İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.
APA-nın baş direktor müavini Məhbubə Qasımbəyli: “Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinin məzunuyam. Jurnalist olmaq istəyi orta məktəbin lap aşağı siniflərdən yaranmışdı. Həmin vaxt qəzetlərdə işləməklə bağlı xəyallar da qururduq. Universitetdə bizdən yuxarı kurslarda oxuyan tələbələrin qəzetlərlə əməkdaşlıq etdiyini görəndə ürəkləndim. Mətbuatda çalışmaq istəyən tələbə rəfiqəmlə “Azadlıq” qəzetinə üz tutduq. İndi “APA Holding”də bərabər çalışdığımız Mahir Mehdi o zaman qəzetdə humanitar şöbəyə rəhbərlik edirdi. Mövzuları onunla məsləhətləşirdim, hazırladığım bir müsahibə, bir neçə məqalə və informasiya “Azadlıq”da dərc olundu. Amma o zaman İçərişəhərdə aparılan söküntü ilə bağlı hazırladığım araşdırma orda dərc olunmadı, çünki qəzetin müxbiri eyni mövzuda araşdırma hazırlamışdı. Çox pərt olmuşdum. Evdə anama danışdım. Dedi ki, işlədiyi məktəbdə Səbuhi müəllim var, hansısa qəzetdə də çalışır, yazını ona göstərə bilərik. Yazımı apardı və evə gələndə dedi ki, yazın “Rezonans” qəzetində çap olunacaq. Bir neçə gündən sonra məqaləm “Rezonans”ın əsas xəbəri kimi dərc olundu. Sonradan bildim ki, Səbuhi müəllim hələ o zamanın tanınmış imzası Səbuhi Məmmədlidir. Demişdi ki, gəlsin, bizimlə işləsin. Ora gedəndə pis-yaxşı yazı yazmağı bilirdim, amma jurnalist olmağın sirlərini “Rezonans”da öyrənməyə başladım. Həm də oranın yaradıcı mühiti mətbuatda qalmaq arzumu möhkəmləndirdi. Vaxtilə işlədiyim “Rezonans”, “İntibah”, “Yeni Müsavat” qəzetləri, yeddi ildən bəri çalışdığım APA İnformasiya Agentliyi mənim üçün məktəb rolunu oynadı. Şükürlər olsun ki, qismətimə məktəb sayılan media orqanlarında çalışmaq düşüb.
Bu sahədə olduğuma görə peşman olmamışam və olmaram. Çünki bu sahəni öz istəyimlə seçmişəm. Və məncə, bacardığım işlə məşğulam”.
ANS TV-nin “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu: “Azərbaycan Memarlıq və İnşaat Universitetinin sanitariya texnologiyaları fakültəsini bitirmişəm. Jurnalistikaya adi qaydada, normal gəlmişəm. Müharibə dövrü olduğunu nəzərə alsaq, elə müharibədən birbaşa jurnalistikaya gəldim. Həmin dövrdə müharibə idi, onda jurnalistikayla bağlı heç bir maraq yox idi. Əsas məqsəd Azərbaycana xidmət etmək idi. Əslinə qalsa, mən düşünmürdüm, jurnalist ola bilərəm. Ona görə ki biz vətənə xidmət eləməklə məşğul idik, başqa heç nə. Amma jurnalistikaya gəldiyimə görə qətiyyən heç bir peşmançılıq hissi yoxdur”.
“Gün.az” saytının əməkdaşı Araz Zeynalovun peşmanlıq sözü nə lüğətində, nə də praktikasında var: “Bakı Slavyan Universitetinin rus dili fakültəsini (filologiya) bitirmişəm. İxtisasım pedaqoji-tərcümədir. Öz ixtisasım üzrə işləməmişəm. Sonuncu dövlət imtahanından cəmi bir neçə gün sonra həqiqi hərbi xidmətə getdim.
Hələ 1993-cü ildə, II kursda oxuyarkən tələbə yoldaşım, dostum Nəsib İsmayılovun qurduğu “Kadr-1” qəzetində jurnalist kimi debüt etdim. Təəssüf ki, həmin qəzetin fəaliyyəti uzunmüddətli olmadı. 1998-ci ilin aprelindən onun təsis etdiyi “Bu gün” qəzetində fəaliyyətə başladım. O zamandan müəyyən qısa fasilələrlə jurnalistikadayam. Artıq jurnalistikaya münasibətimin nisbətən dəyişməsinə baxmayaraq, bu sferanı hələ ki özüm üçün bütün mənalarda daha komfort hesab edirəm.
“Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu seçiminin doğru olduğunu düşünür:
“Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Heç vaxt filoloq kimi işləməmişəm. 1998-ci ildə “525-ci qəzet”də jurnalist kimi fəaliyyətə başlamışam. 14 ildir ki, ancaq bu sahəylə məşğulam. Jurnalistikaya gəlişimi təsadüfi hesab etmirəm. Qardaşım Hikmət Sabiroğlu da jurnalistdir. Mən jurnalistikaya gəlməmişdən əvvəl Azərbaycanın bütün tanınmış yazarları ilə demək olar ki, tanış idim. Onların çoxu ilə yaxın idim, söhbət eləmişdim. Yəni jurnalistikaya həmin adamlarla tanış olub, bu sənəti qardaşımda görüb, bilib, sevib gəlmişəm. Yox, qətiyyən peşmançılıq hissi yoxdur. Çünki inanmıram ki, filoloq olsaydım jurnalistikadakı az-çox uğurumu orada qazana bilərdim. Nə qazanmışamsa, bu sahədə qazanmışam. Hesab edirəm ki, mənim seçimim doğru olub”.