İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova: “İxtisasca filoloqam, institu qiyabi oxumuşam. 1-ci kursda oxuyanda təxminən bir il-il yarım müəllimə işləmişəm. Orta məktəbdə uşaqların yazı qabiliyyəti istənilən halda yoxlanılır. O baxımdan mənim müxtəlif səpkidə yazılar yazmağa həmişə marağım olub. Və hətta bizim divar qəzetimiz var idi. Mən 1-ci sinifdən 3-cü sinifə kimi onun redaktoru olmuşam. 3-cü sinifdən sonra hər sinifin özünün ayrıca divar qəzeti olub, aylıq çıxırdı. Əlaçı şagirdlər haqqında məqalə yazırdım, şəkilləri ilə divara vururduq və yaxud ayın bayramları, əlamətdar günləriylə bağlı yazılarımız olurdu. Ən əsası o qəzetin redaktoru da özüm olurdum. Yəni, orta məktəbdən məndə qəzetçiliyə, yazı yazmağa maraq var idi. Sonra tale elə gətirdi ki, tələbəlik dönəmində Bakıda ilk dəfə yazıyla “7 gün” qəzetinin o vaxtkı baş redaktoru Emin Eminbəyliyə müraciət elədim. Yazıya baxdı, bəyəndi, dedi əməkdaşlıq eləyək. Beləliklə, əməkdaşlıq edirdim, yazılar verirdim. Bir müddətdən sonra ştata işə götürdülər və mən “7 gün” qəzetində çalışmağa başladım. Jurnalistikaya belə gəlib çıxmışam.
Amma orta məktəb vaxtından bu sahəyə həvəsim olub. Sadəcə, Sovet vaxtı jurnalistikaya qəbul olmaq indiki kimi asan deyildi. O vaxt gərək yerli qəzetlərdə çıxış edərdin, nə qədər məqalələrin olmalıydı. Sözün düzü, instituta qəbul olunana qədər mən bunu bilmirdim. Sənədləri qəbul edəndə dedilər ki, sənədlərlə bərabər həm də müxtəlif qəzetlərdə məqalələrim çıxmalı imiş. Elə alındı ki, mən filologiyaya getdim. Düşünürəm ki, filologiya da bir az jurnalistikaya yaxın sahədir.
Jurnalistikada olduğuma görə peşmançılıq yoxdur. Yəni, bu sahəni seçməsəydim, qəzetçilik olmasaydı, 1998-ci ildə “Həftə içi” qəzetini yaratmasaydım, həm təsisçisi, həm baş redaktoru olmasaydım… İnanın, özümü heç cür başqa yerdə təsəvvür edə bilmirəm”.
“Qafqazinfo.az” saytının baş redaktoru Elnur Məmmədlinin içində hələ də diplomat olmaq arzusu qalıb:
“Ali Diplomatiya Kollecini (indiki Azərbaycan Avrasiya Universiteti) 2001-ci ildə beynəlxalq münasibətlər fakultəsi üzrə bitirmişəm. O mənim sevdiyim və seçdiyim bir ixtisas olub. Təssüf ki, diplomat ola bilmədim. Amma elə jurnalistika da diplomatiyaya yaxın bir sahədir. Kollecdə bizim Cəmil Həsənli, Qulamhüseyn Əlibəyli, İlyas İsmayılov, Xaləddi İbrahimli, Eyvaz Borçalı kimi çox gözəl müəllimlərimiz olub. Orada jurnalistikanı da öyrənmişik. Bizə bir kurs “Jurnalistikanın əsasları” fənnindən dərs keçiblər. Axı diplomat jurnalistikadan da xəbərdar olmalıdır. Azərbaycanın ən peşəkar jurnalisti hesab etdiyim Eyvaz Borçalı bizə jurnalistikanın əlifbasını öyrədirdi. Jurnalistika başımı elə qatdı ki, bir də baxdım ki, diplomat olmaq üçün tələb olunan yaş həddim keçib. 3-cü kursu bitirəndən sonra “Ekspress” qəzetində rəsmən fəaliyyətə başladım. Ondan əvvəl isə “Sensasiya” qəzeti vardı, hərdən ora yazılar göndərirdim.
“Ekspress”də də mənə qələm tutmağı Qalib İbrahimoğlu öyrətdi. Öz ixtisasım üzrə işləmək imkanım heç olmadı. 5 il “Ekspress” qəzetində, 5 il APA-da, 4 ildir də “Qafqazinfo”dayam. Yəni, mən az “gəzən” jurnalistlərdən hesab oluna bilərəm. Jurnalistikaya marağım əvvəl də var idi. İstənilən peşə gözəldir. Yetər ki, o peşənin peşəkarı olasan. Amma hesab edirəm ki, indi jurnalistika 10 il bundan əvvəlkindən maraqsızdır. Bilmək olmaz, bəlkə 10 il bundan sonra indiki jurnalistika daha maraqlı oldu.
