Qarabağı unudan dj-lər

“Karabakhinfo.com” beynəlxalq elektron jurnalının Cəlil Məmmədquluzadənin məşhur “Axund ilə keşişin vəzi” felyetonunu ictimailəşdirməsi lap yerinə düşdü. Analoji olaraq düşündüm ki, düz 100 il sonra – XXI əsrdə biz nə qədər dəyişmişik.

Təbii ki, geyimimiz dəyişib, evlərimizin forması dəyişib, avtomobillərimiz maşallah… göz qabağındadır. Bəs məzmunumuz?! Mübarizə metodlarımız, daxilə və xaricə hesablanmış informasiya mübarizəmiz?!

İndi xalqlar özünütanıtma və özünüqoruma prinsiplərini məlumatlılıq bazası üzərində formalaşdırırlar. Başqa sözlə, məlumatlılıq onların əlində ən kəskin silaha çevrilib.  Kimlərisə fiziki baxmdan məhv edib çağdaş dünyada “barbar” adına sahiblənmədən, barıt qoxusunu ciyərlərə hopdurmadan, sadəcə Allahın bəxş etdiyi “SÖZ”ün hüdudlarında aparırlar mübarizələrini. İndi buna kifayət qədər imkanlar da var. Klassik media nümunələri, elektron media vasitələri, nəhayət hamını qabaqlayan internet mediası, eləcə də internet üzərindən digər yazışmalar və təbii ki, həm də sosial media.

Ölkəmizin Qarabağ miqyasda vazkeçilməz problemi var. Onun həlli istiqamətində apardığımız çabalar dövlətimizin sərhədlərini çoxdan adlayıb. Problemin düyününün açılması üçün belə demək mümkünsə, bütün dünya bu barədə məlumatlandırılıb. Haqqın, tarixin kimin yanında olmasına inananlar da var, inanmayanlar da. Ümid edək ki, Avropada, ABŞ-da, Rusiyada… buna inananların sayı inanmayanlardan daha çoxdur. Sonuncuların böyük əksəriyyətinin əllərində səlahiyyətlər olmasa da.

…Müasir texnololi imkanlar bir andaca bütün dünyanı vahid kənd halına gətirməyə qadirdir. XXI əsrin başlanğıcında biz də məhz “informasiya əsri”nə qədəm qoyduğumuzu elan etmişik. Amma bu informasiya imkanlarını hara və nəyə xərcləyirik? Yadımıza bir daha “Axund ilə keşişin vəzi”nı salmağa məcburam. Ürəyimiz bulansa da bu bizimçün yaşanılmış bir tarixdi. Kaş tarix olub elə tarixin o qatlarında qalaydı…

Bir neçə gün öncə uzaq yola – rayona səfərə çıxmağımla əlaqədar yolboyu Qarabağ adlı savaşa cəlb olunub torpaqlarının 20 faizini itirən Azərbaycanda fəaliyyət göstərən radioları dinləməyə məhkum olundum. Doğrudan da məhkum olundum. Çünki mən tək deyildim. Ətrafımda xeyli cavanlar vardı. Onların hamısına hörmətsizlik edib radionu söndürtdürə bilməzdim. Radio dalğalarımızda hazırlanan proqramlar o qədər bəsit xarakter daşıyırdı ki, onların daimi dinləyiciləri olmamağınla yalnız fəxr edə bilərdin.

Təbii ki, biz dj-lərdən Qarabağı alıb bizə vermələrini tələb edə bilmərik. Amma onlardan tamaşaçıya ünvanlanan sualları Qarabağ həqiqətləri üzərində qurmalarını tələb etməyə haqqımız çatar axı. Bir dəfə müharibəyə aid sual-cavab qoya bilərlər, bir dəfə Qarabağın tarixinə, bir dəfə Qarabağın kəndlərinə, bir dəfə bu ərazidəki toponimlərə. Daha doğrusu bir neçə dəfə bu mövzulara müraciət etmək olmazmı?! Axı bu radioların geniş tamaşaçı auditoriyası var! Nəzərə alaq ki, onları həm də Qarabağı görməyən gənc nəsil dinləyir…

…Bir-birini təkrar edən radiolarımızsa yolboyu müğənnilərimizin “həyat və yaradıcılığı”na dair suallarla tamaşaçını bezdirməkdə davam elədilər. Elə bir “ton və taktika”da  ki, sanki Albert Eynşteynin, Viktor Hüqonun, Markesin, Lev Tolstoyun, Boyl Mariotun, Arximedin və s. həyat və yaradıcılığını araşdırırdılar.

Sizcə, nə qədər dəyişmişik, əziz oxucular?!   

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO