Bakının müxtəlif ət kəsimi yerlərində aparılan araşdırmalar göstərir ki, Qurban bayramı günlərində qurbanlıq qoyunların qiyməti 160-180 manat civarında olacaq.
Trend xəbər verir ki, artıq bir sıra rayonlardan Bakıya xeyli sayda qurbanlıq qoyunlar gətirilsə də bəzi işbazlar yenə də süni qiymət artımı üçün hərəkətə keçib. Belə ki, ət kəsimi ilə məşğul olan qəssab əhalini diqqətli olmağa çağırır.
Qəssabın sözlərinə görə, həm qiymətlər şişirdilir, həm də qoyunların satışı düzgün təşkil olunmur: “Mən özüm dindar bir adamam. Onun üçün qurbanlıq qoyun kəsimi məsələsinə çox həssas yanaşıram. Qurban bayramı zamanı heç ət kəsimindən anlayışı olmayan bir sıra işbazlar ortaya çıxır. Pul qazanmaq üçün min bir hoqqadan çxırlar. Həm bir-birləri ilə razılığa gəlib bahalı standart qiymət tətbiq edirlər, həm də ət kəsimi zamanı heç bir şəriət qaydalarına əməl etmirlər”.
Digər bir ət kəsimi obyektində 10 ildən artıqdır bu işlə məşğul olan qəssab da eyni fikirdədir: “Öncə bu il qiymətlərin ötən ilkindən baha olacağını deyən qəssab qeyd etdi ki, indidən qurbanlıq qoyun alanlar 20 manat irəli düşəcək. Çünki indi qoyunun kilosu 10 manadırsa, qurban bayramı vaxtı bu 14 manat və daha da artıq ola bilər. Yəni indi 130 manata satılan qoyunlar, Qurban bayramı vaxtı 150 və ya 160 manat olacaq”.
Bununla yanaşı qəssablar başqa bir məqamı da ortaya çıxardı. Belə ki, işbazlar Qurban bayramı vaxtı Gürcüstandan ucuz qiymətə Bakıya gətirdikləri qoyunları yerli mal adı ilə əhaliyə satır. Onlar əhalini Gürcüstandan gətirilən qoyunları almamağı məsləhət görür: “Gürcüstandan gətirilən qoyunlar çox vaxtı xəstə olur. Həm də Gürcüstanda saxlanılan qoyunlar şəriət qaydalarına zidd formada bəslənilir”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində ucuz qurbanlıq heyvanların satışı həyata keçiriləcək.
Ucuz qurbanlıqlar Qurban Bayramı ilə əlaqədar əhalinin tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasına kömək edəcək.
Nazirlikdən bildirilir ki, satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.