İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
“Ayna” qəzetinin əməkdaşı Xaqani Səfəroğlunu jurnalist olmağa həvəsləndirən Çingiz Mustafayev olub: “Mən ixtisasca tarixçiyəm. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Unversiteinin Tarix-dövlət hüququ fakültəsini bitirmişəm. O fakültəni öz arzumla seçmişəm. Orta məktəbdən tarixə böyük həvəsim olub. Dünya tarixi, siyasi idarəetmənin tarixi, məhv olan sistemlər, yüksələn dövlətlər…. Onların uğurlarının sirrini bilməyi həmişə istəmişəm. Bu ixtisas unikaldır və insana dünya işlərindən hali olmaqda böyük kömək edir.
İxtisasım üzrə işləməmişəm. Sözün düzü Tarix fakültəsini gələcəkdə müəllim işləmək üçün seçməmişdim. Sadəcə tarixi öyrənmək və əgər nəsib olarsa, elmi karyera qurmaq fikrim vardı. Özümü sinifdə müəllim kimi təsəvvür edə bilmirdim. 90-lar qəzet jurnalistikanın parlaq dövrləri idi. O dövlərin tarixi hadisələrinin lokomotivi olan media dinamik və çox cəzbedici idi. Zarafatyana şərh etsəm, əgər tarixi proseslər gözünün qarşısında baş verirsə, onu kitabdan oxumaq nəyə gərək? Odur ki, özümü bu sahədə sınamaq qərarına gəldim. Tələbəlikdən mətbuata gəldim. Mətbuatdakı dinamiklik və ağıllı adamlar məni cəlb etdi, nəticədə burada qaldım.
Məni jurnalist olmağa həvəsləndirən mərhum Çingiz Mustafayev olub. Onun TV-dəki reportajları, sovet qəlibindən fərqlənən cins şalvarda əlində mikrofon əvvəlcədən hazırlanmış sualları bol olan veriliş yox, ekspromt verilişləri onu bir jurnalist olaraq mənə sevdirmişdi. Çingiz o dövrün yeniyetmə nəsli üçün kumir idi. Mətbuat o zaman cəmiyyətin önündə gedən bir sahə idi. Onun cazibədarlığı da bunda idi.
Heç bir peşmanlıq hissi yoxdur. İşlədiyim illərdə tanıdığım çoxlu maraqlı adamlarla tanışlıq imkanı verib. Dostlar qazandırıb. Jurnalistikada imza sahibinə çevrilmək çox çətin və məsuliyyətli bir işdir. Jurnalistika yaradıcı iş olduğundan aktyorlarda olduğu kimi, daim formada olmağı tələb edir. Bu sahə dinamiklik sevir. Əgər nə vaxtsa gurulutulu bir yazı yazmısansa, sona qədər onun bəhrəsi üstündə otura bilməzsən. Gərək daim axtarışda olasan. Öz üzərində işləyəsən və öyrənəsən. Yoxsa “naftalin iyli jurnalist”ə çevrilə bilərsən. İmzanın gətirdiyi uğurun ləzzətini və məsuliyyətini yaşamaq böyük peşəkarlıq tələb edir”.
APA TV-nin “Bizim şəbəkə” verilişinin aparıcısı Elmin Həsənli dövlət qulluğuna getmədiyinə görə qəti peşman deyil: “Prezident yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasını bitirmişəm. Prinsipcə, politologiya jurnalistikaya yaxın sahədir. Amma bu ixtisasın hüquqşunaslıq, həkimlik, mühəndislik, bankçılıq və s. kimi ixtisaslardan fərqli olaraq konkret iş sahəsi yoxdur. Bu ixtisası bitirənlər adətən, müxtəlif idarəçilik strukturlarında çalışırlar. Məsələn, tələbə yoldaşlarımın böyük əksəriyyəti nazirliklərdə işləyirlər. Amma mən özümü rəsmi işlərdə görmədiyimə, xarakterim buna uyğun gəlmədiyinə görə, daha sərbəst işlərə meyilləndim. Tələbə olmazadan qabaq yazdığım şeirlər “Alatoran” jurnalında dərc olunmuşdu. AYO-çularla (Azad Yazarlar Ocağı) münasibətlərim yaranmışdı.Tələbə olanda “Alma” qəzetində yazılar yazmağa başladım. Sonra Elçin Səlcuqun baş redaktoru olduğu “Proloq” qəzetində işlədim. İnternet mediasının hələ çox da güclü olmadığı vaxtlarda “adyazar.az”, əsgərlikdən sonra isə Qan Turalı ilə yaratdığımız “abzas.net” dərgisində işləmişəm. Jurnalistika fəaliyyətim daha çox ədəbiyyat və mədəniyyət sahəsində olub. Yalnız 1 ilə yaxın “Azadlıq” qəzetində sosial və siyasi jurnalistika ilə məşğul olmuşam. Amma özümü daha çox mədəniyyət sahəsində görürəm.
Bir il “APA Holding”in “Kulis.az” dərgisində çalışmışam, hazırda isə şirkətin sosial media işləri ilə məşğulam, eyni zamanda internet kanalı olan APA TV-də “Bizim şəbəkə” verilişini aparıram. Amma arada yazı üçün darıxıram.
