Modern.az saytı “Qürbətin doğma məzarları ” layihəsindən növbəti yazını təqdim edir. Bu dəfə Qızıl Meydandakı Şərq xalqlarına məxsus olan ilk məzardan – Nəriman Nərimanovun məzarı və qətlindən danışılacaq.
“Məni Serqo zəhərlədi”
Bu sözləri ölümünə çox az qalmış xəstəxanada gözlərini açan Nərimanov dilə gətirib. O vaxt 1925-ci ilin martı idi. Artıq bir fiqur kimi Stalin və əlaltılarını narahat edən Nərimanov mənfur komanda tərəfindən aradan götürülməli idi. Günlərin bir günü Nərimanov Azərbaycandan gətirilmiş yarpaq dolmasına qonaq edilir və dolmanı tərkibinə qatılmış zəhərlə birgə yeyir. Koba tərəfindən cızılan bu plan həyata keçirilir və yazının qəhrəmanı olan Nərimanovun qətlinə, daha doğrusu onun qürbətdəki məzarının formalaşmasına səbəb olur.
“Məni təcili xəstəxanaya çatdırın”
“Kreml ambulatoriyasının xidmətçisi, Stalin “KQB”sinin “plaş, xəncər” qiyafəli agenti Yuliya İvanovna Litvina MK-ya necə hesabat göndərəcəyinin detallarını ölçüb-biçərək, sakit bir tərzdə heç nə olmamış kimi davranırdı. Yuliya Kremlə bu məzmunda məlumat göndərdi: “Mən, Kreml ambulatoriyasının xidmətçisi Yuliya Litvina 1925-ci il martın 19-da, iş qurtarandan sonra, axşam saat 9-a 15 dəqiqə işləmiş, ya da 9-un yarısında Aleksandr bağının hasarı yanındakı səki ilə Trotski darvazasından İnqilab meydanı tərəfə gedərkən, bir nəfərin hasara söykəndiyini və bərk öskürdüyünü gördüm, deyəsən halı pis idi. Kömək etmək üçün yaxınlaşanda əvvəllər ambulatoriyamızda bir neçə dəfə gördüyüm MİK sədri Nərimanov yoldaşı tanıdım. O da məni tanıyıb dedi: “Məni tez xəstəxanaya aparın, ölürəm”. Təzədən soruşdum: “Evə getmək istəyirmi?” O qəti tapşırdı ki, Kremlin xəstəxanasına aparaq. Yolda hey inildəyir, deyirdi ki, halı pisdir, biz xəstəxanaya çatanda keçindi”. (Akif Aşırlı. Nərimanovun Kremldə qətli. Bakı-2006).
Sonradan Kalinin də bu haqda danışacaq. Həm təəssüflənəcək, həm də bu təəssüfün bətnində Nərimanovun böyüklüyünü etiraf edəcək. Üstündən xeyli keçmiş jurnalist Akif Aşırlı arxivdən bu etirafı tapacaq: “Bir vaxt edam yeri və bir vaxt rus xalqının yeri olan Qızıl Meydan indi SSRİ-də yaşayan bütün millətlərin rəhbər və başçılarının dəfn yerinə çevrildi… Nərimanovun timsalında biz doğma partiya yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan Şərq xalqlarının birinci qurbanını qoynuna alır”.
Sonradan bu qətlə min cür don geyindiriləcək. Bəyanat veriləcək ki, doktorun ürəyi partlayıb. Min-min cinayətin içində bu cinayət də ört-basdır ediləcək. Amma Nərimanovun yetim qalan məzarı ilə bərabər onun yetim qalan ailəsi – arvadı Gülsüm və oğlu Nəcəf adicə yemək üçün əziyyətlərlə rastlaşacaqlar. Amma öz ölümünü bilən Nərimanov ailəsi üçün heç nə edə bilmir. Onları qorumağı bacarmır. Bakıya gələndə yerli əhaliyə də deyir ki, sizə məhəbbətimi vermək istəyirəm, onsuz da ömrümə az qalıb. Əslində onu 1918-ci ilin mart soyqırımı günündə də öldürməyə çalışıblar. Sadəcə adi bir təsadüf onu xilas edir. Kimi deyir ki, etiraz əlaməti olduğunda S.Şaumyanın evinə gedir. Həmin vaxt orada olması Nərimanovu ölümdən qurtarır. Kimi də deyir ki, Nargin adasına səhvən onun yerinə qardaşı Rizvanı aparırlar. Hər halda fərziyyələr çoxdur. Bütün bunlar isə heç nəyi dəyişmir. Fakt odur ki, Nərimanov çox keçmədən cəmi 6 il sonra Qızıl Meydanın “ilk şərqli sakini” olur.
Son günlərdə Doktor Nərimanın nəşinin vətənə gətirilməsi ilə bağlı söz-söhbətlər gedir. Amma mədəniyyət və turizm nazirinin yaxın keçmişdə bu barədə verdiyi açıqlama məsələni gündəmdən kənarlaşdırdı. Bildirildi ki, Nərimanovun məzarının Bakıya gətirilməsi sadəcə olaraq gündəmdə deyil, vəssəlam.
Bu söz-söhbətin bir səbəbi də var idi. Belə ki, Nərimanov Lenin Mavzoleyinin yerləşdiyi nekropolda 116 nəfərin arasında dəfn olunub. Leninin mumiyası da daxil olmaqla Stalin, Brejnev, Andropov, Çernenko və digər məşhurların da məzarının olduğu bu qəbiristanlığın Moskva yaxınlığındakı Mıtışi Federal Hərbi Memorial qəbiristanlığına köçürülməsi nəzərdə tutulur. Nərimanovun nəşinin vətənə qaytarılması məsələsi də bu köçürmə söhbətinin ortaya atıldığı andan hesablanır.
Nərimanov irsi və şəxsiyyəti ilə məşğul olan adamlar məzarın Bakıya gətirilməsi üçün çox maraqlıdırlar. Yaxın qohumu və adını daşıyan ev muzeyinin direktoru Kamilə Hüseynova bunu bir arzu kimi dəyərləndirir: ”Əlbəttə, hər hansı qohum öz yaxınının qəbrinin gətirilməsinin tərəfdarı olar. Ancaq bu, dövlət səviyyəsində görüləcək işdir. Yəni dövlət qərar versə, həyata keçiriləcək. Mən başqa heç nə deyə bilmərəm”.
Nərimanovun ən yaxşı bilicilərindən olan tarixçi Firdovsiyə Əhmədova da Modern.az-a verdiyi açıqlamada Kamilə xanımın fikrinə şərik olaraq bu işin yalnız dövlət tərəfindən həyata keçirilə biləcəyini qeyd edib: “Dövlət səviyyəsində məzarların köçürülməsi məsələsi müzakirə olunarkən, ayrı-ayrı xalqlara mənsub olan şəxsiyyətlərin köçürülməsi zamanı dövlət səviyyəsində qərar verilməlidir. Təbii ki, əgər Nəriman Nərimanovun məzarı Azərbaycan Respublikasına köçürüləcəksə, fəxri şəkildə həmin məzar özünün yerini tapmalıdır. Əks halda hər hansı bir həqarətə, başqa münasibətə məruz qalacağı təqdirdə məzarın köçürülməsi yolverilməzdir. İndiki Azərbaycan dövlətinin Nərimanovun şəxsiyyətinə olan münasibəti konteksində əgər onun məzarı köçürüləcəksə, bu yüksək səviyyədə öz həllini tapacaq”.
Sonda hərb tarixçisi üzrə araşdırmaçı Şəmistan Nəzirlinin Nərimanov və onun məzarının gətirilməsi ilə bağlı dediyi sözləri xatırlamaq daha məqsədəuyğun olar. Tədqiqatçı doğru olaraq qeyd edir ki, əvvəl-axır o məzarı yerindən tərpədəcəklər. Onun Fəxri xiyabanda, eləcə də hər hardasa basdırılması da dəqiq deyil. Bir millətin oğlu kimi o mütləq vətənə gətirilməlidir. Ş.Nəzirli bu sözləri ilə çox mətləblərə toxunur. O, bu millətin övladıdır. Lenin ilə bir yerdə basdırılsa da….