Qeyri-ixtisaslı jurnalistlər: “İxtisasım jurnalist olmasa da, anam məni jurnalistika üçün doğub” – RUBRİKA

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.

 “Teleqraf.com” saytının redaktoru Zahid Nurəliyev jurnalistikanı istəməyinə baxmayaraq, iki dəfə tarix fakültəsinə qəbul olub:

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə işləməmişəm. Vaxtilə türkiyəli jurnalist İrfan Sapmaz Bakıda “Avrasiya” adlı qəzetin baş redaktoru idi. Həmin qəzet “Açıq qapı” kampaniyası elan etmişdi. Jurnalistika ilə maraqlananları işə dəvət edirdi. Mən də bir yazı təqdim etdim. O, zaman “Avrasiya” qəzetində yaradıcılıq məsələlərinə tanınmış jurnalist, millət vəkili Sahib Alıyev baxırdı. Sahib müəllim həmin yazını bəyənmişdi. Düzdür, iradları da oldu. Ondan sonra (1998-ci ilin fevralından) orada işləməyə başladım. Həmin ilin yayında isə ADPU-nun tarix fakültəsinə qəbul olundum.

Əslində mən iki dəfə tələbə olmuşam. Birinci dəfə, 1992-ci ildə BDU-nun tarix fakültəsinə daxil oldum. Ancaq birinci kursdan sonra təhsilimi davam etdirə bilmədim. Sonra 4 ilə yaxın hərbi xidmətdə oldum və yenə də tarix fakültəsinə daxil oldum. Amma nə birinci, nə də ikinci dəfə tarix fakültəsini istəyirdim. Mən jurnalistikanın məzunu olmaq istəyirdim. Sadəcə, hər iki halda belə alındı.

Mətbuata “Avrasiya” qəzeti ilə gəldim. O vaxtdan bu günə qədər fasiləsiz olaraq, müxtəlif qəzetlərdə işləmişəm. 2000-ci illərin əvvələrində indikindən fərqli olaraq, qəzet bolluğu vardı. Düzdür, indi də qeydiyyatdan keçən xeyli qəzet var, ancaq çoxu fəaliyyətsizdir. Amma o vaxt seçim imkanı daha çox idi. İkinci iş yerim Anar Yusifoğlu ilə “Azadlıq” radiosunun əməkdaşı Natiq Zeynalovun bir müddət birgə çıxardıqları “Carçı” qəzeti oldu. Sonradan bu adla İTV-də xəbər proqramı efirə çıxdı və indi də davam edir. Amma o qəzetin ömrü çox az oldu. 1998-ci ilin prezident seçkiləri ilə bağlı bir layihə idi. O zaman müxalifət seçkiyə getmədi, o səbəbdən həmin qəzetin aqibəti də acınacaqlı oldu. Üç aydan sonra bağlandı. Sonradan “Bu gün”, “Reytinq”, “Hürriyyət”, “Politika”, “Yeni zaman”, “Mərkəz”, “Ölkə” qəzetlərində çalışmışam.  2012-ci ildən Teleqraf.com-un redakoruyam.

Bu sahədə olduğuma görə çox razıyam və təbii ki, heç bir peşmançılıq hissi yoxdur. Özümü başqa hansısa sahədə təsəvvür etmirəm. Bu 16 il çox çətin keçib. Aylarla maaş almadığımız vaxtlar olub. Yaxud aldığımız maaş çox az olub. Amma nədənsə başqa işlə məşğul olmaq barədə düşünməmişəm”.

İctimai Televiziyanın “Ötən əsrin nəğmələri” verilişinin aparıcısı Könül Arifqızı:“Bakı Musiqi Akademiyasını fortepiano sinfi üzrə bitirmişəm. Əlbəttə, öz ixtisasım üzrə işləmişəm. 5-6 il Sumqayıt Musiqi Texnikumunda fortepiano sinfi üzrə ixtisas müəllimi işləmişəm. 
Jurnalistikaya təsadüfən gəlmişəm. Böyük bir hadisə baş verməyib. Sadəcə qardaşımın məsləhəti ilə İTV-yə gəldim. Orada da mənə təklif etdilər ki, İTV-də işə başlayım. Jurnalistikada olduğuma görə peşman deyiləm, razıyam”.