Dövlət qulluğuna getmədiyimə və media sahəsində olduğuma görə qəti peşman deyiləm. Ən azından hər gün səhər üzümü qırxmaq və qalstuk taxmaq məcburiyyətim yoxdur. Belə xırda məsələlər mənim üçün çox vacibdir”.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı təhsil sistemindəki neqativ hallara görə müəllimliklə vidalaşıb: “İxtisasca fizik-riyaziyyatçıyam. Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunuyam. Bu fənnin əsl vurğunu idim, saatlarla vaxtımı laboratoriyalarda keçirirdim, ölçmələrdə lazımi nəticə alınmayana kimi cihazlarla işləyirdim. Universitetdə ən həvəssiz və çətin oxuduğum fənlər humanitar fənlər olub, onları ancaq əzbərləyirdim. Mənimki əsasən misallar, düsturlar, məsələlər, inteqrallar idi.
Universiteti bitirdikdən sonra 2 il riyaziyyat, fizika, informatika, astronomiyadan dərs demişəm. Lakin həmin dövrlərdə təhsil sistemindəki neqativ hallara görə müəllimliklə vidalaşmalı oldum. Şagirdlərimlə indi də rastlaşıram. Aralarında tanınmış texnoloji şirkətlərdə məsul vəzifə tutanları da var.
Qeyd etdiyim kimi, o vaxta qədər yazı-pozuya heç vaxt xüsusi həvəsim olmamışdı. Amma elə alındı ki, həmin vaxt “Yeni Müsavat” qəzetində işləyən bacımın təkidi ilə qəzetdə texniki işə başladım. Müxbirlərin yazısını oxuduqca, məndə də gücümü sınamaq istəyi yarandı. Nəticədə yazdığım ilk xəbər qəzetdə manşetə getdi.
Jurnalistikada olduğuma görə qətiyyən peşman deyiləm. Əminəm ki, pedaqogikada da ciddi uğurlar qazana bilərdim. Amma mətbuat aləmi mənə daxilimdəki müstəqilliyi nümayiş etdirməyə məkan yaratdı, mübariz vətəndaş kimi formalaşmağıma kömək etdi. Həm də ailə qurduğum şəxslə də məhz bu sferada tanış oldum. Odur ki, naşükürlük edə bilmərəm”.
Mediaforum.az saytının müxbiri İmdad Əlizadə jurnalistika ilə məşğul olarkən ruhu dincəlir: “Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini psixologiya ixtisası üzrə bitirmişəm. Ancaq psixoloq kimi işləməmişəm. Birinci kursdan jurnalist işləyirəm. İndi də BDU-nun hüquqi psixologiya üzrə doktorantıyam.
Orta məktəbi 1997-ci ildə bitirmişəm. Həmin il test imtahanı vermişəm. Ali məktəbə sənəd verəndə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kodu ilə Bakı Asiya Universitetinin filologiya fakültəsinin kodunu səhv yazmışdım. Nəticədə seçdiyim ixtisaslar arasında Bakı Asiya Universitetinin filologiya fakultəsi ikinci yerdə qərarlaşmışdı və mən həmin universitetə daxil olmuşdum. Bakı Asiya Universiteti özəl idi, ailəmiz təhsil haqqını ödəyə bilmirdi. Bu səbəbdən orada bir smestr oxudum və çıxmaq, yenidən imtahan vermək qərarına gəldim. Bakı Asiya Universitetində oxuyanda bizə psixilogiya ixtisası keçirdilər və bu ixtisas mənim çox xoşuma gəldi. Ona görə də ikinci dəfə test imtahanı verəndə qrupu dəyişdim və psixologiya ixtisasına daxil oldum.
Təxminən 15 yaşım olandan hər gün qəzet almışam. Dərsə gedəndə mənə indiki pulla 60 qəpik verirdilər. Onun 20 qəpiyini qəzet almaq üçün xərcləyirdim. Bir ara məndə belə bir hobbi yaranmışdı: dünya prezidentlərinin, baş nazirlərinin, xüsusən də xarici işlər nazirlərinin siyahısını tutub əzbərləyirdim. Həmişə prosesləri yerində izləməyə, hadisələrin canlı şahidi olmağa can atmışam. 1992-ci ildən “Azadlıq” radiosunun, dövlət radiosunun, bir neçə il ondan sonra isə BBC, “Amerikanın səsi” radiolarının daimi dinləyicisi olmuşam. Bütün bunlarla yanaşı, mətbuata gəlməyimdə maddi ehtiyac da rol oynayıb. Məcburi köçkün olan doqquz nəfərlik ailəmiz çətinliklə, atamın müəllim maaşı hesabına dolanırdı. Biz də qardaşlarımla birgə meyvə-tərəvəz satırdıq. Ancaq dərsə gedəndən sonra onlara kömək edə bilmirdim. Birinci kursun axırında həm təhsilimi davam etdirmək, həm də ailəmə kömək məqsədilə işləmək qərarına gəldim. Beləliklə, Alya Yaqublunun baş redaktor olduğu “İntibah” qəzetində işə başladım. O gündən mətbuat mənim həvəslə çalışdığım və yaşayışımı təmin edən sahədir.
Jurnalist olmağımdan peşman deyiləm. Baxmayaraq ki, jurnalistika maddi mənada mənə heç nə qazandırmayıb, ev, avtomobil, var-dövlət sahibi etməyib. Mən bu peşəni sevirəm. Sevdiyim işlə məşğul olmağım isə mənə zövq verir, ruhum dincəlir. Fikirləşirəm ki, bu peşəni seçməklə düz etmişəm”.