinin yox səviyyəsində olmasından şikayətləndi. “Müstəqil qəzet olduğumuz üçün mətbəəyə və fəaliyyətimizlə bağlı digər yerlərə borclarımız çox olur. Bu baxımdan biz büdcə formalaşdıra bilmirik. Satışdan gələn gəlirləri də dərhal qeyd elədiyim borclara və işçilərin əmək haqlarına yönəldirik. Az-çox son zamanlar Fond tərəfindən təşkil olunan layihələrdə iştirakımız redaksiya olaraq yaşamağımıza təkan verir. Son vaxtlar elə işimizi müəyyən qədər tənzimləməyə həm də əməkdaşlarımızın özlərinin layihədən yararlanaraq ümumi işimizin keyfiyyətinə kömək etdi. Lakin, kifayət qədər yaradıcılıq planlarımız var ki, real büdcə dediyimiz ehtiyatımız buna imkan verimir”,-deyə A.Mirzəbəyli bildirib. Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli qeyd edir ki, Azərbaycanda çap mediasında olan maliyyə problemlərinin mahiyyəti və törəmə mənbələri barədə fikir birmənalı deyil. M.Ələsgərli qəzetlərdə büdcənin çox zəif olmasının səbəbini tək satış və reklam bazarlarının aşağı olması ilə məhdudlaşdırmır. “Əslində ölkədə qəzet tirajının aşağı düşməsi heç də qəzet oxuyanların sayının az olması ilə ölçülməməlidir. Ölkəmizdə iri qəzetlərin nəşr olunması praktikası elə yaxın keçmişdə mövcud olub. Məsələn, elə 90-cı illərdə “Azadlıq”, “Azərbaycan» və s. kimi qəzetlər 150-200 min tirajla çıxırdı. O vaxtlar bunlar tirajları ilə satışdan əldə olunan gəlir hesabına öz maliyyə imkanlarını kifayət qədər formalaşdıra bilirdilər. Bu gün isə ölkədə ən yüksək tirajla çıxan qəzet 8-10 min arasındadır. Azərbaycanda siyahıya nəzər salsaq 20-25 ciddi şəkildə çıxan qəzetlər var. Bunlar da gündəlik çıxsalar da 2000-2500 tirajla nəşr olunurlar. Həmin qəzetlərin də alıcı və oxucu auditoriyasını bir yerə yığsaq, təqribən 150 min nəfərdən ibarət olar. Lakin, yuxarıda qeyd etdiyim kimi, 20 il əvvəl cəmi iki-üç qəzet təkcə həftəlik 150 min tirajla çıxırdı və gəlirlə bərabər yüksək səviyyədə ictimai mühitə də təsir edə bilirdi. Hazırda ölkədə heç də oxucu kütləsi azalmayıb. İyirmi il əvvəl iki-üç qəzet üçün olan həmin 150 minlik oxucu kütləsi indi 20-25 qəzet üzərində bölünüb. Yəni, oxucu kütləsi azalmayıb, stabil şəkildə qalıb. Təəssüf ki, indiki qəzetlərdə siyasiləşmə meyli o qədər güclənib ki, müxtəlif siyasi qruplar ortaya çıxıb və qəzetlərin də çoxu həmin siyasi qrupların dövriyyəsinə keçib”,-deyə JuHİ sədri açıqlayıb. M.Ələsgərli onu da deyir ki, hazırkı məqamda bunun üçün əlverişli şərait də əmələ gəlib.
Belə hallar jurnalistikanı peşə kimi də qiymətdən salır
Jurnalist Araşdırmalar Mərkəzinin (JAM) sədri Seymur Verdizadə təəssüflənir ki, bu məsələdə Azərbaycandakı qəzetlər nəinki dünya ölkələri, hətta MDB ölkələrinin əksəriyyətində nəşr olunan qəzetlərdən də geri qalır. “Müqayisə apardıqda şahid oluruq ki, Azərbaycanda fəaliyyət göstərən qəzetlərin büdcəsi nəinki yaradıcılıq layihələrinə, heç işçilərinin əməkhaqlarına güclə çatır. Dövlətin KİV-ə dəstəyi başlayandan sonra bu sahədə nisbətən canlanma əmələ gəldi. Ən azı Fondun keçirdiyi müsabiqələr nəticəsində ayrı-ayrı redaksiyalar az da olsa özləri üçün maddi baza formalaşdıra biliblər. Yəni, bu gedişlə davam etsə Fond özü elə qəzetlərin ümumi büdcəsi rolunu oynayacaq. Yəni, bu addımlar mövsümü yox, davamlı olmalıdır. Əks halda hər şey qəzetlərin indiki vəziyyətinə qalarsa, durum çox acınacaqlı olar. Artıq, qəzetlərdə büdcə dedikdə belə bir amil formalaşıb ki, o ancaq işçilərin əməkhaqlarını verməkdən ibarətdir. Bu artıq media üçün vəziyyətin getdikcə ölməsinə dəlalət edir. Bəlkə də belə maddi çətinlik məcbur edir ki, əksər qəzetlər vergidən yayınmaq üçün işə götürdükləri əməkdaşları ilə əmək müqaviləsi belə bağlamırlar. Biz apardığımız monitorinqlərdə nə qədər belə hallara rast gəldik. Belə hallar jurnalistikanı peşə kimi də qiymətdən salır. Çünki, bu sahədə çalışan insan bununla gələcək qocalıq təqaüdündən məhrum olur. Beləliklə, büdcə kasadlığı görün vəziyyəti nə yerə gətirib çıxarır”,-deyə, JAM sədri bildirib.