Azərbaycanda nəşr olunan qəzetin baş redaktoru və təsisçisi həbs edilib.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Məlumatda bildirilir ki, Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakini, 1969-cu il təvəllüdlü Əfəndiyev Ədalət Əhməd oğlu Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Tovuz rayonu Ağdam kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Elxan Qəzənfər oğlunun ona məxsus küllü miqdarda pulu dələduzluq yolu ilə mənimsədiyini bildirib.
Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Elxan Əliyev Tovuz rayon ərazisində tutularaq Zaqatalaya gətirilib. E. Əliyevin ətrafında aparılan istintaq əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, 2004-cü ildə Zaqatalaya gələrək rayonun Yuxarı Çardaqlar kənd sakini Ədalət Əfəndiyevlə tanış olub, özünü “Zəmanə və qanun” ictimai-siyasi hüquq qəzetinin təsisçisi və baş redaktoru kimi təqdim edib. Bu tanışlıqdan sonra Elxan Əliyev və Ədalət Əfəndiyev arasında yaxın dostluq münasibətləri başlayıb. Ədalət Əfəndiyevin Qarabağ döyüşlərində iştirak etdiyini və onun qardaşı Elşən Əfəndiyevin 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğunu öyrənən Elxan Əliyev bu faktdan istifadə etmək fikrinə düşüb. O, tamah məqsədi ilə Ədalət Əfəndiyevi inandırmağa çalışıb ki, Zaqatala və Bakıda yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın əlaqələri var və Zaqatalada şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən yaşayış binasında ona ev almaq, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan qardaşı Elşən Əfəndiyevə isə “Milli qəhrəman” statusu verilməsinə kömək edə bilər.
Bu məqsədlə E. Əliyev dələduzluq yolu ilə 2007-ci ilin sentyabr ayından 2010-cu ilin oktyabr ayına kimi ayrı-ayrı vaxtlarda hər dəfə müxtəlif bəhanələrlə Ədalət Əfəndiyevin ümumilikdə 56 min 700 manatını mənimsəyib. E. Əliyev istintaqa verdiyi ifadəsində həqiqətən “Zəmanə və qanun” adlı ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olduğunu təsdiqləyib. O, Ə. Əfəndiyevdən aldığı 56 min 700 manatın bir hissəsini qumarda uduzduğunu, bir hissəsini isə müxtəlif məqsədlərə sərf etdiyini bildirib.
Zaqatala RPŞ-də E. Əliyev barədə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.
LENT.AZ