Jurnalist Ramilə Qurbanlı: “İxtisasca rus dili müəlliməsiyəm. Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirmişəm. Rus dili müəllimi kimi bir il işləmişəm. İki illik təyinatımın bir ilini işlədim, ikinci il sadəcə məktəbdə adım getdi, özüm artıq “Ədəbiyyat qəzeti”ndə işləyirdim. Qəzetə dəvət etdilər. Çünki orda yazılarım çap olunurdu. Dəvəti sevə-sevə qəbul edib, təyinatımı da yarımçıq qoyub mətbuata gəldim. Mətbuata, jurnalistikaya marağım o vaxta qədər də vardı, amma orda işləyəcəyim ağlıma gəlməzdi, yerimə düşdüm. Məktəb kimi passiv mühitdən aktiv həyata gəldim. Müəllimlik müqəddəs sənətdir, onları çox sevirəm, amma mənim yerim  jurnalistikadır. 
Qətiyyən peşman deyiləm. Şadam ki, mətbuatdayam. Mən işimi sevirəm, sevmədiyim, olduğuma peşman olduğum yerdə sadəcə yoxam”.

 “Həftə içi” qəzetinin redaktoru Elxan Salahov düşünür ki, o məhz jurnalist olmaq üçün dünyaya gəlib: “Mənim ixtisasım ədəbi yaradıcılıq və ekran dramaturgiyasıdır. Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası televiziya verilişləri, bütövlükdə ekran əsərləri üçün ssenarist və ədəbi işçi yetişdirir. Bu ixtisas elə jurnalistikanın bir istiqamətidir.

Jurnalistikaya gəlişim birinci kursa təsadüf edir. 1997-ci ildə “Hürriyət” qəzetində yazılarım dərc olunurdu. İlk dəfə qonararımı da oradan almışam. İkinci kursda isə “Təhsil” qəzetində işləməyə başladım. “Təhsil” qəzeti o zaman təhsil sahəsində yeganə qəzet idi. Həmin qəzetdə təhsil problemləri, təhsil sahəsindəki vəziyyətlə bağlı yazılar, müzakirələr olurdu. İlk maaşımı (o vaxtkı pulla 10 “şirvan”) da “Təhsil” qəzetindən almışam

Sonra “Panorama”, “Bizim əsr” qəzetlərində, “Lent.az” saytında işləmişəm.  Bundan başqa “Lider” televiziyası üçün informasiya, xəbər xarakterli materiallarım da olub. 2011-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəis müavini olmuşam. Sonra görmüşəm ki, jurnalistika üçün darıxıram, mediada özümü daha sərbəst, daha rahat hiss edirəm. Jurnalistika mənim sevdiyim, seçdiyim peşədir. Buna görə “Azərsu” mətbuat xidmətinin rəis müavini vəzifəsindən öz ərizəmlə çıxıb təzədən yazılı mətbuata (“Həftə içi” qəzetinə) qayıtmışam. Mətbuat xidməti özü də jurnalistikadır. Ancaq mən yazılı mətbuata- fəal, aktiv jurnalistikaya qayıtmışam.

İndi “Həftə içi” qəzetində redaktor işləyirəm. Jurnalistika mənim həyatımın çox vacib bir tərkib hissəsidir. Mən özümü bu sahədən kənarda təsəvvür eləməmişəm. Anam məni dünyaya gətirəndə jurnalistika üçün doğub. Burada olduğuma görə razıyam. Allahımdan çox çox razıyam ki, həyatda öz karyeramı qurmağımda mənə düzgün yol göstərib. Özümü jurnalistikada tapmışam, tanımışam, kəşf eləmişəm. Bu kəşfin bəhrəsini də Allah mənə verir.

Jurnalistikanın özündə narazı olduğum məqamlar da var. Bizim jurnalistikamız bu cür olmalı deyil. Azərbaycan jurnalistikasının Avropa standartlarına uyğunlaşması, cəmiyyətdə baş verənlərə reaksiyası daha çevik olmalı, obyektiv, qərəzsiz, işlək, olmalıdır. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu yaxşı ənənələr qoyub gedib. Biz o ənənələri müasir səviyyəyə qaldırmalı, inkişaf etdirməliyik. Kadr patensialımız, iqtisadi inkişafımız da var. Amma cəmiyyətin özündə buna bir qədər soyuq, laqeyd münasibət var. Jurnalistikaya rəhbərlik edən kapitanların özlərinin də günahı var. Mən media kapitanları deyəndə təkcə hansısa qəzetin, saytın baş redaktorlarını nəzərdə tutmuram. Həm də jurnalistika fəaliyyətini tənzimləyən, jurnalistika yönümlü qeyri-hökümət təşkilatlarını nəzərdə tuturam. Onlar jurnalistikanın inkişaf istiqamətlərini nəzərə almalı, araşdırmalıdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO