Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı olan qhtxeber.az saytının fəaliyyətə başlamasının ikinci ildönümüdü.
Ötən iki ildə qhtxeber.az kollektivi olaraq ölkəmizdə fəaliyyət göstərən QHT-lərin fəaliyyətini işıqlandırmağa, onların həyata keçirdiyi layihələrin icrasını izləyərək cəmiyyəti məlumatlandırmağa çalışdıq. Çalışdıq ki, operativ və qərəzsiz olaq. Çalışdıq ki, hər bir QHT-yə diqqətlə yanaşaq. Hər zaman QHT-lərin problemlərinin və uğurlarının yanında olaq. Bunun öhdəsindən necə gəldiyimizi isə sizlər deyə bilərsiz. Bütün bu işləri kiçik, lakin peşəkar bir kollektivlə həyata keçirdik. Bu bir ildə problemlərimiz də oldu. Amma heç vaxt usanmadıq, yorulmadıq, sadəcə üzərimizə düşən vəzifəni yerinə yetirdik. Oxucularımızın sayı günbəgün artdı. Ölkəmizin ictimai həyatında fəal olan şəxslərin, QHT üzvlərinin, beynəlxalq təşkilatların rəhbərləri ilə daim əlaqə yaratdıq, ünsiyyət qurduq. Cəmiyyətin problemlərinə toxunan analitik və araşdırma xarakterli məqalələr hazırladıq. QHT-lərin fəaliyyətini ayrı-ayrılıqda araşdıraraq oxuculara təqdim etdik. Həmçinin, “Bizim qonaq” rubrikasında QHT rəhbərlərini olduğu kimi, ictimai fəaliyyətin içində və ondan kənarda, ziyalı və sadə vətəndaş kimi ictimaiyyətlə tanış etdik.
Beynəlxalq təcrübəni də unutmadıq. Müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti, elan etdiyi qrant müsabiqələri, eləcə də həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumatlar portalımızda mütəmadi yer aldı.
2011-ci ildə qhtxeber.az kollektivi olaarq öz fəaliyyətimizdə yeniliklər etdik. Sayta yeni bölmələr əlavə olundu, interaktiv sorğular təşkil edildi. Yeni bölmələr arasında QHT TV daha çox maraq doğuran və baxılanlar sırasında oldu. Bu bölümdə QHT-lərin fəaliyyətini təkcə informasiya ilə deyil, canlı görüntülərlə də işıqlandırırıq. Keçirilən tədbirlər, layihə hesabatlarının video görüntüsü, yaxud video roliklər bu bölümdə öz yerini alaraq geniş oxucu kütləsinin diqqətini cəlb etdi.
Beləcə daha bir ilimizi başa vurduq. İlk hədəfimiz qhtxeber.az-ı QHT sektorunun əsas informasiya mənbəyinə çevrmək idi. Buna nə qədər nail oluruq? Təbii ki, fəliyyətimizdə nə qədər uğurlu olub-olmadığımızı müəyyənləşdirmək, qiymətləndirmək oxucuların üzərinə düşür. Hələ görəcəyimiz çox işlər var. Təbii ki, bu yöndə ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələrinin köməyinə arxalanırıq.