Heç peşman deyiləm. Mən həyatımı burada qurmuşam. Amma diplomat olmaq bir arzu olaraq hələ də içimdədir. Yəni, bu gün həmin sahədə işləmək imkanım olsa, tərəddüd etmədən jurnalistikanı buraxaram”.
“Gün.az” saytının əməkdaşı Pərvanə Sultanova: “Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakultəsini bitirmişəm, magistr üzrə də təhsil almışam. Bununla yanaşı, həm bir sıra xarici ölkələrdə, həm də Bakıda təşkil edilən jurnalistika üzrə treninqlərdə iştirak etmişəm. Öz ixtisasım üzrə çalışmamışam. Əslində orta məktəbdə oxuyarkən artıq jurnalist olmaq qərarını vermişdim. Amma jurnalistika fakultəsinə daxil olmaq mənim üçün önəmli deyildi. Yəni, jurnalist olmaq üçün qabiliyyət, istedad və təcrübənin olması daha vacibdir. Beləliklə, məktəbi bitirəndə məqsədim humanitar fənlər üzrə mütləq ali məktəbə daxil olmaq və jurnalist kimi fəaliyyət göstərmək idi.
Tələbə vaxtından jurnalistika ilə məşğulam. İlk iş yerim “Xalq” qəzeti olub (1999-cu ildə). Daha sonra “İki sahil”, 2005-2011-ci illərdə isə “525-ci qəzet” də işlədim.
2011-ci ilin oktyabrından “Gün.az” da işləyirəm. Jurnalistikada olmağımdan razıyam. Düzdür, bəzən yorulursan, bezirsən. Başqa heç nəyə vaxt qalmır, işdən sonra da tədbirlər və s. Amma bütun bunlara rəğmən içimdə jurnalistikaya hələ də sevginin, bağlılığın olduğunu hiss edirəm. Yəni, bura məncə, yeganə sahədir ki, özünü sərbəst hiss edirsən. Kiminsə qarşısında əyilmirsən, gözükölgəli olmursan. Jurnalistika gözəl peşədir. Mən gələcəkdə bu sahədə olmaya da bilərəm, amma hər zaman bu peşəyə hörmətlə yanaşılmasını istəyirəm. Bu gün kimin gəldi jurnalistika, mətbuat barədə ağzına gələni danışması istər-istəməz adama toxunur. Çünki bu sahə qədər çətin, əziyyətli ikinci sahə yoxdur. Bilirsiniz, nəyisə çox sevəndə nə qədər çətinlik, əziyyət olsa belə, ona sevgin azala bilər, amma tam tükənmir. Məndə də elədir bəzən çox əsəbləşirsən, bezirsən, amma içində o sevgi və bağlılığı hiss edirsən”.
“Üç nöqtə” qəzetinin baş redaktor müavini Pünhan Əfəndiyev jurnalistikaya gəlməmişdən əvvəl müəllim kimi fəaliyyət göstərib:
“Bakı Dövlət Universitetinin kimya fakultəsini bitirmişəm. Qəbələ rayonun Əmirvan kəndində 8 il müəllim işləmişəm. Sonra Xətai rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində bölmə müdiri işləmişəm. O vaxt krossvord dəbdə idi. Həmin mərkəzdə işləyəndə müxtəlif qəzetlərə krossvord hazırlayıb verirdim. “7 gün” qəzetindən orada işləmək üçün dəvət gəldi. “7 gün”də həm krossvord düzəldirdim, həm də qəzetin maraqlı səhifəsi var idi, o səhifənin yazılarını yazırdım. Özü də o səhifə həmin dövrdə ən çox oxunan səhifə idi. Sonra mən iqtisadiyyatdan yazmağa başladım. Baş redaktor Emin Eminbəyli iqtisadiyyatdan tapşırıqlar verirdi, mən də onu yazırdım.
Müəllimlikdən getməyimin səbəbi maddiyyatla bağlıdır. O vaxt Emin Eminbəyli müəllimlikdə aldığım əmək haqqından 4 dəfə çox maaş təklif eləmişdi. Belə hesab edirəm ki, jurnalistikada daha çox uğur qazanmışam, nəinki o biri sahədə. Razıyam. Heç bir narazılığım yoxdur”.